Azərbaycan Respublikasının Prezidenti 18 iyun 2019-cu il tarixli sərəncamı ilə inqilabi sosial islahatlar paketinin növbəti mərhələsini təqdim edib. İslahat paketində minimum əməkhaqqının, diaqnostikadan keçmiş müəllimlərin, dövlət qulluqçularının, hərbi və hüquq-mühafizə orqanlarında və bir sıra dövlət müəssisələrində çalışanların əmək haqlarının artırılması nəzərdə tutulub.

İQTİSADÇILARIN DƏYƏRLƏNDİRMƏSİ

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı APA-ya müsahibəsində bildirib ki, bu il fevralın 8-də Prezident minimum əməkhaqqının 130 manatdan 180 manata qədər artırmışdı, 38,5 faizlik artım olmuşdu. İyunun 18-də isə, artıq Prezident tərəfindən minimum əməkhaqqı ikinci dəfə artırıldı, 180 manatdan 250 manata çatdırıldı. Beləliklə, 1 il ərzində minimum əməkhaqqı 2 dəfəyə qədər artıb ki, bu, kifayət qədər yüksək göstəricidir. Əgər fevralın 8-də minimum əməkhaqqının artırılması 600 min nəfəri əhatə edirdisə, indiki halda 950 min insan əhatə olunur. Bu insanların 300 mini özəl sektorda, 600 mindən çoxu isə dövlət sektorunda çalışan vətəndaşlardır. Minimum əməkhaqqının artırılması üçün dövlət büdcəsindən əlavə olaraq illik 780 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulur.

İkinci istiqamət dövlət qulluqçularının maaşlarıdır. Dövlət qulluqçularının maaşları 50 faiz artırılır. Hərbi və hüquq-mühafizə orqanlarında çalışanların həm pul təminatları, həm aylıq vəzifə maaşları da 40 faiz həddində artır. Həm peşə, həm də ümumtəhsil məktəblərində diaqnostikadan keçən müəllimlərin maaşlarında isə 20 faiz artım olacaq. Burada kontingent 160 min nəfərdir. 160 min müəllimin maaşlarını 20 faiz artırmaq üçün dövlət büdcəsindən əlavə 240 milyon manat vəsait tələb olunur.

Bütövlükdə Prezidentin təqdim etdiyi bu sosial paket 2 milyona yaxın insanı əhatə edəcək, maliyyə tutumu isə 1 milyard manatdan artıqdır. Əgər biz ilin əvvəlindən aparılan sosial islahatları nəzərə alsaq, bütövlükdə bu sosial islahatların maliyyə yükü 3 milyard manatdan artıqdır. Bu da dövlət büdcəsindən maliyyələşdiriləcək.

Əslində, bu artım Azərbaycanın iqtisadi potensialının və imkanlarının kifayət qədər yüksək olduğuna və bu potensialın sosial rifaha yönləndirilməsinin vaxtının da çoxdan çatdığına işarədir. Təbii ki, sözügedən qərar böyük sayda büdcədən maliyyələşən təşkilatlarda çalışanların gəlirlərinə birbaşa müsbət təsir etmiş olacaq. Ardınca minimal pensiyaların da artırılacağını nəzərə alsaq, ölkə başçısının təqdim etdiyi son sosial paketin böyüklüyünü və əhəmiyyətini qiymətləndirməmək mümkün deyil.

Bu artımlar Azərbaycanın sosial sahədə dünya reytinqlərindəki yerinə də ciddi şəkildə təsir edib. “AzPolitika.info” araşdırıb ki, sözügedən qərardan sonra ölkəmiz dünya ölkələri arasında minimum əmək haqqının səviyyəsinə görə, təqribən 15-16 pillə irəliləmiş olub və Pakistan, İndoneziya, Vyetnam və Meksika kimi kifayət qədər böyük iqtisadiyyata malik ölkələri keçib. MDB məkanında isə bu göstəriciyə görə artıq Qazaxıstanı və Ermənistanı üstələyərək, Rusiyanın göstəricisinə (171 ABŞ dolları) yaxınlaşmışıq. Belə ki, Qazaxıstanda və Ermənistanda minimum əmək haqqı təxminən eynidir – 115 dollarAzərbaycanda indiyə qədər bu göstəricinin xüsusilə də Ermənistandan aşağı olması təbii ki, böyük təbii sərvərtlərə və dəfələrlə güclü, potensiallı iqtisadiyyata malik olan ölkəmizə qətiyyən yaraşmırdı.

Eyni zamanda, minimum əmək haqqı səviyyəsinə görə, Belarus və Ukrayna ilə də demək olar ki, bərabərləşmişik. Belə ki, hazırda bu ölkələrlə aramızdakı fərq bir neçə dollardır. MDB üzrə ən yüksək minimum əmək haqqı göstəricisi rəsmi statistikaya görə Türkmənistanda (204 ABŞ dolları) olsa da, bu rəqəm yumşaq desək, reallığı əks etdirmir. Belə ki, Türkmənistanda həmin göstərici 790 türkmən manatıdır ki, bu da rəsmi kursla 204 ABŞ dolları edir. Lakin türkmən manatının “qara bazardakı” kursu, yəni daha real məzənnəsi rəsmi kursdan 5 dəfə (!) ucuzdur. Bunu nəzərə alsaq, həmin 790 manat 204 deyil, təqribən 40-45 dollar təşkil edir.

Qonşu Gürcüstanda isə orta aylıq əmək haqqı kifayət qədər yüksək (370 ABŞ dolları) olsa da, minimum əmək haqqı 53 dollardır ki, bu da yaşayış minimumundan (71 dollar) da aşağıdır. MDB üzrə ən aşağı göstəricilər isə Orta Asiya respublikalarına aiddir və bu sahədə anti-rekord 25 dollar olmaqla, Qırğızıstana məxsusdur. Bu göstərici ölkədəki yaşayış minimumundan 4 dəfə aşağıdır. Onu da qeyd edək ki, Ermənistanda da minimum əmək haqqı 115 dollar olmaqla, yaşayış minimumundan 15 dollar azdır. Azərbaycanda isə son qərarla ən aşağı maaş yaşayış minimumunu (105 dollar) təxminən 40 dollar üstələyir. Ümumiyyətlə, bu artımdan sonra Azərbaycan MDB ölkələri arasında ilk dördlüyə daxil ola bilib.

Bütün bunlarla yanaşı, qısa müddətdə minimum əmək haqqındakı bu artımın inflyasiya və devalvasiya kimi fəsadlar yaradacağına dair mülahizələr irəli sürülür. Ancaq bunun daha çox mikro və kiçik sahibkarlıq subyektlərinə və ümumilikdə biznes mühitinin xərclərinə təsir edəcəyi gözlənilir. Belə ki, minimum əmək haqqının artırılması onların işçilərinin və özlərinin sosial ayırmalarını 40 faizədək artıracaq. Bu, həm də sosial yığımların çoxalması deməkdir. Nəzərə alsaq ki, təkcə bu ilin ilk aylarında əmək müqavilələrinin sayı 100 minədək artıb, bu zaman sosial ödənişlərin artım səviyyəsini də təsəvvür etmək çətin olmaz. Yəni ki, hökumət bu sosial paketə çəkdiyi xərcin müəyyən bir qismini yenidən DSMF vasitəsilə cəlb edə biləcək.

SOSİAL PAKETİN GERÇƏKLƏŞMƏSİNİ DƏSTƏKLƏMƏLİYİK!

Bu addımın xüsusilə də devalvasiyaya səbəb olacağına dair söylənilənlər reallıqdan uzaqdır. Çünki devalvasiyanı şərtləndirən əsas indikatorlar başqadır və bu sahədə ciddi təhlükə görünmür.

Millət vəkili, iqtisadçı Əli Məsimli moderator.az saytına müsahibəsində bildirmişdir ki, manatın taleyi maaş artımından yox, dünya bazarında neftin qiymətindən asılıdır. Neftin qiymətinin hazırkı səviyyəsi həm Azərbaycanın ödəniş balansının, həm xarici ticarət balansının müsbət saldosunu, həm də valyuta ehtiyatlarımızı artırır. Belə şəraitdə yaxın perspektivdə manatın devalvasiyası üçün ciddi əsas yoxdur. Dünyada gedən proseslər,ticarət müharibəsinin getdikcə kəskinləşməsinin qlobal artıma mənfi təsri və bunun da neftə tələbatın azalmasına gətirib çıxarması, digər kataqlizmlərin təsiri ilə dünya bazarında neftin qiyməti ucuz neft mərhələsinə keçib 30-40 dollara düşsə və belə aşağı qiymət uzun müddət davam etsə,eləcə də  bizim daha çox ticarət etdiyimiz ölkələrin. də milli valyutası, xüsusən də rusrublu və türk lirəsi  yenidən dəyər itirməyə başlasa,onda manata təzyiq artar və devalvasiya təhlükəsi yaranar.Azərbaycan iqtisadiyyatının  staqnasiyadan iqtisadi artım mərhələsinə  keçdiyyi hazırkı şəraitdə, indiki maliyyə imkanları,ödəniş balansının vəziyyəti, valyuta ehtiyatları  şəraitində isə yaxın perspektivdə belə bir təhlükə görünmür.

İnflyasiyaya gəldikdə isə,.. Əli Məsimli moderator.az saytına bildirmişdir ki, minimum əmək haqqı ilə bağlı sərəncamın reallşadırılması üçün  2019-cu il sentyabr-dekabr ayları üzrə 245 milyon manat, orta aylıq mbləğ baxımından isə 61 milyon manat  əlavə vəsait ayrılacaq. 61 milyon manat  əlavə vəsait o qədər kiçik bir rəqəmdir ki,infltasiya yarada bilməz. Prezidentin  18  iyun sərəncamlarının hamısının reallaşdırılmasının bu ilin sonuna qədər maliyyə tutumu isə təqribən təqribən 1 milyard manat və deməli ilin sonuna qədər orta aylıq məbləğdı isə 250 milyon manat alacaq. Bu, əhalinin məcmuu orta aylıq gəlirlərinin 6 faizi, orta aylıq əmtəə dövriyyəsinin isə  9 faizi səviyyəsində bir rəqəmdir. Təbii ki, dövriyyəyə əlavə pul daxil olanda inflyasiya təzyiqi artacaq.Amma qeyd etdiyimiz  göstəricilərdən çıxış edəndə  bu təzyiqin real inflyasiya yaradacaq gücü azdır və inflyasiyanı cüzi artıra bilər. Bizdə orta əmək haqqı 600 manatın altında və  300 manata qədər maaş alanlar isə yetərincə çoxdur… Deməli maaşların hazırkı səviyyəsi  güclü inflyasiya mənbəyi deyil. Bununla belə mövsümi xarakterli amillərin,bu il təbiət kataklizmlərinin artması xüsusən də meyvələrin qiymətlərinə təsiri özünü göstərir.Payızdan yenə mövsümi xarakterli amillər qiymətlərə təsir edəcək. Amma Azərbaycanda qiymətlərlə bağlı əsas problem monopoliyadadır. Ona görə də aidiyyatı qurumlar monopoliyadan qaynaqlanan süni qiymət artımınının qarşısını almaq üçün təsirli tədbirlər görməlidir ki,artan maaş,pensiya və digər ödənişlər süni qiymət artımı şəklində özünü göstərən inflyasiyanın yeminə çevrilməsin.

Beləliklə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xalqın rifahını nəzərdə tutmuş məlum sərəncamlarının proqressiv nəticəsi xalqımızın fəal dəstəyindən asılıdır. İmkan verilməməlidir ki, hansısa harınlamış monoplosit qüvvə öz şəxsi mənafeyini, xalqımızın mənafeyindən və Prezidentimizin sosial islahatlar təşəbbüsündən, üstün tutsun. Buna yol vermək olmaz!

Qarxunlu

“Millətçilik” qəzeti