Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviri Eldar Həsənov “Azərbaycan dövlətini beynəlxq miqyasda uğurla təmsil etdiyinə görə” “Xəzər” Milli Mükafatı ilə təltif edilib.

Dünən Bakı Biznes Mərkəzində baş tutan təqdimat mərasimində Milli Məclisin deputatları, yüksək rütbəli məmurlar, ictimai xadimlər, TV-lər və KİV-lər iştirak edib.

Tədbiri giriş sözü ilə açan tanınmış teleaparıcı Günay Malikqızı bildirib ki, Sosial Media Mərkəzi “Azərbaycan-Fransa Məzunları” İctimai Birliyi ilə birlikdə ənənəvi olaraq hər ilin yekununda öz fəaliyyəti ilə seçilən şəxsləri təltif edir və onlara mükafatlar təqdim edir.
Sosial Media Mərkəzinin (SMM) direktoru Azər Niftiyev bildirib ki, tədbirin keçirilməsində məqsəd ölkəmizin inkişafına öz tövhəsinə verən şəxsləri stimullaşdırmaq, onları bu istiqamətdə fəaliyyətə ruhlandırmaqdır: “Təltif olunanlar arasında millət vəkilləri, məmurlar, rektorlar, ictimaiyyət fəalları, TV və mətbuat orqanları, o cümlədən gənclər var”.

Daha sonra “Xəzər” Milli Mükafatı qaliblərə təqdim olunub. Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviri Eldar Həsənovun adından mükafatı Milli Məclisin sabiq deputatı Əlövsət Ağalarov qəbul edib.