Ötən il iki əcnəbinin ölkədə istismarı müəyyən edilib. Bu faktların hər ikisi məhkəmələr tərəfindən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Bakıxəbər.az xəbər verir ki, bu sözləri İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov Milli Məclisdə hesabat çıxışı zamanı deyib. V.Eyvazov bildirilib ki, ölkədə olma və ya yaşama qaydalarını pozan 20285 əcnəbi məsuliyyətə cəlb edilib, 6330 nəfəri deportasiya edilib.

“Uşaq əməyinin istismarının qarşısını almaq məqsədilə aparılan işlər nəticəsində 570 uşaq müəyyən edilib. Onlar arasında insan alveri və ya məcburi əməyin qurbanı olması aşkar edilməyib. Buna uyğun 450 material icra hakimiyyəti orqanlarına araşdırılması üçün göndərilib.

220 valideyn barəsində inzibati təhbeh tədbirləri görülüb.

Ötən il ərzində 146 məcburi əmək cinayəti, insan alveri məqsədilə qanunsuz hərəkətlərlə bağlı 26 fakt aşkarlanıb, 8 cinayət qrup zərərsizləşdirilib”.

Hesabata münasibət bildirən millət vəkili Zahid Oruc isə deyib ki, insan alveri qurbanlarını təşkil edənlər cəzalandırılır, bu halların sayını azaltmaq üçün bilərəkdən insan alveri qurbanı olanların da cəzası sərtləşdirilməlidir. O bildirib ki, son 10 il ərzində ölkəmizdə bu sahədə nəzərəçarpan dəyişiklik olub.

“Bir vaxtlar şadlıq evləri, avtobuslarda konduktor kimi fəaliyyət göstərən uşaqlarla bağlı qaldırdığımız məsələlər həllini tapıb. İnsan alveri ilə mübarizənin əsas yollarından biri İran və Gürcüstanla sərhəd bölgələrimizdə, Bakıda hava limanında diqqəti artırmaqdır. Əmək miqrasiyası, həm də başqa istismar sahələrində faktların sayı azalıb. Lakin bəzi azərbaycanlılar Rusiyada hər hansı müəssisə yaradır, orada bizim insanları işlədir, pasportlarını əllərindən alırlar. Dövlət bu sferada mühüm tədbirlər həyata keçirdiyindən bu halların sayında azalma müşahidə edilir”.

Millət vəkili Fəzail Ağamalı isə bildirib ki, Azərbaycanda təhlükəsizliyin qorunub saxlanılmasında Daxili İşlər Nazirliyinin xüsusi rolu var. İnsan alverinə qarşı mübarizə istiqamətində də böyük nəticələrə nail olunur. Onun sözlərinə görə, Azərbaycanda son illər turizm geniş miqyas alır:

“Bu, çox yaxşı haldır, ölkəmizə turistlərin gəlməsi ilə gəlirlərimiz artır. Ancaq biz mənəviyyatımıza zidd olan halları da görürük. Azərbaycana turist sifəti ilə gələnlər içərisində bəzən kifayət qədər mədəni, əxlaqlı şəxslərlə yanaşı, bu və ya digər ölkənin tör-töküntüləri də gəlirlər. Hesab edirəm ki, bu cür insanlara qarsı qanunvericilkdə müəyyən addımlar atılmalıdır. Həmin insanlar ölkəmizdən deportasiya edilməlidir”.

Deputat deyib ki, bəzi saytlarda seksual xarakterli preparatların reklamı aparılır:

“Həmin saytlara daxil olan zaman biabırçı mənzərə ortaya çıxır. Hesab edirəm ki, bununla bağlı “Reklam haqqında” qanuna da dəyişiklik edilməlidir”.

Millət vəkili Siyavuş Novruzov da çıxışında Azərbaycandakı ictimai siyasi vəziyyəti ölkəmizi insan alveri qurbanlarının sayının azalması sahəsində nümunəvi ölkəyə çevirdiyini deyib.

Millət vəkili bildirib ki, Avropa və digər ölkələrdə insan alverinin faizi Azərbaycandan çoxdur.

“Onlar bir sıra vasitələrdən istifadə edərək insan alveri qurbanlarını müxtəlif işlərə cəlb edirlər. Miqrasiya etmiş insanları konslagerlərdə saxlayır, çörəyi tikanlı məftillər üzərindən atırlar. Sonra da başqa ölkələrə demokratiya və seçki hüququ baxımdan dərs verməyə çalışırlar. Ölkədə turistlərin sayının artdığı bir vaxtda insan alveri sahəsində də artım olmalı idi. Lakin hüquq- mühafizə orqanlarının apardığı işin nəticəsində faiz artmaq əvəzinə azalır. Bu da işin düzgün qurulduğundan xəbər verir. Bizi əhatə edən ölkələr də insan alverinin bazasına çevrilir. Hər dəfə batırılan gəmilərdə 10 mindən artıq insan itkin düşür, onların əksəriyyəti uşaqdır. Dəfələrlə həmin şəxslərin daxili orqanlarının satılması ilə bağlı filmlər göstərilir. Bu bəşəriyyətdə ən ağır cinayətlərdəndir”.

S.Novruzov Avropada Azərbaycana qarşı çıxış edən bir qrup insanların ekstradisiya olunub, ölkə qanunları, hüquq mühafizə orqanları qarşısında cavab verməsini təklif edib.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun hesabatı qəbul edilib.