Ermənistan polisi parlamentin binası qarşısında təkbaşına etiraz aksiyası keçirən hüquq müdafiəçisi Ruben Melikyanı tutub.

“Report” “Aysor”a istinadən xəbər verir ki, asayiş keşikçiləri onun qanunun tələblərinə əməl etmədiyi üçün saxlanıldığını bildiriblər.

Onlar Melikyandan piketi dayandırmasını tələb ediblər. Polisdən vurğulanıb ki, ölkədə koronavirusa qarşı mübarizə çərçivəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib: “Bu məhdudlaşdırıcı rejimdə aksiya keçirmək qadağandır”.

Ruben Melikyan hakimiyyətdən vətəndaşların dinc aksiya keçirməsinin təmin olunmasını tələb edib: “Artıq 4 aydır vətəndaşlar bu hüquqdan məhrum edilib”.

Onun etiraz aksiyasına Ermənistanın birinci ombudsmanı Larisa Allaverdyan daxil olmaqla başqa hüquq müdafiəçiləri də qoşulub.

Qeyd edək ki, Ermənistanda koronavirus pandemiyasına görə fövqəladə vəziyyət rejimi iyulun 13-dək üçüncü dəfə uzadılıb.