Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) sərəncamını saxtalaşdırmaqda təqsirləndirilən Elsevər RufullayevƏli Mərdanov və Oruc Rzayevin işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İbrahim İbrahimlinin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekbarın 24-nə təyin edilib.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğun birgə yaydığı məlumata əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat araşdırılarkən vətəndaş Elsevər Rufullayevin torpaq sahəsinin ayrılması və tikinti işlərinin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müvafiq qaydada müraciət etmədən Bakı Şəhər İcra Hakimiyyətinin saxtalaşdırılmış sərəncamı əsasında paytaxtın Xətai rayonu ərazisində 2018-ci ilin əvvəllərində özbaşına qeyri-yaşayış obyektinin tikintisinin aparmasına əsaslı şübhələr müəyyən edilib.

Bilə-bilə saxta sənəddən istifadə etməklə torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparma faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 320.1 və 320.2-ci (rəsmi sənədləri qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Elsevər Rufullayev, Əli Mərdanov və Oruc Rzayev saxlanılıb.