Azərbaycan Respublikasının  müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti qurumlar tərəfindən İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına qayğı və diqqətin artırılması məqsədilə təkcə son bir ayda 4500-dən çox şəxs sosial dəstəklə əhatə edilib.

Həmçinin Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondu yaradılıb. Fond bu istiqamətdə ciddi işlərin görülməsinə artıq başlayıb və davamlı olaraq bu kateqoriyadan olan insanlarla görüşlər keçirilir.  Fondun yaradılması bu kateqoriyadan olan insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək.

Həmçinin Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirərək şəhid olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularını fəxri adlarla təltif etmişdir. Qeyd olunanlar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə yüksək diqqət və qayğısının göstəricisidir.

Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-Prezident Mehriban Əliyevanın tövsiyələri və şəxsi nümunələri rəhbər tutularaq Cəbrayıl rayonundan olan şəhid və yaralı ailələri də yüksək diqqət və qayğı ilə əhatə olunub. Bu kateqoriyadan olan ailələrlə davamlı görüşlər keçirilir, onların qayğıları ilə maraqlanılır, müvafiq dəstək və yardım göstərilir.

Dekabrın 27-si və 29-u, Aprel döyüşlərində və son 44 günlük vətən müharibəsində şəhid olan və yaralı sakinlərimizlə növbəti görüşlər keçirildi. Görüşdə bir daha Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın aidiyyəti strukturlara şəhid və qazi ailələrinə, Vətən müharibəsində yaralanan vətəndaşlara xüsusi diqqət və qayğının göstərilməsi ilə bağlı müvafiq göstərişlərin verildiyi, dövlət qurumlarının bu istiqamətdə zəruri tədbirlər həyata keçirdiyi xüsusi vurğulandı.

Ailələrlə söhbət zamanı hər zaman onların yanında olacağımızı və problemləri ilə yaxından maraqlanacağımızı bildirdik. Allahdan Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət, yaxınlarına səbr, yaralılarımıza şəfa diləyirik.