Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Millətimizin və Dövlətimizin mənafeləri üçün gündəmdə olan aktual mövzulara toxunudu. Xüsusi olaraq ölkə başçısının çıxışında ölkədə milli birliyə xidmət edən siyasi qüvvələr arasında dialoqun aparılması mövzusunu vurğulamalıyıq.

İSLAHATÇI KURS

Prezident bildirib ki, həm seçkilər, həm də seçkilərdən sonra keçən dövr, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar – bütün bunlar bizim mövcud siyasətimizin yeni mərhələsini əks etdirir

“Deyə bilərəm ki, həm altıncı çağırış Milli Məclis bu sahədə, əlbəttə, öz sözünü deyəcək, eyni zamanda, Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə ilkin rəy müsbətdir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır”. 

Dövlət başçısı qeyd edib ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz: “Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir. Ancaq yenə də marginallaşmış və bütün dayaqlarını tam itirmiş dərnək tipli qruplaşma bu görüşdən imtina etdi. İmtina edib, indi özü bilər. Hər halda, uduzan biz olmayacağıq. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, – biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, – onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır”.

Prezident bildirib ki, həm seçkilər, həm də seçkilərdən sonra keçən dövr, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar – bütün bunlar bizim mövcud siyasətimizin yeni mərhələsini əks etdirir: “Bu, bizim islahatçı kursumuzu əks etdirir”. 

YALNIZ BİR AMAL — MİLLƏTİMİN VƏTƏNİ!

Azərbaycan millətçiləri olaraq biz — bölgədə və dünyada gedən proseslər fonunda Azərbaycançılıq, Dövlətçilik, Millətsevərlik və Milli maraqların təmini kimi prinsiplər üzərində qurulmuş ideoloji qayəmizdən çıxış edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləməkdəyik.

Tarixi tale elə gətirmişdir ki, hal-hazırda yad millətlər tərəfindən idarə edilən bu dünyada vaxtilə qitə imperiyaları qurmuş əcdadlarımızın varisləri olaraq xalqımızın yeganə sərvəti — onun müstəqil Azərbaycan Respublikasına sahib olmasıdır. Çağdaş Azərbaycan xalqının nəsillərinin vəzifəsi — Dövlətimizi, onun müstəqilliyini qoruyub saxlamaq və işğal altında torpaqlarımızın azadlığı üçün həlledici məqama daim hazırlıq vəziyyətində olmaqdır.

Gerçək dünya konyukturu millətlərin yaşamaq uğrunda mübarizəsinin, anti-türk və anti-islam tendensiyalarının gücləndiyini və bu kontekstdə Azərbaycan dövlətçiliyinin və Azərbaycan xalqının yer üzündən silinməsini qarşısına məqsəd qoymuş yadelli siyasi dairələrin mövcudluğunu göstərməkdədir. Belə amansız şərtlər üzərində qurulmuş gerçək siyasi durumla hesablaşmamaq, biz millətçilər tərəfindən ya korazehinlik və ya milli xəyanət kimi dəyərləndirilir. Çünki, biz — millətçilərin mövqeyi belədir ki, heç bir sosial və ya demokratik şüar Dövlətmizin və Millətimizin fiziki mövcudluğu preroqativini  əvəz edə bilməz.

Dərin politoloji analizdən bəlli olur ki, hətta dünyanın fövqəl qüvvələri olan dövlətlərdə milli mənafelərin təmini üçün həmin dövlətlərin siyasi qüvvələri “komanda oyunu” nümayiş etdirirlər. İşğal edilmiş torpaqlarımızla bağlı biz bu “komanda oyununun” dəfələrlə şahidi olmuşuq. Məsələn, ikili standartların bariz örnəyi: müəyyən dövlətin rəsmi orqanının Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatları ilə yanaşı, həmin dövlətin qanunverici orqanları tərəfindən torpaqlarımızda qurulmuş işğalçı rejimə rəsmi Bakının başı üzərindən maliyyə yardımlarının ayırılması, bu dövlətlərin rəsmilərinin işğal edilmiş torpaqlarımıza gəlib işğalçılara dəstək verməsi, işğalçıları, terrorçu-separatçıları öz dövlətlərinə rəsmi səfərlərinin təşkili və s.

Bu baxımdan biz — millətçilər hesab edirik ki, Azərbaycanın gerçək vətənpərvər siyasi qüvvələri də bu çirkin oyunlara rəğmən rəsmi bəyanatlarla kifayətlənməməli, beynəlxalq hüququn ayaq altına atıldığı dünyada bu qüvvələrə adekvat cavab verə biləcək Azərbaycanın özünün “komanda oyununu” qurmalıdır. Bu oyun isə, xarici dövlətlərin siyasi dairələrinin, siyasi maliyyə fondlarının özlərinə rəğmən münasibətlərini saya almayan, yalnız milli mənafeləri öndə tutan vətənpərvər qüvvələrin iştirakı ilə qurula bilər.

Ermənipərəst Qərbin Azərbaycanda öz 5-ci kolonunun vəya islamçıların hakimiyyətə gəlməsi ürəyincə olan senaridir. Tutaq ki, bu yaxınlarda  “feminist” adı ilə Fəvvarələr meydanına bir qrup uşaq-muşağı çıxarmış qüvvələr sabah hakimiyyətə gəldi. Bu 5-ci kolon Qərbdəki qrantverənlərinin tələbi ilə çox sürətlə Azərbaycanı konfederativ bir quruma çevirəcəklər. Qərbin 5-ci kolonunun hakimiyyəti Azərbaycanı artıq müti bir qula çevirəcək…

İranpərəst islamçılara gəldikdə də onlar Qərb üçün Azərbaycanda təhlükə təşkil etmirlər. İslamçı qüvvələrin Azərbaycanda hakimiyyətə gəlməsi Qərbin bəlkə də ürəyincədir. Əvvəla, Azərbaycanda yalnız iranpərəst islamçılar potensial real qüvvə hesab edilə bilər. Sələfi və ya sünni məzhəbli islamçılar bizdə XIX əsrdən etibarən Azərbaycanda siyasi dayaqlarını itiriblər; çünki çar Rusiyası Şimali Azərbaycanı işğal edəndən sonra ilk növbədə Osmanlıya meylli sünni məzhəbli azərbaycanlıları böyük əksəriyyəti ilə Osmanlıya qovdu. İranpərəst islamçıların hakimiyyətə gəlməsi Azərbaycanda milli inkişafa və Türkiyə ilə strateji birliyə  son deməkdir. İranpərəstlər çətin ki, Rusiya ilə qarşıdurmaya gedib erməni işğalçılarına qarşı müharibəyə başlayarlar. Buna heç Tehran da imkan verməz. Bu cür senari Qərbin lap ürəyincədir. 

Amma həqiqi millətçi qüvvələr isə, ayrı məsələ… Əgər Azərbaycanda indiki durumda müxalifətdə liberal, dini, ideyasız və s. tipli qruplardan fərqli güclü millətçi müxalifət olsa, bu cür düzüm Qərbin və Rusiyanın Azərbaycanda sabitliyi pozmaq, Azərbaycana siyasi və ya hərbi təzyiqlərini artırmaq mövqeyini yumşaldar. Çünki Vaşiqtonun və Moskvanın siyasi dairələri Azərbaycan hakimiyyəti ilə Qarabağ məsələsində danışıqları intensivləşdirməyə çalışacaqlar, çünki “yalnız hərbi yolla” və “qisas alınmalıdır” deyən millətçilərimizlə təkbətək qalmaq istəməzlər.

Əgər Azərbaycan iqtidarı günü sabah yeni bir “Lələtəpə” əməliyyatı keçirib, işğal altındakı torpaqlarımızın bir balaca hissəsini də azad etsə, nə Qərb, nə də Rusiya kəskin mövqe tutmayacaq. Çünki “yalnız hərbi yolla” və “qisas alınmalıdır” deyən millətçilərimizlə danışıqlar masasında rastlaşmaq alternativi, mövcud hakimiyyətin anti-terror və dünya qanunları çərçivəsindəki hərbi əməliyyatları müqayisədə onlar üçün qorxuludur.

Əgər sabah ingilis, fransız və ya hər hansı qərbli və rus siyasətçisi işğal edilmiş torpaqlarımızda peyda olub, qondarma “arsax respublikasının” quldurbaşıları ilə görüşlər keçirsə, onda Bakıdakı millətçi partiyanın qərargahında Şotland, Korsika, Bask, Çeçen separatçısı ilə geniş reklam edilən görüşlər keçiriləcək. Əgər narazı dövlətlər rəsmi Bakıya irad bildirməyə başlasalar, onda cavab belə olacaq ki, hakimiyyət hər hansı partiyanın işinə qarışımır və vaxtilə “arsax” quldurları ilə sizin siyasilər də görüş keçiriblər…

Buna deyərlər komanda oyunu və müəyyən qərəzə konyuktur və adekvat cavab!

Siyasi sabitliyin qorunması, respublika daxilində milli mənafeləri əsas tutan, siyasi pozyorluqdan və politikançılıqdan uzaq real siyasi qüvvələrlə iqtidar nümayəndələrinin dialoqunun qurulması — millətçilər tərəfindən dəstəklənən təşəbbüsdür və son dövrlərdə aparılan proqressiv sistem islahatların kontekstində hakimiyyət nümyəndələri tərəfindən bu təşəbbüsün təklif edilməsi təqdirəlayiq bir addım kimi dəyərləndirilməlidir.

Azərbaycan Milli Demokrat Partiyası Siyasi Şurasının analitik təhlili

“Millətçilik” qəzeti