Separatçı qurumun “keçmiş baş naziri” Araik Arutunyan Sərsəng su anbarı ilə bağlı 100 milyon dollarlıq layihənin start götürdüyünü bildirməsindən sonra, ərazidə tikinti-bərpa işləri başlayıb.

ERMƏNİLƏRİN YENİ TƏXRİBATI

Layihə keçmiş Ağdərə rayonu ərazisində yerləşən Sərsəng su anbarından işğal altındakı ərazilərə 4 su kanalının çəkilməsi yolu ilə 10 min hektar ərazinini suvarılmasını nəzərdə tutur. Arutunyan tikinti işlərinin 2,5 ilə yekunlaşacağını proqnozlaşdırıb.

Paralel olaraq, Sərsəng su anbarına 2 böyük və 2 kiçik su kanalının çəkilməsi, kanallar üzərində 5 hidoelektrik staniyasının inşası nəzərdə tutulur. Bu isə faktiki olaraq, Sərsəng su anbarını su ilə təmin edən Tərtər çayından Bərdə, Tərtər və Ağcabədi kimi cəbhəyə yaxın rayonlara su sərfiyyatının azalmasına, su kanallarının suvarma işlərində istifadəsinə ciddi problem yaradacaq.

Belə ki, 1976-cı ildə istifadəyə verilən Tərtər sağ sahil kanalı Tərtər, Ağdam, Bərdə rayonlarının, həmin il tikilən Tərtər sol sahil kanalı isə Tərtər və Goranboy rayonlarının ərazisində suvarma işləri üçün geniş istifadə olunur.

Suyun qarşısının kəsilməsi Azərbaycanın on minlərlə hektar torpaq sahəsinin susuz qalmasına, bölgədəki yüz minlərlə insanın yaşam şərtlərinin çətinləşməsinə və ekoloji böhrana yol aça bilər.

Təsadüfi deyil ki, istifadəyə verildiyi 43 il ərzində təmir olunmayan Sərsəng su anbarı region üçün təhlükə mənbəyi olub. Ermənilərin işğalda saxladığı su anbarını təmir etdirməməsi, Azərbaycanı sudan məhrum etməsi Avropa Şurası Parlament Assambleyasının diqqətindən də yayınmayıb. Beynəlxalq qurum 2017-ci ilin qış sessiyasında ermənilərin ciddi müqavimətinə baxmayaraq, “Azərbaycanın cəbhəyanı rayonların sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul etmişdi.

SƏRSƏNG SU ANBARI — ERMƏNİLƏRİN ŞANTAJ KARTI

Hələ 2014-cü ildə Sərsəng su anbarı ilə bağlı ciddi narahatedici proqnozlar verilmişdir. “Sərsəng su anbarında qəza olarsa, Fövqəladə Hallar Nazirliyi nə baş verəcəyini hesablayıb. Əgər işğal altındakı ərazidə yerləşən Sərsəng su anbarında qəza olarsa, 60-70 dəqiqəyə ən azı yarım metr hündürlükdə su axını 48 km kənarda yerləşən Bərdəyə çatacaq. Su yolu üzərindəki bütün canlı aləmi məhv edəcək”.

Bunu 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüqüq İnstitutunun baş elmi işçisi Ramiz Sevdimalıyev “Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“İşğal altında qalmış Sərsəng su anbarının Azərbaycan üçün təhdidlərinin beynəlxalq siyasi-hüquqi aspektləri mövzusunda” məruzə ilə çıxış edən R.Sevdımalıyev deyib ki, Sərsəng su anbarında qəza avadanlıqların istismar müddətinin başa çatması, iqlim dəyişikliyi ilə əlaqədar daşma və digər səbəblərdən baş verə bilər.

O, qeyd edib ki, Ermənistan su anbarlarından daim Azərbaycana qarşı kütləvi qırğın və vahimə vasitəsi kimi istifadə edir: “Bu yaxınlarda Azərbaycan təmas xəttində Ermənistan vertolyotunu vurmağa məcbur oldu. Ermənistan isə Mingəçevir su anbarını partlatmaqla hədələdi”.

Onun sözlərinə görə, işğala qədər həmin zonada 100 min hektara qədər torpaq suvarılırdı. İşğaldan sonra Azərbaycan bu imkanlarından yararlana bilmədi: “Tərtər, Bərdə, Yevlax, Ağdam, Goranboy rayonları Sərsəng su anbarından istifadə edilməklə torpaqların suvarılması imkanlarını itirdi. Ermənilər yayda, suya ehtiyac olanda Sərsəng su anbarından suyu vermir, qışda, ehtiyac olmayanda isə suyu buraxır. Nəticədə Tərtərçayda sel, daşqın yaranır”.

AMEA-nın baş elmi işçisi əlavə edib ki, hazırda yerli əhali əsasən artezian sularından istifadə edir. Lakin bu məsələdə də problemlər yaranmağa başlayıb: “Əvvəllər artezian quyularında su 25-30 metrdən çıxırdısa, indi 110 metrdən çıxır. Nəticədə torpağın strukturu dəyişir, bir çox bitkilər artıq bu torpaqlarda bitmir”.

R.Sevdimalıyev bildirib ki, Sərsəng su anbarı probleminin həlli ayrıca deyil, Azərbaycan torpaqlarının işğalı probleminin həlli kontekstində həll olunmalıdır.

TUTARLI CAVAB!

İnternet üzərindən erməni dığaları ilə mübahisələrdə işğalçılar rişxəndlə deyirdilər ki, “bu torpaqlar bizimdir, siz—azərbaycanlılar bu torpaqları azad edə bilməyəcəksiniz. Ona görə də Sərsəng su anbarını partladıb, Bərdəyə kimi ərazini və bu ərazidə azərbaycanlıları məhv etməyə ehtiyacımız yoxdur”.

Bizim indiyədək torpaqlarımızı tam azad etməməyimiz, əlbəttə düşmənə lovğalanmaq üçün şərait yaradır. Ola bilsin ki, nə zamansa, bizim güclü Ordumuz düşməndən torpaqlarımızı azad edəcək. Amma hələlik Sərsəng su anbarı ermənilərin əlində kütləvi qırğın silahı kimi Azərbaycanın başı üzərində asılmış Domokl qılıncıdır.

İndi isə, ermənilərin Sərsəng su anbarına 100 milyon dollarlıq sərmayə qarşılığında ətraf Azərbaycan rayonlarının suvarma sisteminin tükədilməsi planı aktivləşib. Aydındır ki, bu layihə və bu layihənin maliyyələşdirilməsi də Azərbaycan rəhbərliyinin başı üzərindən aparılıb. Əslində bu, ciddi siyasi təxribatdır. Torpaqlarımızı işğal etmiş erməni kolonistləri bütün dünyaya Azərbaycan rəhbərliyini heçə saymadığlarını nümayiş etdirirlər.

Bu, ciddi təxribatdır! Azərbaycan rəhbərliyi gərək bu təxribata yönəli beynəlxalq ictimaiyyəti və təşkilatları xəbərdar etməlidir. Yəni, günü sabah ermənilərin işğal etdiyi ərazilərdə qanunsuz irriqasiya işlərinin aparılmasını durdurmaq üçün Azərbaycan hərbi tədbirlərə əl atsa, bu, dünya üçün gözlənilməz olmamalıdır. “Biz xəbərdarlıq etmişdik!” – kimi bəyanatın arxasında həmin xəbərdarlıqlar durmalıdır.

Əgər biz onların bu təxribatını cavabsız qoysaq, artıq işğal edilmiş ərazilərimizə erməni işğalçıları digər çoxsaylı investorları dəvət edəcəklər. Hətta, bu layihəyə ermənilərin 100 milyon yatırım etməsi, onların əvvəlki qanunsuz tikintilərinə (elə Xocalı aeroportu kimi) rəsmi Bakının xəbərdarlıqlarının kəsərsizliyindən doğduğunu göstərir. Qısa desək, erməni dığası daha da qudurur!

İndi isə, erməni işğalçılarına və onları maliyyələşdirənlərə ciddi qulaqburması verilməlidir. İşğalçı ermənilərə maliyyə yatırımının səmərəsiz olmasını onları maliyyələşdirənlərə anladılmalıdır! Bunun yeganə yolu — həmin maliyyəyə tikilən bütün infrastrukturun məhv edilməsidir!

Elmimizin inkişafından, xalqımızın rifahından kəsilib götürülən pullar hesabına Ordumuz üçün alınan raket, artilleriya və hərbi təyyarə bombaları məhz erməni işğalçılarının aldığı yüz milyonlarla dollar hesabına tikilən infrastruktur üzərində yoxlanmalıdır. Daha bu qədər silahı nə üçün alırıq? Ermənilərin işğal edilmiş torpaqlara özləri üçün investisiya cəlb edilməsinə sükutla baxmaq üçün bu qədər silah alınır?

Digər tərəfdən, Azərbaycanın bölgədə söz sahibi olmadığını göstərən ermənilərin bu qanunsuz tikintiləri Ordumuzun əldə etdiyi silahların sınağı üçün ideal hədəflərdir! Bu qanunsuz tikililərə zərbə, alınan silahların və hərbçilərimizin bilik səviyyəsinin effektliyini, güclü və zəif tərəfləri göstərəcək! Dünyanın bir çox ölkəsinin ordularını və silahlarını yoxlamaq üçün belə hədəflərə və poliqona ehtiyacları olduğu zaman, bu cür hədəfləri Allah özü bizə qismət edib!

Erməni işğalçılarının xarici sərmayəyə inşa etdikləri infrastrukturun məhv edilməsi — Azərbaycan Dövlətinin və rəhbərliyinin bölgədə nə qədər sayılan və ciddi qüvvə olmasını göstərəcək! Düşmənin sərmayəsinə və sərmayəçilərinə zərbə — bütün dünyaya bölgədə söz sahibinin kim olduğunu göstərəcək!

Qarxunlu

“Millətçilik” qəzeti