Rusiyanın “ermənistan” adlı hərbi bazasının ermənilərdən ibarət xidmət personalı kəskinləşən ABŞ-Rusiya və ABŞ-İran qarşıdurmasından çox narahatdır. Xüsusilə, erməniləri Gürcüstanın mövcud durumda mövqeyi məyus edir. Məsələn, lragir.am saytının analitik Naira Ayrumyan ermənilərin narahatlığını və durumdan çıxış yollarını göstərən məqaləsi yayılıb. Burada əsas məsələ erməni xarici işlər naziri Zoqrab Mnasakanyan 24-25 iyulda Gürcüstanda rəsmi səfəri ilə bağlıdır.

N.Ayrumyan gürcü cəmiyyətinə xitabən yazır ki, rəsmi Tbilisi gərək ermənilərin rəsmi Tehranla birgə İran qazının Gürcüstana nəqli layihəsini dəstəkləsin. Bununla da Gürcüstan Azərbaycandan olan qaz asılılığından canını qurtara bilər. Erməni analitiki həmçinin, Qərb ölkələrinin və gürcülərin xristian tərəfkeşliyinə, dini hisslərinə müraciət edir. Məqalədə ermənilərin Keşikçidağdakı problemin Azərbaycanla Gürcüstan arasında hərbi toqquşmaya çevrilməsi arzusu aşkar hiss edilir.

Ermən analitiki yazır, Z.Mnasakanyan iyulun 11-i Batumidə olub. O, “Şərq tərəfdaşlığı”nın 10 illiyi münasibətilə nazirlərin görüşündə Gürcüstan rəsmiləri ilə görüşə bilib. Ancaq, görünür, daha ətraflı müzakirəyə ehtiyac var.

Məqalə müəllifi hesab edir ki, müzakirə mövzularından biri regionda qaz siyasətinə aid ola bilər. Ermənistan İranla danışıqlara başladığını elan etməklə qaz sektorundakı status-kvonu dəyişməyə çalışır. Bu, qazın qiymətini aşağı salmaq istəməyən, həmçinin regiona yeni oyunçuların daxil olmasına icazə verməyən Rusiyanın kompromissiz mövqeyi fonunda baş verir.

Status-kvo İran qazının Gürcüstana nəql edilməsinə imkan yaradan birgə Ermənistan-Gürcüstan layihəsi vasitəsilə dəyişdirilə bilər. Layihə regionda rus monopoliyasını hədəf alsa da, Tiflis aktiv addımlardan çəkinir, çünki bu, Azərbaycanın Gürcüstandakı qaz maraqlarına zərbə endirə bilər. Layihə Ermənistan və Gürcüstan vasitəsilə İran blokadasının yarılmasını istəməyən qüvvələrə də sərf etməyə bilər.

Ermənistan Gürcüstanı bu istiqamətdə fəaliyyətə keçməyə inandıra biləcəkmi? Belə olduğu təqdirdə, Tiflis üçün başqa mühüm məsələ də həll ediləcək.

Bu məsələ Gürcüstanın özünə strateji tərəfdaş hesab etdiyi Azərbaycandır. Erməni yazır ki, Keşikçidağ  monastırına görə Gürcüstan Azərbaycanla münaqişə vəziyyətindədir. Azərbaycan hələlik gürcü tərəfinin etirazlarını erməni qüvvələrinin ayağına yazmağa çalışsa da, aydındır ki, passiv münaqişə günlərin bir günü qızışa bilər. Nəticədə Gürcüstan belə bir halla üzləşə bilər: o da iqtisadi cəhətdən ən az Ermənistanın Rusiyadan asılılı olduğu kimi Azərbaycandan (və Türkiyədən) asılı olduğunu görə bilər. Və Gürcüstanın bu asılılıqdan qurtulması üçün Ermənistanın dəstəyi və İranla qaz layihəsi mane olmayacaq.

Daha sonar Naira Ayrumyan “xristian birliyindən” dəm vurur və xrisitan qardaşlığına çağırır. “Növbəti məsələ mürəkkəb regionda xristian birliyidir. Mnasakanyan bu yaxınlarda Vaşinqtondan qayıdıb. Nazir iyulun 18-i orada din azadlığı ilə bağlı mühüm beynəlxalq forumda iştirak edib. Tədbirdə Yaxın Şərqdə dini azlıqların, xüsusilə xristianların müdafiəsi haqqında bəyanatlar səsləndirilib. “Repressiv sistemdə təqiblərə məruz qalan dini azlığın nə demək olduğunu bilirik. Yaxın Şərqdə xristianlığın tarixi iştirakının yenidən bərpa olunması üçün Ermənistan bütün tərəflərlə əməkdaşlığa hazırdır”, – deyə nazir konfransdakı çıxışında bildirib.

Ermənistan və Gürcüstan xristian ölkəsidir. Və bu xalqlar dini təhlükə ilə üzləşəndə həmin amil həmişə birləşdirici rol oynayır. Kilsələrin mənsubluğu ilə bağlı mübahisələrə baxmayaraq, Ermənistan və Gürcüstanı hazırda sivil mövqedə əsas rol oynayan xristian dəyərlər birləşdirir” – deyə erməni analitiki gürcüləri müsəlman Azərbaycan və Türkiyəyə qarşı “xaçlı birliyinə” çağırır.

Sevda Elay (Əskərova)