Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əsrik Cırdaxan, Ağbulaq kəndlərində, Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində, Sisian rayonunun Arevis kəndində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ərəfsə kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Novruzlu və Mərzili kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.