ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə Qəzza zolağında onlarla fələstinlinin ölümünə səbəb olan etiraz aksiyaları arasında heç bir əlaqə yoxdur.

Bakıxəbər.az xəbər verir ki, bu sözləri İsrailin Qüds İşləri üzrə naziri Zeev Elkin deyib.

“İsraillə sərhəddə iğtişaşlar bir aydan artıqdır davam edir. İğtişaşlar Qəzza sektorundakı problemli vəziyyətə görə başladılıb. Fələstin lideri Mahmud Abbasın Qəzza zolağına köçürdüyü maliyyə azaldıqda HƏMAS özünü təcrid olunmuş hiss etdi. Bu andan etibarən də iğtişaşlar başladı”, – nazir bildirib.

O əlavə edib ki, ABŞ-ın diplomatik missiyasının Qüdsə köçürülməsi münaqişənin səbəbi deyil, yalnız intensivləşdirilməsi üçün əlavə bəhanə olub. HƏMAS-ı isə ABŞ-ın fəaliyyətləri deyil, istənilən vasitədən istifadə edərək İsraildəki sabitliyi pozmaq maraqlandırır.

“HƏMAS-ın sözçüsü ötən gün ölənlərin 40-nın təşkilatın aktivistləri olduğunu söylədi. Bu, hər şeyin necə səhnələşdirildiyini və HƏMAS rəhbərliyinin beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək və izolyasiyasını yarmaq üçün bundan necə istifadə etdiyini göstərir”, – Elkin əlavə edib.

Xatırladaq ki, Qəzza zolağında baş verən qanlı hadisələr zamanı 61 fələstinli öldürülüb, 2700 nəfər isə yaralanıb.