Milli Məclisin deputatı Ceyhun Məmmədov noyabrın 2-də Rusiya Federasiyasının ərəb dilində yayımlanan “Russian today” televiziya kanalına cəbhədə baş verən son hadisələrdən bəhs edib.

Qeyd edib ki, Emənistan və Azərbaycan arasında hazırkı münaqişə 30 ildən artıqdır ki davam edir, lakin bu vaxta kimi sülhə nail olunmamışdır. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Təəssüf ki, 27 il ərzində bu qətnamələr icra edilməmişdir. Ermənistan və Azərbaycan arasında münaqişənin davam etməsinin səbəbi odur ki, Ermənistan sülh istəmir və onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər.
Sentyabrın 27-də Ermənistan tərəfi ağır silahlardan istifadə edərək hücuma başladı. Bu vaxta kimi mülki şəxslər arasında 91 nəfər öldürülmüşdür və demək olar ki, 400 nəfər mülki şəxs yaralanmışdır. Oktyabrın 10-da Moskvada Azərbaycanın, Ermənistanın və Rusiyanın Xarici İşlər naziri atəşkəs barədə birgə bəyanat verdilər. Lakin, növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum edərək 10 mülki şəxsi qətlə yetirmiş və 30-dan çoxunu yaralamışlar. Sonra oktyabrın 17-də Gəncəyə ikinci ballistik raket hücumu oldu və 15 insan qətlə yetirildi.
Jurnalistin Rusiya sülhməramlı qüvvələrinin münaqişə bölməsində yerləşdirilməsinə dair sualı ilə bağlı o bildirib ki, hazırda gündəmdəki əsas məsələ işğal altındakı torpaqların boşaldılmasıdır, münaqişənin tənzimlənməsi ilə bağlı digər məsələlər zamanı gəldikdə vəziyyətə uyğun müzakirə olunacaq. Ermənistan ordusu tez bir zamanda işğal etdiyi torpaqlardan çıxmalıdır.