“Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir”.

Bunu “Report”a açıqlamasında deputat Elman Nəsirov deyib.

O qeyd edib ki, Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır: “Bu formatı Prezident İlham Əliyev müəyyən edib. Bu format çərçivəsində həm üçtərəfli, həm də dördtərəfli, bir sözlə çoxtərəfli münasibətlərimiz dinamik şəkildə inkişaf edir. Qonşu ölkələrlə münasibət Azərbaycan üçün böyük siyasi məna, əhəmiyyət kəsb edir. Məsələyə bu konteksdə yanaşdıqda, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri və səfərin nəticələri xüsusi maraq doğurur. Hər bir səfər öz nəticələri baxımından qiymətlidir. Dövlət başçısının Türkmənistana rəsmi səfəri çərçivəsində 21 sənəd imzalanıb, bu, sözün həqiqi mənasında münasibətlərin bundan sonrakı inkişafının çox ciddi hüquqi-normativ bazasının formalaşdığını təsdiqləyir. İndiyədək iki ölkə arasında 68 sənəd imzalanıb. Hazırda imzalanan sənədlər nəticə etibarilə münasibətlərin inkişaf mərhələsini şərtləndirir. Burada söhbət ilk növbədə iqtisadi, ticarət əlaqələrinin inkişafından gedir. Bu istiqamətdə həm uzunmüddətli, həm də qısa müddətli (2019-2021) sənədlər qəbul edilib.

Səfər zamanı sənaye, nəqliyyat sahəsində əlaqələrin inkişafı ilə bağlı razılaşmalar əldə edilib. Bu istiqamətdə birgə komissiyanın təşkil edilməsi ilə bağlı ortaq mövqe formalaşdırılıb”.

E.Nəsirov bildirib ki, humanitar – təhsil, elm sahəsində əlaqələrin inkişafı ilə bağlı da müvafiq razılaşmalar əldə olunub.

Deputat xatırladıb ki, 2017-ci ilin avqustunda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı 14 sənəd imzalanıb: “Bunlar bir daha göstərir ki, ikitərfli münasibətlərimiz bundan sonra inkişaf edəcək. Azərbaycanın müstəqilliyinin ilk illərində Türkmənistanla münasibətlərdə kifayət qədər boşluqlar, ziddiyyətlər vardı. Hətta o zaman Türkmənistan rəhbərliyi Azərbaycandakı səfirini geri çağırmışdı, müxtəlif təzyiq üsullarını işə salırdı. Türkmənistan Xəzər dənizinin “Kəpəz” yatağına iddia ilə çıxış edirdi. Daha sonra “Azəri-Çıraq-Günəşli” yatağına iddia ilə çıxış etdi. Bundan başqa həmin ölkə Xəzər dənizində hərbi donanmasını gücləndirirdi. İndiki münasibətlərimiz göstərir ki, biz hansı səviyyədən hansı səviyyəyə çatmışıq. Hazırda münasibətlər strateji xarakter kəsb edir. Azərbaycan və Türkmənistan fundamental məsələlərdə ortaq mövqedən çıxış edirlər. İkitərəfli münasibətlərimiz beynəlxalq təşkilatlar çərçivəsində də oxşar yanaşmalarımızı şərtləndirən amilə çevrilib. Xüsusilə də iqtisadi, ticarət əlaqələrinin çox geniş perspektivi var. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 164.1 milyon dollar təşkil edib. Burada Azərbaycanın ixracatı 54.1 milyon dollar olub. Təbii ki, bu, qənaətbəxş deyil. Dövlət başçıları xüsusilə vurğulayıblar ki, əlaqələrin inkişafı üçün potensialdan maksimum istifadə etmək lazımdır. İki ölkə rəhbərinin əməkdaşlığı və dostluq münasibətləri nəticə etibarilə bu il avqustun 12-də Xəzərin hüquqi statusu ilə bağlı Yekun Konvensiyanın qəbulunu şərtləndirən əsas amillərdən birinə çevrildi. Bəlli idi ki, bu məsələdə Türkmənistanın fərqli yanaşması var idi, bu da Konvensiyanın imzalanmasına əngəl olurdu”.

Azərbaycan parlamentinin üzvü vurğulayıb ki, enerji təhlükəsizliyi sahəsində əlaqələrin inkişafı üçün yeni imkanlar açılıb: “Sirr deyil ki, Türkmənistanın da Cənub Qaz Dəhlizi layihəsində iştirakının perspektivi var. Məlumdur ki, Türkmənistan qaz hasilatına görə dünyada 4-cü mövqedədir, illik qaz hasilatı 80 milyard kubmetri keçir. Bu baxımdan Türkmənistanın da Transxəzər Qaz Kəməri layihəsinin reallaşmasında maraqlıdır. Nəqliyyat təhlükəsizliyi sahəsində də münasibətlərin inkişafı üçün yaxşı imkanlar mövcuddur. Bu səfərə qiymət verərkən bir məqamı da xüsusi vurğulamalıyıq. Bildiyiniz kimi, səfər zamanı yekun bəyanat imzalandı. Bu, bir daha göstərir ki, Azərbaycan və Türkmənistan strateji tərəfdaşdır”.

E.Nəsirov deyib ki, Prezident İlham Əliyevin Heydər Əliyevin xarici siyasət kursuna sadiq qalması, yəni balanslı, tarazlaşdırılmış siyasət kursu həyata keçirməsi Azərbaycanın tərəfdaşlarının sayını çoxaldır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 21-də Türkmənistana rəsmi səfərə gedib. Səfər noyabrın 22-də başa çatıb.