“Azərbaycana səfir təyin olunmaqdan çox məmnunam”.

Bakıxəbər.az-ın məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Ceyms Şarp sosial şəbəkədə yayılan ilk videomüraciətində deyib.

“Azərbaycan sürətlə inkişaf edən və Britaniya üçün əhəmiyyət kəsb edən bir ölkədir. Birləşmiş krallıq ilə Azərbaycan arasında güclü və tarixi əlaqələr mövcuddur. Mən bu əlaqələri daha da inkişaf etdirmək, münasibətləri yeni mərhələyə qaldırmaq niyyətindəyəm. Bura siyasi münasibətlərimizi gücləndirmək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləmək və hazırda yüksək səviyyədə olan ticarət və enerji məsələlərində əməkdaşlığımızı genişləndirmək kimi məsələlər aiddir”, – səfir bildirib.

“Mən eyni zamanda təhsil, turizm, idman və mədəniyyət kimi sahələrdə iki ölkənin vətəndaşları arasındakı əlaqələri daha da gücləndirmək istəyirəm”, səfir qeyd edib.

C..Şarp deyib ki, Azərbaycan dilini öyrənmək üçün aprel ayında Azərbaycana gəlib və 5 həftə Gəncə və Bakıda olub: “Mən bu ölkənin dili və tarixini öyrənmək üçün artiq Azərbaycanda bir müddət vaxt keçirmişəm və Azərbaycanın xalqının nə qədər istiqanlı və qonaqpərvər olduğuna şahid olmuşam”.

Xatırladaq ki, sentyabrın 3-də Xarici İşlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunan səfiri Ceyms Layl Şarpı qəbul edib. Səfir etimadnaməsinin surətini nazirə təqdim edib.