Yanvarın 25-də Rusiyanın “«ermənistan»” adlı hərbi müstəmləkəsinin baş naziri Nikol Paşinyan Qafanda keçirdiyi mətbuat konfransında Qarabağ nizamlanmasına dair keçmiş prezident Serj Sərkisyanın ona qoyub getdiyi irsdən danışıb. O qeyd edib ki, bu yaxınlarda mətbuatda Serj Sərkisyanın dövründə aparılan danışıqlar zamanı masa üzərində olan sənəddən bir hissə dərc edilib.

ERMƏNİLƏRİN ÜZDƏ GÖSTƏRDİYİ “ETİRAZ”

“Əvvəlki hakimiyyətdən bu barədə hər hansı təkzib gəlmədi, ona görə də deyə bilərik ki, doğrudan da bizə belə irs qoyublar”,-Nikol Paşinyan belə deyib.

Onun sözlərinə görə, son məqsədi Qarabağ münaqişəsinin hərtərəfli nizamlanmasından ibarət olan bu sənədə əsasən Azərbaycana yeddi rayon-Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın geri qaytarılmalıdır. Bir şərtlə ki, «ermənistan»la Dağlıq Qarabağ arasında dəhliz olsun.

“Sənəddə qeyd edilir ki, tərəflərin razılığı ilə Dağlıq Qarabağın yekun statusu ATƏT və BMT-nin egidası altında referendumda müəyyən edilməlidir. Bu referendumun nəticələri hüquqi qüvvəyə malik olmalıdır və beynəlxalq prinsiplərə uyğun gələcək”,-Paşinyan xatırladıb.

“Habelə ərazilərə köçürülənlər (söhbət qanunsuz məskunlaşan ermənilərdən gedir,-red.) beş rayonu tərk etməlidir. Azərbaycanın mülki hakimiyyəti həmin ərazilərə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinin ardınca daxil olmalıdır və orada olan silahlı qüvvələr çıxarılmalıdır. Sülhməramlı qüvvələr keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin inzibati sərhədləri boyu yerləşdirilməlidir, Kəlbəcər və Laçın istiqamətlərindən başqa. Kəlbəcər rayonu keçid dövrü üçün ATƏT-in monitorinqi altında olmalıdır. Yuxarıda göstərilən bu tədbirlərə paralel olaraq Dağlıq Qarabağ onun gündəlik həyat fəaliyyətini təmin edən müvəqqəti aralıq statusa malik olmalıdır. Bu, hazırda danışıqlar masası üzərində olan həmin irsdir. İndi onlar bizi ittiham edirlər ki, həmin irsi tapdamışıq”,-Nikol Paşinyan bildirib.

O qeyd edib ki, «ermənistan» danışıqları həmin dönüş nöqtəsindən başlamağa razı olsa beynəlxalq ictimaiyyət heç bir problem yaratmaz.

“İndi qoy Dağlıq Qarabağda prezidentliyə bütün namizədlər, «ermənistan» xalqı desin ki, bu sənəd onlar üçün məqbuldur, ya yox? Əgər Dağlıq Qarabağ əhalisi qərara alsa ki, həmin sənəd məqbuldur, mən təminat verirəm ki, elə həmin məqamdaca sənəd danışıqlar masası üzərinə qoyulacaq”,-»ermənistan» baş naziri əlavə edib.

Paşinyanın çağırışına ilk reaksiyanı qondarma “dqr”in keçmiş “baş naziri”, indiki “prezidentliyə namizəd” Araik Arutyunyan verib. Bildirib ki, Paşinyanın bəhs etdiyi həmin nizamlama variantı “qəbuledilməzdir”. Arutyunyanın bildirdiyinə görə, o Sərkisyanın vaxtında da həmin sənədlə razı olmadığını dəfələrlə ifadə edib.

Arutyunyan vəd verib ki, “prezident seçildikdən” sonra bütün ətraf rayonların məskunlaşdırılmasına və inkişaf etdirilməsinə başlayacaq. “Mən bunu az əvvəl Qubadlı (ermənilər rayonun adını indi “vorotan” olaraq dəyişib,-red.) sakinləri ilə görüşümdə də dedim və fürsətdən istifadə edib bütün dünya ermənilərinə öz mesajımı çatdırıram”,-o bildirib.

Qondarma “dqr parlamentinin spikeri” Aşot Qulyan da Paşinyanın çağırışına cavab olaraq “bir qarış da torpaq qaytarmamaq” tezisini müdafiə edib. O bildirib ki, Dağlıq Qarabağın müstəqilliyi minimal məqsəddir, əsas məqsəd «ermənistan»a birləşməkdir. Və Qulyanın sözlərinə görə, hazırda erməni işğalı altında olan Azərbaycan ərazilərinin heç biri geri qaytarıla bilməz, hətta bunu müzakirə etmək belə yolverilməzdir.

Dağlıq Qarabağın yeganə müxalifətçisi , “prezidentliyə namizəd” Ayk Xanumyan da Paşinyanın çağırışına reaksiya verib və torpaqların qaytarılmasının müzakirə predmeti olmayacağını bildirib. Habelə indiki “dqr xarici işlər naziri”, digər namizəd Masis Mailyan hələ 2009-cu ildə həmsədrlərə təklif edilən nizamlama variantı ilə razı olmadıqlarını çatdırdığını, indi də bu mövqedə qaldığını deyib.

Müzakirələrə “dqr prezidentliyinə” daha bir namizəd-Ruslan İsraelyan da qoşulub və işğal edilmiş bütün torpaqların “Qarabağ xalqına məxsus olduğunu” bildirib. Onun fikrincə, Qarabağ məsələsini “bütün xalq həll etməlidir”. Və danışıqlar qarşılıqlı güzəştlərə yox, Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyini  “bütün ətraf ərazilərlə birlikdə tanımasına” əsaslanmalıdır.

Virtualaz.org-un yazarı F.Məmmədov bildirir ki, Paşinyanın məntiqi ilə Qarabağ danışıqlarına artıq nöqtə qoymaq olar. “Çünki o, Qarabağ məsələsində növbəti populist gediş edərək  ətraf rayonların qaytarılmasını, Dağlıq Qarabağın isə referendum yolu ilə müstəqillik əldə etməsinə yol açan, əslində Azərbaycan üçün təslimçiliyə bərabər olan həll modelini ancaq Qarabağda “prezidentliyə namizədlərin” razılığından sonra yenidən masaya qaytara biləcəyini açıqladı. Və dərhal onun çağırışına rədd cavabları gəldi-qarabağlı siyasətçilər hamısı bir ağızdan bildirdilər ki, nəinki 7 rayon, ümumiyyətlə heç bir qarış da olsun torpaq qaytarıla bilməz. Deməli, Paşinyan daha özünü yorub danışıqlar barədə danışmalı deyil.  Eləcə də danışıqlar Azərbaycan üçün də bitmiş sayılmalıdır. Axı danışıqlar torpaqların qaytarılmasını da nəzərdə tutmayacaqsa o zaman Azərbaycan niyə vaxtını belə mənasız prosesə sərf edir ki?!”

ERMƏNİLƏRİ BU SƏNƏD TƏMİN EDİR

Qeyd edək ki, Paşinyanın bəhs etdiyi sənəd uzun illər danışıqlarda müzakirə olunan və “Madrid prinsipləri”inə əsaslanan nizamlama variantıdır. Hansı ki, tərəflər bu sənədi razılaşdıra bilmədilər və əsas səbəb Dağlıq Qarabağın yekun hüquqi statusunu müəyyən edəcək referendumun müddəti, keçirilməsinin şərtləri kimi məqamlarda yaranan ziddiyətlərdir.

Əslində ermənilərin bu “inkar” oyununun arxasında ciddi diplomatik qələbəyə yönlənmiş məqsəd durur.

“Madrid” və “Kazan” prinsiplərinə əsaslanan sülh sazişlərinin əsas məqsədi – AZƏRBAYCAN RESPUBLİKASINI YAXIN GƏLƏCƏKDƏ XIRDA “DÖVLƏTCİKLƏRƏ” PARLÇALANACAQ KONFEDERARİV BİRLİYƏ ÇEVRİLMƏSİDİR. Bu sazişlərə görə Azərbaycan tərkibində böyük konfederativ hüquqlara malik olan “arsax respublikası” yaradılır. Bu, isə, birincisi, erməni işğallarını hüquqi cəhətdən bərkidilməsidir. İkincisi, Azərbaycan Respublikası öz üzərinə işğalçılara və separatçı terorçulara qarşı güc tətbiq etməyəcəyi qarşısında hüquqi öhdəlik götürəcək. Üçüncüsü, Azərbaycan Respublikasının ərazi bütövlüyü və quruluşu bütün respublika vətəndaşlarının deyil, hansısa mahalın əhalisinin səsini nəzərə alan referendumla dəyişdirilə bilməsi kimi dövlətimizin dağılması üçün hüquqi pretendent yaradan təcrübə tətbiq ediləcək. Dördüncüsü, rəsmi Bakının yarımmüstəqil respublika olan “arsaxın” paytaxtı Xanıkəndi üzərində idarəçiliyinin itirlməsinin hüquqi baxımdan təsbit edilməsidir. Beşincisi, “arsax respublikası” və azad edilmiş ətraf rayonlar üzərində rəsmi Bakı heç bir gerçək təsir imkanlarına (polis, ordu, məhkəmə) malik olmayacaq. Altıncısı, Azərbaycan Respublikasının erməni işğalçı və terroçularına bu cür rüsvayçı güzəştlərə getməsini görən digər separatçılar da güclü müqavimətə başlayacaqlar (“əli silahlı, azərbaycanlılara qarşı “etnik təmizləmə” aparmış, namusu tapdalamış erməni terrorçularına yarımmüstəqil dövlət hüququ verirsinizsə, bəs, bizə niyə vermirsiniz?!” – kimi şüarlar).

RƏDD OLSUN “MADRİD” VƏ “KAZAN” PRİNSİPLƏRİ ADLI TƏSLİMÇİ RAZILAŞMA!

Ermənilər belə bir incə oyun aparırlar ki, guya onlar Madrid və Kazan prinsipləri əsasında razılaşmanı qəbul etmirlər. Görünür, bu oyun həm Moskva, həm də Vaşinqton siyasi dairələrindən də dəstəklənir. Oyunun davamı belə olacaq ki, Azərbaycana 1-2 işğal altında olan torpağını azad etməyə göz bağlayacaqlar, sonra guya ermənilər “sınacaq” və rəsmi Bakıya təzyiqlər olacaq ki, ermənilər artıq məğlubdurlar, bu sazişləri imzalamağa məcburdurlar, siz də imzalayın.

Ad gedəcək ki, Azərbaycan döyüş meydanında qələbə çaldı və erməniləri məcbur etdi ki, sənədə imza atılsın, bu da Azərbaycanın diplomatik qələbəsidir və s. Yəni, əslində ermənilərə sərf edən şərtlərlə dolu, Azərbaycan üçün məğlubiyyət demək olacaq sənəd imzalana bilər…

Əlbəttə, işğal edilmiş torpaqlarımızın məsələsi hələki həll edilməyəcək. Çünki Cənubi Qafqaz uğrunda ABŞ-la Rusiyanın mübarizəsi bitməyib. Bu mübarizədə kim qalib çıxacaqsa, o da ermənilərin xeyirini güdən həmin şərtlərlə sazişi imzalamaq üçün rəsmi Bakını və Azərbaycan xalqını aldatmağa çalışacaq.

Biz isə, hər bir bəhanə ilə Millətimizin məğlubiyyətinə hüquqi yön verən Madrid və Kazan prinsipləri ilə dolu təslimçi sənədi imzalamamalıyıq!

Qarxunlu

“Millətçilik” qəzeti