Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini raket atəşinə tutması nəticəsində baş vermiş çoxsaylı insan tələfatı və dağıntılarla bağlı
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın)
İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının Prezidenti və
Türkiyə Respublikasının Baş Ombudsmanı ilə birgə həyata keçirdiyi
faktaraşdırıcı missiyanın nəticələrinə dair bəyanat verib.

“Report” xəbər verir ki, bəyanatda deyilir:

30 ildən artıq bir müddətdir ki, Ermənistanın həyata keçirdiyi hərbi təcavüz nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlar da daxil olmaqla Azərbaycan ərasizinin 20 faizi işğal edilmiş, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti aparılmış, bir milyondan artıq insan öz doğma yerlərindən didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmişdir. Beləliklə də onların beynəlxalq hüquqi aktlarda və dövlətdaxili qanunvericilikdə təsbit olunmuş fundamental insan hüquqları kütləvi şəkildə pozulmuşdur.

Sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərə görə Ermənistan Respublikasına qarşı bu günə qədər heç bir beynəlxalq hüquqi sanksiya tətbiq edilməməsi onun mülki əhaliyə qarşı yeni müharibə cinayətləri törətməyə davam etməsinə imkan vermişdir.

2020-ci il 27 sentyabr tarixində saat 06:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini və sosial obyektləri müxtəlif növ iri çaplı və qadağan olunmuş silahlardan intensiv şəkildə atəşə tutmağa başlamışdır.
Ermənistan silahlı qüvvələri 04.10.2020-ci il tarixdə səhər saatlarında, 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində və 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində cəbhə bölgəsindən uzaqda yerləşən, Azərbaycan Respublikasının qədim tarixə malik ikinci böyük şəhəri olan, əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən qadağan olunmuş ballistik raketlərdən istifadə etməklə atəşə tutmuşdur.

04.10.2020-ci il gecə saat 23 radələrindən başlayaraq döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda olan və 100 mindən artıq əhalinin yaşadığı sənaye şəhəri Mingəçevirdə yerləşən və strateji baxımdan mühüm əhəmiyyət kəsb etməklə Cənubi Qafqaz regionunun ən böyük su anbarı və elektrik stansiyası da Ermənistan silahlı qüvvələri tərəfindən hədəf alınmış və ballistik raketlərdən istifadə edilməklə atəşə tutulmuşdur.

Ermənistanın son təcavüzkar aktları nəticəsində aralarında uşaqlar, qadınlar, əlilliyi olan şəxslər, ahıllar da olmaqla, 63 nəfər mülki şəxs həlak olmuş və 292 nəfər dinc sakin yaralanmışdır. Həlak olanlardan 8-i uşaq, 18-i qadın, yaralananlardan isə 32-i uşaq, 69-u qadındır. Çoxsaylı mülki infrastruktur obyektləri dağıdılmış, beləliklə də əhaliyə ağır maddi, mənəvi və fiziki ziyan vurulmuşdur.

Biz, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının idarə heyətinin üzvləri yuxarıda qeyd olunanları və 2020-ci il oktyabrın 22-də Gəncə şəhərinə səfər edərək Ermənistan silahlı qüvvələri tərəfindən qadağan edilmiş silahlardan istifadə olunmaqla mülki əhalinin atəşə tutulması nəticəsində baş vermiş insan təlafatı və dağıntılarla bağlı faktaraşdırıcı missiya zamanı toplanmış məlumatları əsas götürərək,

Azərbaycanın mülki əhalisinə qarşı müharibə cinayətləri və terror aktları törətməklə sülh və insanlıq əleyhinə yönəlmiş cinayətlərini davam etdirən Ermənistan Respublikası tərəfindən beynəlxalq hüququn norma və prinsipləri əsasında müdafiə olunan insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması faktını təsdiq edərək,

Ermənistan Respublikası tərəfindən etnik təmizləmə, soyqırımı, terrorçuluq və təcavüzkarlıq siyasətinin həyata keçirildiyinə, beynəlxalq və humanitar hüquq normalarının kobud şəkildə pozulduğuna görə hüquqi məsuliyyətin labüdlüyünü qeyd edərək,

BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların əsas vəzifələri sırasında universal sülhün möhkəmləndirilməsi istiqamətində qətiyyətli tədbirlərin görülməsinin, sülhün pozulmasına gətirib çıxara bilən münaqişələrin dinc vasitələrlə ədalətli şəkildə və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq nizamlanmasının vacibliyini vurğulayaraq,

BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin dərhal və tam icra olunmaqla Ermənistanın hərbi təcavüzünün aradan qaldırılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpası və bununla da regionda davamlı sülhün və təhlükəsizliyin təmininin vacibliyini qeyd edərək,

Gəncə və digər yaşayış məntəqələrində mülki əhalini hədəf alan Ermənistanın hərbi təxribatlarının fundamental insan hüquq və azadlıqlarının təmininə ən böyük təhlükə olduğunu bildirərək,

Azərbaycan və region üçün strateji baxımdan mühüm əhəmiyyət kəsb edən, Cənubi Qafqazın ən böyük su anbarı və elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərinin ballistik raket atəşinə tutulmasının ciddi ekoloji fəsadlar törədəcəyindən narahatlığımızı ifadə edərək,

İşğalçılıq siyasətini davam etdirən Ermənistan Respublikasını sülh və insanlıq əleyhinə cinayətlər törətməklə Azərbaycan Respublikasının mülki əhalisinin həyat və sağlamlığına, mülkiyyətinə qəsd edilməsinə, təkcə Azərbaycan deyil, region üçün də dərin ekoloji fəlakət riskinin yaranmasına, beləliklə də insanların fundamental hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına səbəb olan müharibə, terror və ekoloji cinayətlərə son qoymağa;

Beynəlxalq təşkilatları, dünya dövlətlərini, xarici ölkələrdə fəaliyyət göstərən Ombudsman təsisatlarını və digər milli insan hüquqları təsisatlarını ədalətli mövqe nümayiş etdirməklə susmamağa;

Dünya ictimaiyyətini sabitliyə, sülhyaratma proseslərinə dəstək verməyə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqların tezliklə, qeyd-şərtiz və dinc yolla azad edilməsi ilə bağlı qətiyyətli addımlar atmağa və işğalçı Ermənistanla bağlı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən təcili tədbirlərin görülməsini tələb etməyə çağırırıq”.

Rəşad Vaqifoğlu