Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan qaçqınları adından dünya siyasətçilərinə müraciət etdi.

“Yeni Gündəm” xəbər verir ki, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin liderlərinə, beynəlxalq təşkilatların rəhbərlərinə, dünya siyasətçilərinə 1988-1991-ci illərdə Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlar adından Müraciət ünvanlayıb.

Müraciətdə Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə qısa baxışdan sonra deyilir:

“1988-1991-ci illərdə indiki Ermənistanda 300-ə yaxın yaşayış məntəqəsində yaşayan 49.928 ailədə 300 min nəfər dinc azərbaycanlı əhali ermənilər tərəfindən qəddarlıqla qovulmuş, həmin vaxt 226 nəfər azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, 400 nəfərdən çox insan bədən xəsarəti almışdır. Kəndlərdə azərbaycanlılara məx­sus on minlərlə şəxsi ev, 170 mədəniy­yət evi, 274 məktəb binası, 119 kitabxana, yüzlərlə uşaq bağçası, həkim məntəqəsi, minlərlə avtomaşın, kənd təsərrüfatı texnikası, min hektarlarla əkin sahələri, meyvə və üzüm bağları ermənilər tərəfindən qəsb edilmiş, yüzlərlə məscid binaları, ziyarətgahlar, 600-ə yaxın qəbiristanlıq dağıdılmışdır. O vaxt bütün bunlar dünyanın gözü qarşısında baş verdi və bütün dünya bu vəhşiliyə, Ermənistandakı bu etnik təmizləməyə biganə qaldı. Məhz dünyanın bu biganəliyi üzündən Ermənistan daha da quduzlaşdı və az sonra xarici havadarlarının köməyi ilə Azərbaycan Respublikasının BMT tərəfindən tanınan ərazilərinin 20 faizini işğal etdi. Daha 800 min nəfərə yaxın soydaşımız öz evlərindən, kəndlərindən qovuldu, azərbaycanlı qaçqınların sayı 1 milyon nəfəri keçdi. Amma dünya ölkələri yenə susdu, separatçını, işğalçını, terrorçunu müdafiə etdi, əslində, bu hərəkətləri ilə işğalçı Ermənistanın bütün cinayətlərinin iştirakçısına çevrildi.

Həmin Ermənistanpərəst dövlətlər ATƏT-in Minsk Qrupu adı ilə ikiüzlü siyasət yeridərək Ermənistanın Azərbaycan torpaqlarını işğalının ömrünü daha 30 il uzatmağa nail oldular. Bu 30 ildə Azərbaycan öz ərazilərinin sülh yolu ilə azad olunması üçün, Ermənistan və onun havadarları, ATƏT-in Minsk Qrupu, onun həmsədrləri isə bu işğalın ömrünün uzanması üçün əllərindən gələni etdilər.

Nəhayət, bu gün Azərbaycan öz suveren ərazilərini işğaldan azad etmək üçün hərb yolunu seçmək məcburiyyətində qaldı və bu gün Azərbaycan ordusu öz suveren torpaqlarını qarış-qarış işğaldan azad edir.

Lakin təəssüf ki, 32 il əvvəl 300 min nəfər azərbaycanlının Ermənistandan, 30 il əvvəl 800 min nəfər azərbaycanlının dağlıq və aran Qarabağdan vəhşicəsinə qovulmasına, Azərbaycan torpaqlarının 30 il Ermənistanın işğalı altında qalmasına biganəlik göstərən dövlətlər utanmadan bu gün 100 min “Qarabağ ermənisinin” hüquqlarının müdafiəsinə qalxır, işğalçı, terrorçu, faşist Ermənistan dövlətini silahlandırır, dinc azərbaycanlı əhalinin qətlinə səbəb olur, bununla ermənilərlə bir sırada özlərini də Azərbaycan xalqının qatilinə çevirirlər”.

Müraciətin sonunda Əziz Ələkbərli dövlət başçılarını, beynəlxalq təşkilatların rəhbərlərini, siyasətçiləri ədalətin yanında olmağa, Azərbaycanın haqq işini müdafiə etməyə, o cümlədən 1988-1991-ci illərdə Ermənistandan qovulmuş 300 min nəfər azərbaycanlı qaçqının geriyə – Ermənistandakı ata-baba torpaqlarına qaytarılmasına kömək etməyə çağırıb.

“Gündəm Media Group”