“Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanla Rusiyanın münasibətləri bir qədər ziddiyyətli hala gəldi. Azərbaycanla münaqişəni kəskinləşdirməklə rəsmi Yerevan, bəlkə də, Rusiyanın onları, həqiqətən də, dəstəkləməyə hazır olub-olmadığını, yəni müttəfiqlik münasibətlərini sınaqdan keçirmək istəyib”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu fikirləri Rusiya Xalqlar Dostluğu Universitetinin baş müəllimi Kamran Həsənov Moskva şəhərində keçirilən “Ermənistanla Azərbaycan arasında gərginlik: yeni mərhələ, yoxsa közərən münaqişə?” adlı konfransda dilə gətirib.

“Rusiyanın marağı aydındır: sabitlik olsun, hər iki xalqla mehriban münasibətlər olsun. Mövcud vəziyyət münaqişə tərəflərindən yalnız birinə sərf edir və belə vəziyyət qaldıqca buna bənzər qarşıdurmalar yenə də olacaq”, – ekspert qeyd edib.