“Azərbaycan müasir və ənənəvi dəyərlərə malik bir ölkədir”.

Bunu “Report”un Qərbi Avropa bürosuna açıqlamasında Fransanın Kle-Soyi şəhərinin meri İv Albarello bildirib.

“Mən deputat olarkən Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü idim. Bu baxımdan, bir parlamentari kimi Azərbaycana dördgünlük səfər etmişdim. Həmin zaman möhtəşəm ölkə, eyni zamanda gözəl və səmimi xalq kəşf etdim. Azərbaycanın da həm müasirlik, həm də ənənəvi dəyərlərinə malik bir ölkə olduğunu müşahidə etdim. Müasirliyə nümunə möhtəşəm arxitekturaya malik Heydər Əliyev Mərkəzi, ənənəviliyə nümunə isə orta əsrlərə məxsus abidələrdir. Həmin tarixi abidələr də xüsusi qayğı ilə qorunaraq saxlanılır. Mənə Azərbaycanı sevdirən isə insanları oldu. Bu səfərdən sonra Azərbaycanı daha yaxından öyrənməyə və müxtəlif ictimai-mədəni tədbirlərin həyata keçirilməsinə çalışıram”.

İ.Albarello Kle-Soyi şəhəri ilə Azərbaycan şəhərlərindən birinin qardaşlaşması istiqamətində işlər gördüyünü də deyib: “Fransada Azərbaycanın Dostları Assosiasiyasının Kle-Soyi şəhərində Azərbaycanla bağlı konsert proqramının keçirilməsi təklifini düşünmədən qəbul etdim. Zalı tamamilə dolmaqla bərabər, konsert bitdikdən sonra iştirakçıların heyranlığı Azərbaycan mədəniyyətinin şəhərimizdə nə dərəcədə böyük maraqla qarşılandığını göstərdi. Hətta konsertdən sonra mənə yaxınlaşıb Azərbaycanı görmək istədiklərini deyənlər çox oldu. Eyni zamanda “Üçüncü nəsil” klubunun üzvlərinin Azərbaycana səyahətini təşkil etmək təklifi də irəli sürüldü. Ona görə də Azərbaycanla bağlı növbəti tədbir keçirilərkən daha böyük zal ayırılacağını düşünürəm. Hazırda Kle-Soyi şəhərinin Azərbaycan şəhərlərindən biri ilə qardaşlaşmasına çalışıram. Bu qardaşlıq iki insan arasındakı nikaha bənzəyir. Bir-birinə uzun zaman öyrənən insanların nikahı daha uzunömürlü olur. İnanıram ki, Fransa mətbuatında Azərbaycan haqqında çıxan bəzi mənfi yazıları belə layihələr həyata keçirməklə aradan qaldıracağıq”.