İyulun 13-dən 14-nə keçən gecə Azərbaycan – Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistan tərəfinin bir gün öncəki təxribatından sonra şiddətli döyüşlər davam etmişdir.

Düşmənin ağır hərbi texnikaları, istehkamları, müdafiə qurğuları ordumuz tərəfindən darmadağın edilmişdir.

Hər zamankı kimi, Ermənistan tərəfi canlı qüvvə ilə 100 nəfərdən çox itki verərək geri çəkilmişdir. Ağır döyüşlər zamanı ordumuzda da itkilər olmuşdur. Təəssüfkü, General-mayor Polad Həşimov, onunla bərabər bir neçə zabit və əsgər şəhid olmuşlar.

General Həşimovun döyüş əməliyyatları zamanı şəhid olması Azərbaycan generallarının əsgərlərlə birgə ön cəbhədə birbaşa döyüşlərdə Vətəni bərabər qoruduqlarını göstərir.

Təəssüfkü hər zaman olduğu kimi, bu dəfə də ermənilər öz itkilərini gizlətdilər. Ancaq bu cür gərgin döyüşlərdən itkisiz çıxmaq qeyri-mümkündür.
Eyni zamanda Ermənistan tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılan artilleriya atəşi nəticəsində Ağdam kəndinin sakini, 76 yaşlı Əzizov Əziz İzzət oğlu həlak olub. Mülki əhalini ağır silahlardan atəşə tutmaq, silahsız qocaları qətlə yetirmək faşizmin və vəhçiliyin əyani təzahürüdür.
Ötən gecə Azərbaycan xalqı Azərbaycan ordusu ilə həmrəylik nümayiş etdirərək paytaxtımızın müxtəlif ərazilərində Azərbaycan ordusuna, onun Ali Baş Komandana, dövlətə dəstəyini ifadə edərək əllərində Azərbaycan bayrağı, ölkəmizin himnini oxuyaraq “Qarabağ!”, “Orduya dəstək!” “Ali Baş Komandan, silah ver bizə!”, ”İrəli, irəli, Azərbaycan əsgəri!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndirdilər.
Bu onu göstərir ki, Azərbaycan xalqının döyüş ruhu yüksəkdir. Xalq dövlət başçısının siyasətini dəstəkləyir. Bununla belə, bir qrup insan vəziyyətdən başqa məqsədlər üçün yararlanmağa çalışmışdır. Aksiya iştirakçılarının əksəriyyəti, polislərin dağılma tələbinə əməl edərək evlərinə getdiyi halda, kiçik bir qrup polisin çağırışına əməl etməmiş, orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşaraq qeyri-qanuni Milli Məclisin binasına daxil olmuş və binaya ziyan vurmuşlar. Təxribatçılar vətənpərvərlik, orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə çalışmış, Milli Məclisin foyesində “Allahu-Əkbər” şüarları qışqıran gənclər peyda olmuşlar. Hüquq mühafizə orqanları belə təxribatların qarşısını qətiyyətlə almışdır.
Hamı bilməlidir ki, Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətidir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik.
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyalar bəyanat imzaladılar. Bu addım yüksək qiymətləndirilməlidir. Bəyanatda Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkldiklərini, onun ətrafında sıx birləşdiklərini bəyan etdilər. Siyasi partiyaların belə bir gündə birlik və bərabərlik nümayiş etmələri, xalqın, dövlətin, Ali Baş Komandanın yanında olmaları, hamıya nümunə olmalı, təxribatçı və beşinci kolonun vəziyyəti gərginləşdirməyə çalışmasının qarşısı dərhal və qətiyyətlə alınmalıdır.
Bütün bunlar Azərbaycanda bütün siyasi partiylar arasında birlik və həmrəyliyin yüksək olduğunu göstərir. Hər zaman olduğu kimi, bu dəfə də xəyanətkar cəhdlər qətiyyətlə pislənildi.

Milli Məclisin deputatı

Ceyhun Məmmədov