Ermənistanda dövlət büdcəsindən pulun və bir sıra hüquq-mühafizə orqanları əməkdaşları üçün nəzərdə tutulmuş mükafat pullarının mənimsənilməsi üzrə respublika polisinin əməkdaşlarına qarşı cinayət işi başa çatıb.

Bu barədə “Report” “Azatutyun” radiosuna istinadən məlumat verir.

Xüsusi İstintaq Xidmətinin məlumatına görə, ittihamlara əsasən, Ermənistan polisinin Post-Patrul Xidməti İdarəsinin Armavir şöbəsinin rəisi X.A. bu bölmənin mühasibi Q.A. ilə birlikdə iki il ərzində dövlət büdcəsinə köçürülən hesablardan pul mənimsəyib. Hazırlanmış sxemə əsasən, mükafatlardan və ya əmək haqqından gəlir vergisi ödənilməyib. Bu yolla gizlədilmiş pullar tabelikdə olan polislərin hesablarına köçürülüb, onlar isə pulu hesabdan çıxardıqdan sonra onu rəisə veriblər.

Nəticədə Ermənistan polisinin PPX İdarəsinin Armavir şöbəsinin rəisi X.A. və mühasib Q.A., təxminən, 54 milyon dram (110 min ABŞ dolları) mənimsəyiblər.

Bununla yanaşı, qurum rəhbərliyinin xəbəri olmadan bu mühasib həmin dövrdə ona əmanət edilən 15,3 milyon dramı (təxminən 31,1 min ABŞ dolları) mənimsəyib. Onlara qarşı ittiham irəli sürülüb.

İstintaq zamanı şöbə rəisi büdcəyə 10 milyon dram (20,3 min dollar) qaytarıb.

Artıq istintaq başa çatıb, iş məhkəməyə təqdim edilməsi üçün prokurorluğa göndərilib.