Bu təşkilat ətrafında olduqca çox “qəsd nəzəriyyələri” var. Ən geniş yayılmış fikirlərə görə, bu təşkilat “dünya hökumətidir”, “qloballaşmanın təşəbbüskarıdır” və ABŞ hegemonluğunun mühərrikidir. Hər ilin iyun ayında dünyanın hər hansı bir ölkəsində klubun yığıncağı keçir. Bu ilin iyunun 7-10-da İtaliyanın Turin şəhərində Bilderberq klubunun növbəti 66-cı iclası keçirildi.

YALNIZ FAKTLAR

Bilderberq klubunun təşkilat forması (bəzən onu Bilderberq qrupu, bəzən Bilderberq konfransı da adlandırırlar) qeyri-rəsmi şəraitdə dünyanın siyasi, maliyyə-iqtisadi və jurnalist elitası nümayəndələrinin görüşünü ehtiva edir. Təşkilatın adı klubun ilk iclasının 1954-cü ilin mayında Hollandiyanın Osterbek şəhərində keçirildiyi hotelin adı bağlıdır. Klub üzvlərini həm də “bilderbergerlər” adlandırırlar. Konfranslar müxtəlif ölkələrdə keçirilir və qəbul edən ölkə təhlükəsizliyi öz üzərinə götürür. Klubun fəalları 383 nəfərdən ibarət olur ki, onun da üçdə biri amerikalılardır. 70-ci illərdən klubun işində az saylı tərkibdə cənubi-koreyalı, yaponiyalı, sinqapurlu nümayndələr də iştirak edirlər. Klub üzvləri daimi deyil, rotasiya aparılır.  Təşkilat komitəsi hər il milli və dünya səviyyəsində tanınan namizədləri seçir. Britannika ensiklopediyasına görə, bu cür seçim “daha yaxın tanışlıq və öhdəlik götürülmədən problemləri müzakirə etmək üçün nəzərdə tutulub”. Katiblik, yəni mənzil qərargah Nyu-Yorkda yerləşir.

TƏSİSÇİLƏR

Klubu amerikalı milyardçılar: Rokfeller, Karnegi və Ford tərəfindən yaradılmış dünyanın üç aparıcı maliyyə fondları təsis edib. Bu fondların Nizamnamələrində “dünya ölkələri arasında əməkdaşlığa yardım etmək” məqsədi qeyd edilmişdir.

“Xeyriyyəçi və mədəni imperializm” əsərinin müəllifi politoloq F. Ernouv`a görə, fondlar — elitanın “yumşaq qüvvəsidir”. “Onların qüvvəsi professional və intellektual parametrlərin təyinindədir, həyati ümdə mövzu və məsələlərin öyrənilməsində kimi dəstəkləyəcəklərinin müəyyən edilməsindədir. Ona görə də fondların hakimiyyəti onların maraqlı olduğu və dəstək verməyə hazır olduqları müəyyən fəaliyyət növlərinin təklif edilməsini ehtiva edir”.

AĞSAQQAL

Bilderberq klubunun əsas təssisçilərindən biri, ən qocaman və nüfuzlu üzvü 2017-ci ildə 101 yaşında vəfat etmiş Devid Rokfeller idi. O, “Standart Oyl” kompaniyasının təsisçisi və dünya tarixində ilk milyardçı Con Rokfellerin nəvəsi idi. O, bütün iclaslarda iştirak etmiş və dəvət olunnanların siyahısı tərtib edən klubun idarəçiləri komitəsində operativ işləri aparırdı. Klubun daha bir fəalı, 1995-2005-ci illərdə Dünya Bakının prezidenti olmuş Ceyms Vulfenson, “ağsaqqal” Rokfellerin rolu barədə bunları bildirmişdi: “Rokfellerlər ailəsi 100 il içində qloballaşmanın inkişafına nəhəng töhvə vermişdir. Rokfellerlər qədər qloballaşma məsələsində hansısa bir idgər ailənin daha nüfüzlü olmasını demək çətindir. Biz indiyədək qarşımızda duran məsələlər barədə onlara suallar ünvanlayırıq”.

İLKİN MƏQSƏDLƏR

Yarandığı gündən uzun bir müddət ərzində klubun əsas diqqət mərkəzində əks qütbdə mövcud olmuş SSRİ, Avropa inteqrasiyası və Avropa təhlükəsizlik sisteminin yaradılması ilə bağlı məslələr olmuşdu. Göründüyü kimi bütün bu poblemlər artıq həllini tapmışdır. Ən azından bilderbergerlərin Avropa inteqrasiyası və avronun yaradılması işində iştirakı inkar edilməzdir. Bunu 2001-ci ildə CİA-nın (Mərkəzi Kəşfiyyat İdarəsinin) açıqlanmış sənədlərindən görmək olar. Klubun təməlçilərindən biri olan Cozef Retinger ümumi bazarın yaradıcılarından və Avropa inteqrasiyasının memarlarından biri hesab edilir. Onun fikrinə görə, birləşmiş Avropanın əsas ideyası Avropa ölkələrinin öz suverenliyinin bir hissəsindən imtina etməsi idi. Təqribən 40 ildən sonra bu plan tam gerçəkləşdi.

QARŞIDAKI MƏQSƏDLƏR

2016-cı il üçün klubun əsas məqsədlərini Avropa Mərkəzi Bankının keçmiş sədri Jan-Klod Trişe formalaşdırmışdır. 2008-ci il böhranından sonra bir sıra çıxışlarında o bildirmişdir ki, indi əsas məsələ zərbələrə dözümlü olan qlobal maliyyə idarəsinin yaradılmasıdır. “… Mərkəzi bankların kooperasiyası, qlobal idarəçiliyi təkmilləşdirən daha geniş xətdir. … Bu böhran qlobal idarəetmə sisteminə tam inteqrasiyanın dərk edilməsinin vacibliyini vurğuladı”.

“QƏSD NƏZƏRİYYƏLƏRİ”

Klubun yığıncaqları maksimal məxfilikdə keçir. Jurnalistləri iclaslara dəvət etmirlər, yalnız qlobal KİV-lərin aparıcı redaktorları iştirak üçün ora dəvət alır. İclaslarda hər hansı formatda qeydiyyat, yazıya alma aparılmır. Bu isə bəzi konspiroloji nəzəriyyələrin yayranmasına səbəb olur.
Ən geniş yayılmış nəzəriyyələrə görə, Bilderberq klubu vasitəsilə Vaşinqton Avropanı nəzarət altında saxlayır. Həmçinin, belə bir fikir vardır ki, klub barədə layihə vaxtilə CİA tərəfindən hazırlanıb və 1954-cü ildə onun layihəsinə razılığı ABŞ prezidenti Duayt Eyzenhauer verib.

Amma bəzi məlumatlar dünya ictimaiyyətinə sızır.  2014-cü ildə yayılmış bir xəbərdə klubun iclasında güclənməkdə olan ölkələrin nümayəndələri ilə ənənvi üzv ölkə nümayəndləri arasında ciddi fikir ayrılığının olması bildirilirdi. Jurnalistlərin dayanmayan sorğuları qarşısında Rokfellerin mətbuat katibi The Guardian qəzetinə belə cavab verdi: “Heç bir fikir ayrılığı olmayıb. Mister Rokfellerin fikrincə, dünyada daim rasinal və irrasional fikir arasında mübarizə gedir. Rasional insanlar üstünlüyü qlobalizmə verirlər. İrrasional insanlar — millətçiliyə”.

Qeyd edə ki, 2015-ci ilədək Bilderberq klubunun işində az sayda da olsa, Rusiyadan liberal siyasətçilər, oliqarxlar dəvət alırdılar. 2015-ci ildən isə bu il Turindəki toplantı da daxil olmaqla klubun iclaslarına Rusiyadan heç kəs dəvət edilmir.

BU İLKİ TOPLANTI

Bu ilki 66-cı toplantıda ən tanınmış iştirakçılardan Henri Kissinceri, CİA-nın keçmiş başçısı Devid Petreusu, NATO-nun başçısı Yens Stoltenberqi, İngiltərə Bankının başçısı Mark Karnini, Hollandiyanın baş naziri Mark Rütteni, Almaniyanın müdafiə naziri Ursula fon der Lyayeni, Serbiyanın baş naziri Ana Brnabiçi göstərmək olar.

Toplantı ərəfəsi və günlərində italiyanın Turin şəhərini anti-qlobalistlərin etiraz mitinqləri titrədirdi. Ümumiyyətlə, etirazçılar daim klubun keçirildiyi şəhərlərə doluşur və təşkilatı dünyada varlıların ağalığını qurmaqda, müharibələri alovlandırmaqda, idarəedilən cəmiyyətlərin yaradılmasında, dövlətlərin müstəqilliyinin məhvində və d. cinayətlərdə ittiham edən sloqanlarla etiraz yürüşləri keçirirlər.

Jurnalistlərin marağını təmin etmək üçün klub təşkilatçıları son illərdə müzakirə ediləcək mövzuları əks etdirən qısa relizlər yayırlar. Məsələn, ötən il Şantilyi`də (ABŞ, Virciniya ştatı) keçirilmiş klubun yığıncağı barədə yayımlanmış relizdə “Avropada miqrasiya məsələsinin” müzakirə olunduğu vurğulanırdı. Bu il isə, görüş öncəsi yayılmış relizdə klubun müzakirəsinə “Avropada populizm”, “ABŞ-ın dünya ağalığı”, “qeyri-bərabərsizlik”, “məşğulluq”, “kvant kompüterləri”, “süni intellekt”, “ticarət azadlığı”, “müasir dünyada post-həqiqət”, Rusiyada, Səudiyyə Ərəbistanında və İranda durum və “cari məsələlər” müzakirə olunacağı göstərilirdi.

Politoloqların fikrincə bu cür geniş gündəlik ictimaiyyətin diqqətini yayındırmaq üçündür. Əsas məsələlər yalnız 2-3 mövzu olur və bəlkə də onlar heç press-relizdə göstərilmir.

Bəzi politoloqların fikrincə 1990-cı illərdən Bilderberg klubunun nüfuzu düşməkdədir. Birincisi, klubun bəzi hallarda məxfiliyi pozulub. Onun iclasları və müzakirələri barədə məlumatlar KİV-lərə sızır. İkincisi, XX əsrin sonundan etibarən maliyyə məsələləri aktuallaşıb; bilderbergerlərin əvvəllər müzakirə etdiyi məsələlərin bir hissəsini üzərinə götürmüş “beynəlxalq meydançalar” yaranmış və onların fəaliyyəti daha effektiv olmuşdur. Çünki “beynəlxalq meydançalar”a güclənməkdə olan ölkələrin nüfuz sahibləri dəvət edilirlər.

Sevda Elay Əsgərova

“Millətçilik” qəzeti