Azərbaycan Respublikasında əhalinin şirin su ehtiyatları əsasən Kür və Araz çaylarının hesabına ödənilir. Hər iki çay öz mənbəyini Türkiyədən götürür, Gürcüstan və Ermənistan ərazilərindən keçərək Azərbaycan ərazisindən Xəzər dənizinə tökülür. Bu ölkələrin ərazilərində çay suları xeyli miqdarda sənaye və məişət tullantıları ilə çirklənir. İllərlə davam edən bu proseslər nəticəsində Kür və Araz çaylarının sahilyanı və dib çöküntüləri kimyəvi və radioaktiv tullantılarla çirklənməyə məruz qalmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Monitorinq Departamentinin məlumatına əsasən Meğri, Qaçaran, Qafan və Dəstəkert dağ-mədən kombinatlarının yüz min tonlarla qatı turş suları, ağır metal duzları və başqa tullantıları Arazın qolu olan Oxçuçaya axıdılır. Ayrı-ayrı vaxtlarda suyun tərkibində misin miqdarı normadan 25-50 dəfə, fenolların miqdarı isə mütəmadi olaraq normadan 6-15 dəfə artıq olmuşdur. Son 40 il ərzində Salyan ərazisində Kür çayı suyunun minerallığı 3 dəfədən çox artaraq 1020 mq/1 olmuşdur. Bu dövr ərzində Araz çayının Saatlı məntəqəsində suyun minerallaşması 400 mq/l-dən 1300 mq/l-ə qədər artmışdır. Metsomor AES-in fəaliyyəti nəticəsində hər sutka ərzində Araz çayına 12-16 min m3 radioaktiv tullantı axıdılır. Bu isə çayın suyunun Azərbaycan ərazisində həm içməli, həm də suvarma mənbəyi kimi istifadəsini təhlükə altına salır.

 

 

 

 

Sevil MƏMMƏDLi

Azərbaycan Respublikasında əhalinin şirin su ehtiyatları əsasən Kür və Araz çaylarının hesabına ödənilir. Hər iki çay öz mənbəyini Türkiyədən götürür, Gürcüstan və Ermənistan ərazilərindən keçərək Azərbaycan ərazisindən Xəzər dənizinə tökülür. Bu ölkələrin ərazilərində çay suları xeyli miqdarda sənaye və məişət tullantıları ilə çirklənir. İllərlə davam edən bu proseslər nəticəsində Kür və Araz çaylarının sahilyanı və dib çöküntüləri kimyəvi və radioaktiv tullantılarla çirklənməyə məruz qalmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Monitorinq Departamentinin məlumatına əsasən Meğri, Qaçaran, Qafan və Dəstəkert dağ-mədən kombinatlarının yüz min tonlarla qatı turş suları, ağır metal duzları və başqa tullantıları Arazın qolu olan Oxçuçaya axıdılır. Ayrı-ayrı vaxtlarda suyun tərkibində misin miqdarı normadan 25-50 dəfə, fenolların miqdarı isə mütəmadi olaraq normadan 6-15 dəfə artıq olmuşdur. Son 40 il ərzində Salyan ərazisində Kür çayı suyunun minerallığı 3 dəfədən çox artaraq 1020 mq/1 olmuşdur. Bu dövr ərzində Araz çayının Saatlı məntəqəsində suyun minerallaşması 400 mq/l-dən 1300 mq/l-ə qədər artmışdır. Metsomor AES-in fəaliyyəti nəticəsində hər sutka ərzində Araz çayına 12-16 min m3 radioaktiv tullantı axıdılır. Bu isə çayın suyunun Azərbaycan ərazisində həm içməli, həm də suvarma mənbəyi kimi istifadəsini təhlükə altına salır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev bu barədə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirə zamanı demişdir: “Bizim üçün əsas təhlükə ondan ibarətdir ki, bizi su ilə təchiz edən əsas çaylarımız mənbəyini qonşu ölkələrdən götürür və xüsusilə Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur. Bu da bizim hamımız üçün təhlükədir. Çayın çirklənməsinin dayandırılması ilə bağlı etdiyimiz bütün müraciətlərimizə baxmayaraq, əfsuslar olsun ki, Ermənistan bu siyasəti davam etdirir”.
Əhalinin sağlamlığı üçün başqa bir təhlükə mənbəyi təbii fəlakətlərin törədə biləcəyi fəsadlar ola bilir. Bu ərazilərdə yaşayan əhali üçün digər çirklənmə mənbəyi təbii fəlakət – daşqınlardır. Məlumdur ki, 2010-cu ilin may ayında Kür və Araz çaylarında baş vermiş daşqınlar zamanı bu hövzə yaxınlıqlarında yerləşən minlərlə hektar torpaq sahələri sel axıntıları altında qalmışdır. O zaman bir neçə ay bu ərazilər çayların suları altında qaldı. Coğrafi cəhətdən daha çökək olan ərazilərdə (İmişli, Saatlı, Sabirabad) qarışmış hər iki çayın suları ətraf ərazilərdə həm yaşayış məskənlərinə, həm də kənd təsərrüfatı məqsədi üçün istifadə olunan torpaqlara yayılmışdı. Belə olan halda lilin tərkibindəki çirkləndiricilər (ağır metallar və radionuklidlər) asanlıqla torpaqdan kənd təsərrüfatı bitkilərinə miqrasiya edə bilirlər. Nəzərə alsaq ki, bəzi kənd təsərrüfatı bitkilərinin torpaqdakı ağır metal və radionuklidləri toplama qabiliyyəti çox yüksəkdir. Belə ərazilərdə hazırda kənd təsərrüfatı məhsulları yetişdirilir və əhalinin ərzaq təhlükəsizliyi problemi hazırda da aktualdır. Araz çayı boyu yerləşən kəndlərin əhalisinin istifadə etdikləri yeganə su mənbəyi bu çayın suyu və artezian quyularının sularından ibarətdir. Ətraf mühitin təbii və antropogen çirklənmələrinin artması son nəticədə bu ərazidə canlı orqanizmlərin genofonduna öz mənfi təsirini göstərir. Məlumdur ki, orqanizmlərə antropogen təzyiqin artması son nəticə kimi genetik xəstəliklərin yaranmasına səbəb olur. Ağır metallar və radionuklidlər asanlıqla torpaqdan bitkiyə və heyvan orqanizminə daxil ola bilir və bu yolla qida zəncirinə daxil olur.
AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşları tərəfindən 2015-ci ildə beynəlxalq layihə çərçivəsində (UETM) təbii fəlakət nəticəsində daşqınlara məruz qalmış və əkin üçün istifadə olunan İmişli və Saatlı rayonunun ərazilərində yetişdirilən və əhali tərəfindən istifadə olunan kənd təsərrüfatı bitkiləri ekogenetik tədqiq olunmuşdur. Tədqiqatların nəticəsində Araz boyu yerləşən bəzi kəndlərdə (Qaravəlli, Bəcirəvan, Qaralar, 32-lər və s.) torpağın və suyun fiziki-kimyəvi analizləri aparılmışdır. Bu analizlərin nəticəsində torpaq və bəzi kənd təsərrüfatı bitkilərində çirklənmə dərəcəsi müəyyən olunmuşdur. Tədqiqatların aparıldığı bəzi kəndlərdə yerli əhali ilə söhbətlərdən məlum olmuşdur ki, bu kəndlərdə son illər bir çox xəstəliklərin, o cümlədən mədə-bağırsaq, ürək-damar, xərçəng və s. xəstəliklərin artması müşahidə olunur. Bu baxımdan Araz çayının suyunun həm suvarma, həm də içməli su kimi istifadə olunmasının əhalinin sağlamlığına təsirinin araşdırılması, statisti məlumatların toplanılıb analiz olunması və müvafiq mübarizə tədbirlərinin aparılması bu günün aktual problemi hesab oluna bilər. Məlumdur ki, bəzi toksikantların təsirinin genetik nəticəsi bir neçə nəsil sonra aşkarlanır. Bu baxımdan bizə düşmən olan bir ölkənin Araz çayını müxtəlif mənşəli toksikantlarla çirkləndirməyi davam etdirməsi təəccüblü deyil. Bu məlumatları AMEA-nın alimləri ilə müzakirə etmiş və bu nəticəyə gəlmişlər ki, bu işlər davam etdirilməli, uzunmüddətli tədqiqatlar aparılmalı və əhalinin sağlamlığının qorunması məsələləri ön plana çəkilməlidir.
Tədqiqatlar zamanı Araz çayının suyundan, dib çöküntülərindən, qrunt sularından, əkin sahələrindən, bitkilərdən nümunələr götürərək çirklənmə dərəcəsi tədqiq olunmuşdur. Qrunt sularında və həyətyanı quyularda Fe, Mn və Mo-nun olması normadan artıq olduğu müəyyən edilmişdir. Əhalinin həyətyanı sahələrində istifadə etdiyi əksər quyu sularında molibdenin miqdarı normadan 50-100 dəfə çoxdur. Suda molibdenin çox olması orqanizmdə metabolizm proseslərinin pozulmasına səbəb olur. Bununla yanaşı, əkin sahələrində və otlaqlarda torpağın çirklənmə dərəcəsi araşdırılmışdır. Burada əkilən bitkilərin morfoloji və fizioloji parametrləri öyrənilmişdir.
Bu baxımdan Araz çayının suyunun həm suvarma, həm də içməli su kimi istifadə olunmasının əhalinin sağlamlığına təsirinin araşdırılması və statistik məlumatların toplanılıb analiz olunması və müvafiq mübarizə tədbirlərinin aparılması bu günün aktual bir problemi hesab oluna bilər. Hazırda mətbuatda Araz çayının Ermənistan tərəfindən çirklənməyə məruz qalması barədə İran İslam Respublikasında da ekoloqlar tərəfindən informasiyalar yayılmaqdadır. İran parlamentində Araz çayının Ermənistan tərəfindən çirklənməsi ilə bağlı çıxışlar olub. Qeyd olunmuşdur ki, Ərdəbil vilayətinin Muğan bölgəsində əhali arasında xərçəng xəstəliyinin artmasının səbəbi Ermənistan ərazisində Araz çayının çirklənməyə məruz qalmasıdır. Ermənistanın çaya radioaktiv tullantılar ataraq ekologiyaya böyük ziyan vurduğu da məruzədə qeyd olunmuşdur. Araz çayı boyu İran əraziləri münbit torpaqlardır və burada kənd təsərrüfatı inkişaf etmişdir. Yerli fermerlər suvarma suyu kimi Araz çayından istifadə edirlər. Ermənistan tərəfindən çay suyunun toksiki maddələrlə çirklənməsi məhsuldarlığın azalması ilə yanaşı, əhali arasında müxtəlif xəstəliklərin də artmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, eyni durum Azərbaycan ərazisində də mövcuddur. Bizim də İranla bütün sərhədboyu ərazilərdə əkin sahələrimiz Araz çayının suyu ilə suvarılır.
Mənfur düşmən uzun illər boyu Azərbaycan xalqını ekoloji terrora məruz qoymuşdur. Aparılan tədqiqatların nəticələri onu deməyə əsas verir ki, Ermənistan ərazisində Araz çayının davamlı çirklənməsi son nəticədə sahilyanı yaşayış məntəqələrində yaşayan əhalinin sağlamlığına ciddi təsir göstərə bilər.
44 gün davam edən ikinci Qarabağ müharibəsi nəticəsində Araz çayı ətrafında yerləşən digər yaşayış məntəqələrimiz işğaldan azad olunmuşdur. Burada da geniş əkinəyararlı ərazilərimiz mövcuddur. Bu ərazilər Ermənistan sərhədinə daha yaxın olduğu üçün suyun və torpaqların çirklənmə dərəcəsi daha yüksək olması mütləqdir və geniş tədqiq olunmalıdır. Araz boyu işğaldan azad olunan Füzuli və Cəbrayıl şəhərlərinin kəndləri minalardan təmizləndikdən sonra bu ərazilərdə də ekoloji tədqiqatların aparılması vacibdir. Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində düşmən fəaliyyətini nəzərə alsaq Azərbaycan ərazisində Araz çayının suyunun tərkibinin daimi olaraq nəzarətdə saxlanılması, zəruri hallarda sutəmizləmə qurğularının istifadəsi bu gün daha da aktualdır.

Sevil MƏMMƏDLİ,
Mahir FƏRƏCOV,
AMEA Radiasiya Problemləri İnstitutunun elmi əməkdaşları.