Fransada etirazçılar – “sarı jiletlilər” ölkə hökumətinə qarşı 25 tələb irəli sürüblər.

Bu barədə Bakıxəbər.az Rusiya KİV-inə istinadən xəbər verir.

Etirazçılar islahatlar və vergiqoyma üçün ümumxalq məclis yaratmağı, vətəndaşın vəziyyətindən asılı olaraq 25%-dən yüksək vergini ləğv etməyi, minimal əmək haqqı, pensiya və yaşayış minimumunu 40% qaldırmağı, dövlət infrastrukturun fəaliyyəti üçün yeni iş yerlərinin yaradılmasını, 5 milyon vahid əlyetən mənzilin tikintisinə başlamağı, bank monopoliyasını azaltmağı, daxili borcu silməyi, xalqın tamhakimliyi üçün konstitusiyanı yenidən yazmağı, eləcə də məhkum olunmuş şəxslərin seçkili vəzifə tutmasına ömürlük qadağa qoymağı tələb edirlər.

Bunlarla yanaşı, aksiyaçılar Fransanın Avropa İttifaqı ndan çıxmasını, böyük şirkətlərin vergilərdən yayınmasına son qoyulmasını, özəlləşdirməni dayandırmanı və özəlləşdirilmiş əmlakı dövlətə qaytarmağı, yollardan radar və kameraları yığışdırmağı, təhsildən ideologiyanı çıxarmağı, KİV-də monopoliyaya son qoymağı, vətəndaş azadlıqlarını təmin etməyi, ətraf mühiti çirkləndirən bağlamaların istehsalını və istifadəsini qadağan etməyi, genetik modifikasiya edilmiş orqanizmlərin qadağan olunmasını, NATO-dan çıxmağı, Afrika ölkələrinin işlərinə siyasi müdaxiləni və miqrant axınını dayandırmağı tələb edirlər.

Xatırladaq ki, bu gün axşam Fransa Prezidenti Emmanuel Makron müraciətlə çıxış edəcək. Onun maliyyə və digər problemlərin həllinə yönəlmiş bir sıra tədbirlər barədə məlumat verəcəyi planlaşdırılır.