“Ermənistanın baş naziri Nikol Paşinyan yaxın zamanda hökumətdə yeniləmə aparmaq niyyətində olsa da, pat vəziyyətindədir”.

“Report” xəbər verir ki, bu barədə Ermənistanda çıxan “İrates” qəzeti məqalə yazıb.

“Ermənistanın baş naziri Nikol Paşinyan yaxın zamanda hökumətdə yeniləmə aparmaq niyyətində olsa da – “kadrı haradan götürməli” kimi həll edilməyən dilemması ilə qarşılaşıb? Onun kadrlarının coğrafiyası elə əhatəli deyil. Onun komandası diletantlardan və bacarıqsızlardan ibarət olduqlarını sübut ediblər. Ona görə də parlamentdəki qüvvələrə kart-blanş vermək istəməyən Nikol Paşinyan özgələrin kadr ehtiyatından istifadə etməlidir”, – qəzet yazıb.

Qeyd edək ki, Ermənistanın polis rəisi (daxili işlər naziri) və milli təhlükəsizlik xidmətinin direktoru vəzifələri vakant qalıb. Qəzet bildirib ki, Paşinyan xidmətə başçı təyin edərkən Rusiyanın gözünə baxmalıdır: “Bundan başqa, Rusiya çoxdandır Ermənistan Milli Təhlükəsizlik Şurası katibi dəyişdirilməsi ilə bağlı şərt irəli sürüb. Ona görə də xidmətin başına elə adam gətirilməlidir ki, “Matuşka (Ana – red) – Rusiya”nın qəzəbinə tuş gəlməsin. Eyni zamanda Rusiya baş nazirinin birinci müavini onun ürəyinə yatacaq adam olmasını istəyir. Paşinyan pat vəziyyətindədir. Hakimiyyətdə olmasının bir ili tamam olur. Ona etimadsızlıq göstərilə bilər”.

Xatırladaq ki, Ermənistanın polis rəisi Valeri Osipyan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan sentyabrda istefa verib. Ermənistan Təhlükəsizlik Şurasının katibi isə Armen Qriqoryandır. O, 1983-cü ildə Azərbaycanın indi işğal altında olan Dağlıq Qarabağ bölgəsində anadan olub. O, müxalifətdə olarkən Rusiyaya qarşı çıxışları ilə seçilib. Baş nazirin birinci müavini isə Tiqran Avinyandır. O, 1989-cu ildə Ermənistanda anadan olub.