Blaqoevqrad

(əvvəli ötən sayımızda)

 

Blaqoevqrad- yaşıllıqlarla zəngin vilayətdir. Dəniz səviyyəsindən 360 metr yüksəkdə yerləşir və 29 min kvadrat km ərazini əhatə edir. Ötən yazıda qeyd etdiyim kimi vilayət iki çayın arasında (Struma və Bistrica) və 3 dağ silsiləsinin (Pirin, Şumen və Rila) dağlarının əhatəsində yerləşən meşəliklə bol olan şəhərdir. Havası çox təmizdir.

Səhər yuxudan bizi müxtəlif quş səsləri oyadırdı. İsti avqust günündə sübh tezdən günəşin çıxmasına baxa-baxa sərin dağ havasını ciyərlərinə çəkib dərin nəfəs alanda həyatın nə qədər şirin olduğunu anlayırsan. Düzdür, bütün bu gözəlliklər mənə canım Vətənim Azərbaycanın yerini heç cür verə bilmirdi. Vətənin havası, suyu daha doğma, daha şirin, daha gözəldir.

 

Çətirli  Mərkəz

Şəhərin mərkəzində Çətirli Mərkəz adı ilə məşhur olan gözəl və maraqlı yer var. Mərkəzi küçə bizim Fəvvarələr Meydanına bənzəyir, lakin ağaclarla əhatə olunmuş meydanın yuxarısını rəngbərəng çətirlərlə bəzədilib. Çətirlər meydanın bir başından digər başına bərkidilmiş tellərə bağlanıb. Hər bir çətirin üzərində “Blaqoevqrad şəhər bələdiyyəsi” sözü yazılıb. Şəhərdə təmizlik işlərinə xüsusi önəm verilir. Hər addımbaşı zibil yeşiklərinə rast gəlmək olur. Çətirli Mərkəzin sağ və sol tərəflərində brend butiklər yerləşir. Mənim şəhərdə ən çox sevdiyim yer də məhz elə Çətirli Mərkəz idi. Fürsəti əldən verməyib Bolqarıstanda olduğumuz 1 ay müddətində ən çox bəyəndiyim və gəzdiyim yer də elə bu mərkəz idi.

Məşhur Largo Mall

Çətirli Mərkəzin sonunda məşhur Largo Mall var. Orada da bizdəki kimi brend mağazalar fəaliyyət göstərir. Qiymətlər kifayət qədər bahalıqdır. Largo Mall çox maraqlı formada işıqlandırılıb. Bizdəki “Alov Qüllələri”ndəki kimi rənglər bir neçə saniyədən bir dəyişir və bu da gecə görünüşünü çox möhtəşəm edir.

Largo Malla üzbəüz isə Blaqoevqradın Opera və Balet Teatrı yerləşir ki, biz orada olan müddətdə Teatr yay tətilinə çıxdığı üçün heç bir tamaşanı izləyə bilmədik.

Eyni zamanda Çətirli Mərkəzdə xeyli sayda restoranlar yerləşir. Restoranlarda yeməklər kifayət qədər bahadır. Demək olar ki, qiymətlər Bakı ilə bərabərdir.

 

Bazar-Pazari

Blaqoevqradda bazar həftədə iki dəfə olur. Üçüncü və altıncı günlər. Bu da yalnız meyvə-tərəvəz, bal, kənd təsərrüfatı məhsulları bazarıdır. Bu bazarlarda ət satılmır. Ət yalnız marketlərdə satılır. Onu da qeyd edim ki, bolqarlar bazara –Pazari deyirlər. Bazarda qiymətlər bir o qədər də ucuz deyil.  Ancaq bu ərazilərə məxsus olan təmiz balı buradan ucuz qiymətə almaq mümkündür. Bolqarıstanda bal boldur və ucuzdur. Təmiz ləzzətli dağ balının qiyməti çox münasibdir. Bizdə 1 kilo balın qiymətinə orada 3 kilo bal almaq mümkündür.

 

Məşhur universitetlər – Bolqarıstanda Amerikan Universiteti və Neofit Rilskiy Universiteti

 

Blaqoevqradda iki məşhur universitet mövcuddur. Bunlardan biri 1991-ci ildə yaraılmış Bolqarıstanda Amerikan Universitetidir. Burada təhsil almaq çox baha başa gəlir. Bu universitetin tələbələrinin 50 faizi xarici ölkələrdən gələnlərdir. Bu universitetdə 40 şəhərdən 5 kontingentdən gələnlər təhsil alır. Universitetdə 1000 tələbə təhsil alır. Blaqoevqrada gedən kimi ilk baş çəkdiyimiz ünvan bu universitet və onun zəngin kitabxanası oldu. Yay tətili olduğu üçün universitet boş idi. Xatırladım ki, adıçəkilən universitetdə Azərbaycandan da təhsil alan tələbələr var. İllik təhsil haqqı 12 min dollardır. Kifayət qədər məbləğ olduğu üçün o universitetdə hər adam təhsil ala bilmir.

 

Neofit Rilskiy Universiteti

İkinci universitet 1975-ci ildə açılmış Neofit Rilskiy Universitetidir. Bolqarıstanda ən böyük universitetlərdən sayılan bu ali təhsil ocağında 13 minə yaxın tələbə təhsil alır. 800-dən çox müəllim çalışır. Universitetdə 470 akademik ştatı mövcuddur. Universitetin 18 korpusu, 72 laboratoriyası və komputer zalı, 84 seminar zalı var və 8 fakültə mövcuddur.

Hiper-marketlər

Blaqoevqradda iki məşhur hiper-market, bir böyük super-market var. “Koufland” və “Lidl” hiper- marketləri, “Billa” super-marketi. “Koufland”da bazarlıq zənbil- arabaları marketin çölündə düzülüb və zəncirlə bir-birinə bərkidilib. Arabanı götürmək üçün ora xırda pul qoymalısan. Bazarlıq edib marketdən çıxanda isə arabanı yenidən yerinə qoyan şəxs həmin xırda qəpiyi götürür. Marketlərdə az satıcı gözə dəyir. Demək olar ki, ərzaq bölmələrində heç bir işçiyə rast gəlmək olmur. Marketlərdə Azərbaycandakı kimi çeşid bolluğu yoxdur. Dəmləmək üçün çay tapmaq müşkülə dönmüşdü. “Koufland” hiper-marketində alıcılar tərəvəzi özləri yığıb kassaya qoyur, çəkib pul qəbzini də özləri üstünə yapışdırır. Kassa aparatlarına monitor quraşdırılıb və bu monitorda bütün meyvə-tərəvəzin şəkli, adı və qiyməti  yazılıb. Tərəvəzi torbaya yığıb tərəzinin üzərinə qoyub həmin tərəvəzin şəklinə tıklayırsan. Bu zaman həmin meyvə -tərəvəzin çəkisi və qiyməti olan çek əlinizdə olur.

Bir az da dil barədə

Onu qeyd edim ki, bolqar dili slavyan dil qrupuna aiddir. Amma eyni zamanda 600 illik Osmanlının hakimiyyəti altında olmaları bolqar dilinə xeyli türk sözünün gəlməsinə səbəb olub. Bolqarlar kirill əlifbası ilə yazırlar. Sözlərin çoxu rus-slavyan və türk sözləridir. Demək olar ki, iki dilin qarışıqından yaranmış bir dildir bolqar dili. Məsələn, mağazaların vitrinində “çanti, obuvki, corapi” sözlərinə rast gələndə artıq bilirsən ki, bu mağazada çanta, ayaqqabı və corab satılır. Bazar isə elə Pazar yazılır. Xiyara-krastavica, bibərə-çuşka, yumruya-sivri, qarpız-yemişə-dınya, şaftalıya-persik, toyuğa-pırleşka, mal ətinə -teleşka, ymurtaya yayço, pomidora domates deyirlər.

 

Boçinovo Meşə-Parkı

Blaqoevqradda Bocinovo adlı çox böyük və məşhur park var. Şəhərdən 3 km yarımlıq məsafədə yerləşən və əslində cəngəllikdən ibarət meşədir, amma dövlət qoruğu kimi saxlanılaraq Park statusu verilib. Bu meşə -parkın ərazisi 2 km yarımı əhatə edir. Orada velosipedləri icarəyə götürüb parkı gəzmək olar. Həmçinin, ayrıca velosiped yolu da çəkilib. Hər halda parkda ayı, varan, tülkü, çaqqal və dovşan olmur. Hansı ki, hava qaralan kimi tülkü və çaqqalların səsi şəhərə gəlirdi. Dovşanları isə hər adam görə bilərdi. Meşə-Parkda ayı və varanın olmasını isə Parkın girişində qoyulmuş xəritədə və xəbərdarlıq lövhəsində gördük. Onu da qeyd edim ki, dəstəmiz Boçinovo meşə-parkını gəzdikdən sonra oradan şəhərə 2 km olduğunu nəzərə alaraq piyada geri qayıtmaq qərarına gəldi. Bu vaxt yol yoldaşlarım olan arxeoloji ekspedisiya üzvləri ilə birlikdə uzun bir yol qət etməli olduq. Yol çox təhlükəli və dolanbac idi. Meşə getdikcə daha da qalınlaşır və zülmət qaranlıqda telefonların işığında yol getməli olurduq. Hər şeydən təhlükəlisi isə bu meşənin dərinliyindən  gələn vahiməli ayı səsləri idi. Əlimizə ağac götürüb ayının indicə bir yerdən çıxıb üstümüzə gələcəyini gözləyə-gözləyə zülmət qaranlıqda yolu ayağımıza doladıq. Nəhayət ki, şəhərin işıqları görünəndə ürəyimiz təskinlik tapdı.

 

Xörəkləri

 

Bolqarlar bizdəki çoban salatına “Şopskaya salat” deyirlər. Restoranlarda qoyun-mal ətindən xörək tapmaq müşküldür. Əksər xörəklər donuz və toyuq ətindən hazırlanır. Toyuq ətindən hazırlanan xörəklərə “Pırleşka” deyirlər. Məsələn, sup pırleşka-toyuq supu, bobovaya sup – lobya supu, kartof qızartması, ət qızartması, yarpaq dolması hazırlayırlar. Bolqarlar xörəkləri həddən artıq böyük qablarda təqdim edirlər. İkinəfərlik yemək bir pay hesab edilir. Salatların demək olar ki, əksəriyyətinə pendir qatırlar. Sac-içi də hazırlayırlar. Demək olar ki, bolqar xörəklərinin içində də xeyli türk xörək və salatları var.

Diaspor

Bolqarıstanda Azərbaycan diasporu çoxdan yaradılıb.  Azərbaycan Dostluq Cəmiyyəti: 2003-cü ildə yaradılmışdır, ünvan – Blaqoevqrad şəhəri.

 

Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyəti: 2004-cü ildə Bloqoevqrad şəhərində Amerika Universitetində oxuyan azərbaycanlı tələbələr yaradıb, ünvan – Blaqoevqrad şəhəri.

Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyəti:  5 iyul 2005-ci ildə Bolqarıstanın Sofiya şəhərində Bolqarıstan-Azərbaycan dostluq cəmiyyəti yaradılmışdır.

(ardı var)

Sevda Elay Əsgərova

Bakı-Sofiya-Blaqoevqrad-Bakı