Polşa Respublikasına rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov 1920-ci ildə Polşa Respublikası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınmasına həsr edilmiş xatirə lövhəsinin açılışı mərasimində iştirak edib. Tədbirdə həmçinin Polşa Respublikasının xarici işlər naziri Yaçek Çaputoviç də iştirak edib.

Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə çıxış edən nazir Elmar Məmmədyarov Azərbaycan və Polşa arasında tarixi əlaqələrin mövcud olduğunu qeyd edərək Azərbaycanın Polşadakı səfirliyinin araşdırmaları nəticəsində Polşa arxivlərindən iki ölkə arasındakı münasibətlərə həsr olunmuş maraqlı sənədlərin üzə çıxdığını bildirib. Bu xüsusda, nazir Elmar Məmmədyarov 1920-ci ilin 13 fevral tarixində Polşa xarici işlər naziri Stanislav Patekin Azərbaycan Hökumətinə teleqram ünvanlayaraq Polşanın Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanıdığını diqqətə çatdırıb. Həmçinin, 1918-ci ildə Polşa diplomatı Vaslav Ostrovskinin Polşanın Azərbaycandakı diplomatik nümayəndəsi təyin olunduğu qeyd edilib. Nazir Elmar Məmmədyarov 100 il bundan öncə Polşa diplomatlarının Azərbaycan üçün göstərdiyi fəaliyyəti yüksək dəyərləndirərək, iki ölkə arasındakı bağların bugün də güclü olduğunu və tərəflər arasında strateji əlaqələrin mövcudluğunu qeyd edib.

Öz növbəsində, Polşa xarici işlər naziri Yaçek Çaputoviç iki ölkə arasında münasibətlərin tarixi əhəmiyyətinə həsr edilmiş xatirə lövhəsinin açılışını yüksək qiymətləndirdi. Polşanın 100 il bundan öncə dövlətlərin suverenliyinin dəstəklənməsi istiqamətində fəal iş apardığını və bu siyasətin bugün də davam etdirildiyini qeyd edib. Polşalı mütəxəssislərin 20-ci əsr ərzində Azərbaycanın ictimai-siyasi həyatına verdiyi töhfəyə toxunan polşalı nazir Azərbaycanın neft hasilatı, Bakının arxitekturasının inkişafı və digər sahələri xüsusilə vurğulayıb.

Nazirlər Azərbaycan-Polşa münasibətlərinə dair ətraflı fikir mübadiləsini ikitərəfli görüşdə davam etdiriləcəyini vurğulayıblar.