Bu gün Azərbaycan mətbuatının yaranmasının 143-cü ildönümüdür.

Bakıxəbər.az-ın məlumatına görə, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə alıb.

Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxıb. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurub. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görüb. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb.

Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanıb. Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər olub. XIX əsrin sonlarında “Ziya”, (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan ” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxıb…