????????????????????????????????????

İyulun 23-də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə Türkiyədən ixrac məhsullarını Gürcüstana aparan ilk yük qatarı Ərzurumdan yola düşüb.

“AzərTAC” xəbər verir ki, bu münasibətlə rəsmi yolasalma mərasimi təşkil olunub. Qatar Ərzurumdakı “Palandökən” Logistika Mərkəzindən yola salınıb.

Mərasimdə qeyd edilib ki, il ərzində BTQ ilə Gürcüstana 120 min ton dəmir məhsullarının daşınması planlaşdırılır.

BTQ ilə bağlı Müstakil Sanayici ve İşadamları Derneği (MÜSİAD) Lojistikte Yeni Yaklaşımlar ve Yeni Ticaret Yollar Komite Başkanı Ahmet Yayman KİV-lərə bildirmişdir ki, bu xəttin işə düşməsi Türkiyənin beynəlxalq ticarət həcmini dəfələrlə artıracaqdır. “Türkiyə bu xət üzrə mallarını Rusiyaya, Gürcüstana, Azərbaycana, Türk respublikalarına və Çinə daha tez və sərfəli şəraitdə ixrac edəcəkdir. Qışda nəqliyyatda yaşanan problemləriçözəcəkdir” – deyə Ahmet Yayman bildirdi.

MÜSİAD-in Azərbaycan Bakı rəhbəri Abdurrahman Uzun qeyd etmişdir ki, Azərbaycan-Türkiyə ticarətində bu dəmir yolunun ciddi faydası olacaqdır. Abdurrahman Uzun  vurğulayıb ki, “2014-cü ildən bəri Türkiyənin Azərbaycana ixracatı 65 faiz azalıb. MDB ölkələrinin mal ixracı Türkiyə istehsalı olan malları qiymətin ucuzluğu baxımından üstələməkdədir. BTQ isə, Türkiyə malının Azərbaycan istehsalçısı üçün ucuzlaşdırır. Azərbaycan istehsalı olan mallar da Türkiyə bazarında cəlbedici olacaq”.

ERMƏNİLƏRİN TƏHDİDİ

Ərzurumdan yola çıxmış yük qatarı Gürcüstanın Axalkalaki bölgəsindəki Xospio kəndi yaxınlığına çatanda əksər hissəsi gürcüstanlı (Cavaxeti) ermənilərindən ibarət dəmir yol işçiləri tətilə başladılar. Erməni dəmiryolçuları konteynerlərin boşaldılmasını yarıda dayandırıb, “maaşların gecikdirildiyini” bəhanə edib tətil elan etdilər və hətta, dəmir yolunu bağladılar.

Erməni dəmiryolçular belə bir bəhanə gətirirdilər ki, “Dəmiryolservis” aylarla onlara maaş ödəməyib. Çünki onlarla müqavilə yoxdur. İndi isə, “Dəmiryolservis” şirkətini digər şirkət əvəzləyib və erməni dəmiryolçularına borclu olmadığını bildirir. Amma BTQ xətti üzrə ilk qatarın başına erməni təxribatçılarının bu cür oyun gətirməsini görərək “Dəmiryolservis” şirkəti  iyulun 24-də saat 14:00 – dək ermənilərə olan borcunu ödəməyə boyun olub. Bundan sonra tətil dayandırılıb. Nəticədə, Ərzurumdan gələn qatarların qrafikində gecikmə olub.

Kavkazplus-un yazdığına görə, BTQ layihəsi gerçəkləşən dövrdə Axalkalaki erməniləri vay-şivn qaldırmışdılar ki, dəmir yolçular yalnız azərbaycanlılardan və türklərdən yığılır, yerli erməniləri işə götürmürlər.

Beləliklə, ermənilər öz güclərini göstərdilər və hər zaman BTQ-də “əmək hüquqlarının pozulduğunu” bəhanə gətirərək təxribat törədə biləcəklərini nümayiş etdirdilər. Bu cür aksiyalar davamlı olacaqsa, BTQ üzrə mallarını nəql etmək istəyən Çin, Mərkəzi Asiya respublikaları və s. əcnəbi biznesmenlərin bu dəmir yoluna etibarı nə qədər olacaq? Doğrudur, ərazisində beynəlxalq dəmir yolunun fəaliyyətinin pozulmasına görə rəsmi Tbilisi cavabdehlik daşıyır. Amma rəsmi Tbilisi BTQ-nin funksionallığını təmin etməkdə nə qədər qərarlı olacaq? Çünki Tiflis Cavaxetiyada erməni üsyanlarından ciddi ehtiyat edir…

RUSİYANIN QISQANCLIĞI

Minval.az-ın siyasi şərhçisi Nurani yazır ki, 2017-ci ildə Ələt qəsəbəsində BTQ-nin rəsmi açılışı Rusiyanın bir sıra nüfuzlu KİV-ində hiddətlə qarşılandı. Rusiyanın “Nezavisimaya qazeta” dərgisi “Rusiyanın başı üzərindən adladılar” başlıqlı məqalə dərc etmişdi. “İpək yolu: Londona Moskvadan yan keçərək” başlıqlı məqaləsi də eyni gündə “Qazeta.ru” saytında dərc edildi. Rus siyasi şərhçiləri “bu yol ilə NATO əsgərləri regiona gələcək” kimi proqnozlar verir, regionda Rusiyanın və onun forpostlarının nəzarətində olmayan müstəqil və alternativ infrastrukturun qurulmasını iddia edirdilər.

QƏRBİN ERMƏNİPƏRƏST İKİÜZLÜYÜ

1993-cü ildə Türkiyə Dağlıq Qarabağ münaqişəsində Azərbaycana olan dəstəyi çərçivəsində Ermənistan ilə sərhədini bağlayıb, bununla da Qars-Gümrü-Tbilisi dəmiryolu da bağlanıb. Bağlanan bu yola alternativ olaraq Azərbaycan ilə Türkiyə arasında Gürcüstan üzərindən dərmiyolu xəttinin çəkilişi ilk dəfə olaraq 1993-cü ilin iyulunda müzakirə olunub.

Tikintiyə aid razılaşma üç ölkə arasında 2005-ci ilin yanvar ayında imzalanıb. Həmin zaman maliyyə çatışmazlığı ucbatından bu layihə unudulub. Lakin Baki-Tbilisi-Ceyhan boru kəmərinin  2005-ci il may ayında baş tutuan açılışı zamanı hər üç ölkənin prezidenti bu ölkələr arasında dəmiryolu xəttinin tikintisində maraqlı olduqlarını bildiriblər.

2007-ci il, noyabr-ın 21-də Gürcüstanın Marsbda kəndində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyulub. Hər üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda stansiyasında açılış mərasimi keçirilib.

BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük bir əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Bakı-Tbilisi-Qars dəmiryolu Baki-Tbilisi-Ceyhan boru xəttindən sonra Azərbaycanın iqtisadiyyatını daha da inkişaf etdirəcək. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 mln. dollar təşkil edəcək.

Dəmiryolu xəttinin tikintisinə 2005-ci ildə başlanması nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması tikintinin başlanmasını ləngidib. ABŞ və Avropa Birliyi “ermənistan” adlı Rusiya müstəmləkəsindən kənar keçdiyinə görə layihəyə qarşı çıxıblar və tikintinin maliyyələşdirilməsindən imtina ediblər. Onlar Bakı-Tbilisi-Qars dəmiryolunun tikilməsi əvəzinə Qars-Gümrü-Tbilisi dəmiryolu xəttinin açılmasını tələb edirdilər. Lakin Azərbaycan ilə “ermənistan” arasında olan Dağlıq Qarabağ münaqişəsi səbəbindən bu tələblər rədd edilib və dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsini sonradan Azərbaycan öz üzərinə götürüb. Bu məqsədlə Azərbaycan Gürcüstana ildə 1% faiz dərəcəsi ilə 25 illiyinə 220 milyon dollar kredit verib.

Amma Qərbin BTQ-yə münasibətdə anti-türk və ermənipərəst mövqeyi riyakar və ikiüzlüdür. Bu riyakarlığa bariz misal budur.

1) Ermənipərəst mövqeyinə görə BTQ-ni maliyyələşdirməkdən imtina etmiş Avropa Birliyi  2018-ci il fevralın 22-də  verdiyi qətnamədə Avropa Birliyini (?!) Türkiyə, Azərbaycan, Gürcüstan və Mərkəzi Asiyanı birləşdirən dəmir yol xəttinin açılmasını alqışlamışdır (?!).

2) NATO-nun baş katibi Yens Stoltenberq isə, bildirmişdir ki, Alyans üzvləri 2017-ci ildə fəaliyyətə başlamış BTQ dəmir yol xəttindən “Əfqanıstana və əks istiqamətdə daşınmalar üçün istifadə edirlər, bu isə NATO-nun Əfqanıstandakı missiyasının uğuruna tutarlı töhvə verir”.

Əvvəl dedikləri nə idi, indi dedikləri nə?! Bir dəli şeytan deyir, durub tələb edəsən ki, vaxtilə BTQ-nin maliyyələşdirilməsini yasaq etmiş ölkələrin, yəni ABŞ və Avropa Birliyinin hüquqi və fiziki şəxslərinə sərnişin və yük daşıması üçün qiymətlərin 10 dəfə baha olması barədə qanun qəbul edək!!! Heyf ki, bunu edə bilmirik…

BTQ təzəcə fəaliyyətə başlayıb. Aydındır ki, bu layihə Azərbaycana düşmən olan qüvvələrə dağ çəkib. Sözsüz ki, iyulun 23-də baş verənlər sonuncu olmayacaq. Ona görə, indidən mümkün təxribatlara qarşı çox variantlı strategiya qurulmalıdır.

Qarxunlu

“Millətçilik” qəzeti