Cəlilabad sakininin evindən külli miqdarda narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini D.Cəfərli 79 qrama yaxın narkotik vasitə olan tiryəki satarkən cinayət başında yaxalanıb.

Polis əməkdaşları onun narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi Ş.Novruzov da saxlanılıb. Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri ilə oradan çəkisi 2 kiloqram 158 qramdan artıq heroin, 6,1 kiloqrama yaxın tiryək, 174 qramdan çox həşiş və 42 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.