Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən torpaqlarımızı düşmən tapdağından azad edən Milli Ordumuzun igid əsgərləri hər gün qəhrəmanlıqları və qələbələri ilə şanlı tariximizin qızıl hərflərlə yeni səhifəsini yazırlar.

Azərbaycan xalqı bu günlər öz Ordusu ilə, öz Prezidenti, Ali Baş Komandanı ilə üzvü bir vəhdəti dünyaya nümayiş etdirməkdədir. “Hər kəs və hər nə Qələbə üçün!” arxa cəbhənin əsas şüarına çevrilib. Əməli və mənəvi dəstəyi ilə hər bir Azərbaycan vətəndaşı Ordumuza yardımını etməkdədir.

Hər bir vətənpərvər kimi alimlərimiz də Ordumuza öz dəstəyini göstərməkdədirlər.

Bu şanlı günlərdə Azərbaycan alimləri də doğma Ordumuza öz yardımlarını əsirgəmirlər. Azərbaycanın görkəmli alimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, professor Maisə Rəhimova  Vətən torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna şəxsi vəsaiti hesabına 1 000 (min) Azərbaycan manatı məbləğində ianə köçürmüşdür.