Son zamanlar Azərbaycanın ictimai-siyasi mühitində belə bir fikir var ki, guya Rusiya ilə Türkiyənin yaxınlaşması, “ermənistan” adlı rus müstəmləkəsində qərbyönlü qüvvələrin aktivləşməsi Kremlin işğal edilmiş Azərbaycan torpaqları məsələsində ermənipərəst mövqedən əl çəkməsinə gətirib çıxara bilər.

Bu cür fikiri, gündə on dəfə siyasi mövqeyini dəyişən, pul hərisliyinə bütün prinsiplərini qurban vermiş hansısa redaktor, jurnalist desə idi, anlamaq olardı. Çünki başı pul hərisliyinə qatılmış birisinin dünya siyasəti, gerçəklik barədə bilikləri dayazdır. Gerçək siyasi mənzərəni bilmək üçün dərin biliklər, geniş dünyagörüş, xarici dillərdən sərbəst istifadə lazımdır. Bizim bəzi populist yazarların isə, belə dərin ağılı və bilikləri yoxdur. Çünki populist özünüreklam və pul hərisliyi mövzu ilə məşğul olmağa vaxt vermir, üstəlik də bu cür populistlərin özünün intellekt səviyyəsizliyi…

Amma görəndə ki, bu cür fikiri ciddi politoloqlar deyir, artıq anlayırsan ki, bizim ciddi politoloqlarımız da, müəyyən səbəblərdən cəmiyyəti “qatığın qara olması”na inandırmağa çalışır.

RUSİYA DAİM ERMƏNİPƏRƏSTDİR

Rusiya 1-ci Pyotrdan başlayaraq erməniləri və erməni kilsəsini islam aləmində öz kəşfiyyatı kimi görürdü. Xeyr, ermənilər müttəfiq deyildi, onlar sadəcə “erməni dövlətciyinin” yaradılması müqabilində güclənməkdə olan xristian dövlətləri üçün cəsusluq və müasir terminologiya ilə desək, terrorçu xidməti yerinə yetirirdilər.

Ermənilərin islam dünyasında, Şərqdə nə qədər möhkəm bir şəbəkə olmasını bilərək Rusiya daim onların imkanlarından öz milli mənafeləri üçün yararlanmağa çalışırdı; istər çarizm dövründə, istər sovet, istərsə də müasir dövrdə.

İkinci bir tərəfdən, ağılı başında olan rus dövlət strateqləri anlayırdılar ki, Osmanlı imperiyasına qarşı ermənilərdən istifadə etdikləri kimi, Rusiya imperiyasının özünə qarşı da ermənilərdən istifadə edilməkdədir. Tarix də bunu göstərir: bir tərəfdən Səfəvi, Qacar və Osmanlıya qarşı Moskvanın xeyirinə təxribatlar aparan, Moskvaya öz sədaqətini daim bildirən ermənilər, digər tərəfdən hələ 19 əsr Rusiya imperiyasının dağılmasına çalışan, xarici  ölkə kəşfiyyatları ilə əməkdaşlıq edən “xalqçı”, bolşevik və eser terrorizmində ilk rolları oynayırdılar. Bununla da ermənilər rus imperializminə mesaj verirdilər ki, erməniləri qüvvə kimi qəbul etsin.

Sovet dövründə də Kreml ən böhran vaxtlarında, məsələn “Karib böhranında” ermənilərin kanalları ilə ABŞ rəhbərliyinə danışıqlar üçün yol tapmışdı. Moskva Suriya, Livan, Türkiyədəki terror və qanlı hadisələrə ermənilərin vasitəsilə təsir edirdi. Türkiyə və ümumilikdə Yaxın Şərqdə terror aktları üçün ASALA-nın və PKK-nın iştirakı ilə ermənilərdən ibarət təxribat dəstələrinin hazırlayan bazalar SSRİ ilə sıx əlaqəli idi. Amma eyni zamanda ermənilər Moskvada terror aktları da keçirirdilər. Çünki Qarabağı Azərbaycan SSR tərkibində saxladığına görə, Türkiyə ilə Kipr məsələsində yaxınlaşdığına görə və s. səbəblərə görə rus kommunist rəhbərlərinə güclərini nümayiş etdirirdilər.

Xüsusilə, SSRİ-nin dağılmasında da ermənilərin rolu az olmadı.  Onlar Qorbaçov və Reyqanın arasında bağlı qapılar arxasında gedən söhbətlər və bunun mümkün nəticələri barədə, bizdən fərqli, çox yaxşı məlumatlı idilər. Belə bir qüvvəni nəzarətdə saxlamaq istər Qorbaçov, istər Yelsin, istərsə də Putin Rusiyası üçün ümdə məsələlərdən biri idi və indi də ermənilər üzərində nəzarət məsələsi aktuallığını itirmir. Erməniləri əldən verməmək Rusiyanın əsas məqsədidir!

Rusiya anlayır ki, Azərbaycan torpaqları geri qayıtsa, artıq Rusiyada özünə yer etmiş erməni qüvvəsi bütünlüklə ABŞ CİA-sının rezidenturasına çevriləcək.

Ona görə də Rusiya heç bir zaman ermənipərəstliyindən əl çəkməyəcək: istər erməni qüvvəsi üzərində nəzarəti itirmək təhlükəsindən irəli gələrək, istər panxristiançılıq, panarianizm, istərsə də türkofobiya və islamofobiya amalına görə!

Beləliklə, Rusiyanın Azərbaycan torpaqları məsələsində yumşalmasına bel bağlamaq, ən azından sadəlöhvlükdür.

HAMI NECƏ BİZ DƏ ELƏ!

Rusiyanın əbədi ermənipərəstliyini əsas tutub, onunla münaqişəyə getmək ağılsızlıqdır. Azərbaycan kiçik dövlətdir, hələ də ermənilər, yəhudilər kimi formalaşmamış millət olaraq biz dünyanın 1/6 hissəsini ərazisi etmiş, ABŞ kimi superdövlətə meydan oxuyan Rusiya ilə konfrontasiyaya gedə bilmərik. Bu cür qarşıdurmaya getsək, bizə dəstək verən qüvvə lazım olacaq. Kim bizə dəstək vercək? Xristian ABŞ, İngiltərə, Fransa super dövlətləri?Ya Türkiyə?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu KİV-lərə açıqlamasında Rusiyanın AŞPA-ya qayıtması barədə qətnamə üzrə səsvermədə Azərbaycanın gərək Ukrayna, Polşa, Gürcüstan, Estoniya, Litva, Latviya və Böyük Britaniyanın yanında olub, etiraz etməsini dəstəkləyir. Amma E.Şahinoğlu kimi ciddi politoloqun özü də etiraf edir ki, hal-hazırda Rusiyada “Kremlə yaxın KİV-lər reportajlar təqdim edirlər ki, guya Türkiyə Gürcüstanı işğal edib, Acarıstanı ələ keçirib”.

“Acariyada elə adamlar tapıb danışdırırlar ki, guya Acariya əldən gedir, ticarət türklərin əlindədir, bozqurdlar gəlir və s. Rusiya ikiüzlü siyasətini ortaya qoyur. Türkiyə bu məsələlərə münasibət bildirməlidir. Nədənsə türk mediası laqeyddir. Aydın məsələdir ki, ikitərəfli əlaqələr inkişaf edir, Türkiyəyə rus turisti axını var, “S 400” alırlar. Lakin reaksiya da olmalıdır” – deyə E.Şahinoğlu bildirir. Bəs niyə elə Türkiyə KİV-ləri, hakimiyyəti Rusiyaya etiraz etmir?

Əgər Türkiyə hakim dairələri Kremlə etiraz etmək cürətində deyillərsə, Azərbaycanın “partizanlıq” edib Kreml ilə münasibətlərini kəskinləşdirməsi ağıllı hərəkət olacaqmı? Əgər Rusiyanın AŞPA-ya qayıtması qətnaməsinin səsverməsində Azərbaycan etiraz mövqeyi tutaraq Kreml ilə kəskinləşməyə getsə idi, Moskva-Bakı qarşıdurmasında Türkiyə bizi müdafiə edəcəkdimi? Ankara Rusiya ilə münasibətlərini korlamaq qorxusundan irəli gələrək, heç Rusiya KİV-lərindəki anti-Türkiyə kampaniyasına, gürcüləri Türkiyə ilə qorxutmaq və gürcülərə düşmən obrazı kimi “xristian pravoslav din qardaşı rusları” deyil, müsəlman türkləri görk etmək vay-şivəninə mövqe bildirmir, yəni, Ankara özünü müdafiə etməkdə acizdir.

Digər tərəfdən, AŞPA-da Rusiyanın xeyirinə 118 deputat səs verib, 62-si əleyhinə, 10-u bitərəf. Bu ölkələrə nəzər salaq: Fransa (16 üzvün hamısı), Almaniya (L.-11, ƏL.-2) İspaniya (5), İtaliya (L.-12, Ə.-1), Norveç (5), Avstriya (5), Slovakiya və Portuqaliya (hər ikisində L.- 3, ƏL.-1), Serbiya (5), Türkiyə (10), Azərbaycan (6). Biz hələ nümayəndə heyətlərində Rusiyanın xeyirinə səs vermiş Polşa, İngiltərə, İsveç, İsveçrə, Hollandiya, Çexiya, Moldovanın bəzi nümayəndələrini demirik!

Deməli, Azərbaycan nümayəndə heyəti, əgər hamılıqla Rusiyanın AŞPA-ya qayıtmasına səs verməsəydi, onda bu qətnamə layihəsi yenə də qəbul ediləcəkdi. Belə olduqda isə, Rusiya qarşısında Azərbaycan necə dayanacaqdı?!

Elə biz Rusiyaya dəstək verdik, amma Rusiya KİV-indən və ilk növbədə  TV-lərindən bizə qarşı nifrət, çirkab yağmaqda davam edir, rus gömrüyü tonlarla Azərbaycan kənd təsərrüfat malını Rusiyaya buraxmır, İrəvandakı rus səfiri Qarabağdakı erməni separatizmini dəstəkləyir vəs.

Əlbəttə, demək olardı ki, Azərbaycan öz müstəqil və prinsipial mövqeyini göstərmək üçün ümumiyyətlə səsvermədən yayına bilərdi. Amma bunun da nəticəsini bilmək olmur. İkincisi də, AŞPA nəisə bir ciddi, samballı, prinsipial qurumdur ki, onun səsverməsini taleyüklü qəbul edək?

Elə bu səsvermə ilə, Krımı işğal etdiyinə görə 2014-cü ildə Rusiyanı öz tərkibindən çıxarmış, sonra isə, pul-paraya görə, ucuz rus neft-qazına, yəni öz milli mənafelərinə görə Moskvanı yenə də öz tərkibinə qaytarmış AŞPA özünün nə qədər lazımsız, hörmətsiz, kəsərsiz, dəyərsiz, satqın, heç bir prinsipi olmayan pozğun bir qurum olduğunu isbatladı.

Bu qurumun tribunasından erməni işğalları barədə həqiqətləri bildirən və ədalət tələb edən bizim deputatlarımız, qatili gizlində müdafiə edən hakimdən ədalət diləyən sadəlöhv məsumlara bənzəyirlər.

İndi Ukrayna siyasiləri də bizim keçdiyimiz acı yolu keçirlər, vaxtilə biz kimi, simasız ikiüzlü avropalı siyasilərindən haqq-ədalət umurlar…

Heç olmasa, Ukraynaya anqlo-saksonlar sözdə də olsa dəstək vəd edir, Rusiyanı işğalçı adlandırırlar. Nə fransız-alman yedəyində olan AŞPA, nə də ABŞ-İngiltərə anqlo-saksonluğu bizə heç nəyi vəd etmirlər və qondarma “ermənistanı” da, onun arxasında duran Rusiyanı da  işğalçı adlandırmırlar. Çünki biz onların gözündə müsəlmanıq, türkük, xristian və ari dünyasından aşağı bir irqik!

 

Qarxunlu

“Millətçilik” qəzeti