“Azərbaycanın Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində gördüyü işləri yüksək qiymətləndirirəm”.

Bunu “Report”un Fransa bürosuna açıqlamasında Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy bildirib.

Onun sözlərinə görə, Azərbaycanın böyük perspektivləri olduğu üçün bu istiqamətdə daha çox səy göstərməyinə ehtiyac var: “Azərbaycanda aparılan islahatların nəticələrini, ilk növbədə, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində müşahidə edirik. Bu il Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” Proqramına daxil olan ölkələr arasında əməkdaşlığın onuncu ildönümünə qədəm qoymuşuq. İndi Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamağa nail olub. Belə bir şəraitdə digər üç ölkə – Azərbaycan, Belarus və Ermənistan islahatlar aparmaqla irəliləyiş əldə edə bilər. Hətta Şengen ölkələrinə viza məhdudiyyətinin aradan qaldırılması mümkündür. Təbii ki, Azərbaycan bu mərhələdə böyük irəliləyişə nail olub və “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində daha geniş müzakirələrin aparılması mərhələsinə daxil olub. Bu mərhələ isə daha çox səy göstərilməsi ilə böyük uğurlara imza atmaq üçün perspektivlər vəd edir”.

E.Dupuy Prezident İlham Əliyevin bu il martın 16-da əfv ilə bağlı imzaladığı sərəncamına da toxunub: “Təbii ki, əfv ilə bağlı son sərəncamın 431 məhkuma şamil olunması Azərbaycanda islahatların aparılmasının nəticəsi və bariz nümunəsidir. Belə ki, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Əlbəttə, bəzi beynəlxalq təşkilatların siyahısında olan bir sıra məhbusların, o cümlədən keçmiş səhiyyə naziri Əli İnsanovun azadlığa buraxılması humanist addımdır. Bu, Prezident İlham Əliyevin xalqına həssaslıqla yanaşdığını, onların istəklərini nəzərə aldığını, lazımi addımlar atdığını göstərir. Hər halda Azərbaycanda həyata keçirilən islahatlarda xalqın iradəsi və beynəlxalq ictimaiyyətin istəkləri öz əksini tapır”.

Fransalı ekspert qeyd edib ki, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün irəliləyiş var: “İndiyədək münaqişənin həlli prespektivləri heç zaman bu qədər yaxın olmayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan da ötən ilin aprelində onu hakimiyyətə gətirmiş xalqının təzyiqləri altında “dondurulmuş münaqişə” statusuna son qoymaq niyyəti nümayiş etdirməklə problemin nizamlanmasına maraq göstərir. Bu səbəbdən silahlanmanın Dağlıq Qarabağ münaqişəsi üçün istifadə ediləcəyi ehtimalı olmasa da belə vəziyyəti bərabərləşdirmək baxımından əhəmiyyəti var. Onsuz da Azərbaycan və Ermənistan silahları eyni yerdən alır. Yalnız fərq Ermənistanın bu silahları Rusiyadan, demək olar ki, pulsuz almasıdır. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Bu gün Azərbaycan Rusiya ilə yanaşı, İsrail və Ukraynadan da silah alır. Azərbaycan öz ordusunu gücləndirməyə təkbaşına nail olub. Ötən ilin sentyabr ayında keçirilən müdafiə sərgisində Azərbaycanın Qərbin hərbi gəmilərinə də böyük maraq göstərdiyini müşahidə etdik”.

E.Dupuy Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq arenada apardığı siyasəti də uğurlu hesab edir: “Azərbaycan Prezidentinin beynəlxalq arenada ölkənin imicinin artması üçün yürütdüyü siyasət də uğurlu olub. Bu günədək bir çox sahələrdə uğurlu siyasət aparılıb. O cümlədən idman sahəsində. Məsələn, bir həftə sonra Bakıda “Formula 1″in dördüncü mərhələsi başlayacaq. Digər tərəfdən, Azərbaycan şirkətləri müxtəlif beynəlxalq idman yarışlarına sponsorluq edir. Xüsusilə SOCAR-ı qeyd etmək yerinə düşər”.

Fransalı ekspert vurğulayıb ki, Azərbaycan Prezidentinin şəhid ailələrinə verilən təqaüdlərin artırılması ilə bağlı fərmanı böyük əhəmiyyət daşıyır: “Əlbəttə, bu fərmanın sosial siyasət, vətəndaşların rifahı naminə atılmış addım kimi yüksək qiyməti var. Lakin şəhidlərə, hərbi qulluqçulara dövlət qayğısı və qiymət verilməsi böyük məna daşıyır. Unutmayaq ki, Azərbaycan torpaqlarının bir hissəsi qonşu dövlət tərəfindən işğal olunub. Bunu nəzərə alaraq Prezident İlham Əliyevin seçiciləri olan xalq içərisində sosial pakt yaratmaq vasitəsilə milli bütövlük, milli suverenlik kimi prinsiplərə bir daha müraciət etməsi böyük əhəmiyyət daşıyır”.