RİLA ŞƏHƏRİ

Rila şəhəri Bolqarıstanın ən məşhur şəhərləri sırasındadır. Yaşıllıqlarla əhatə olunmuş bu balaca şəhər dəniz səviyyəsindən 593 metr yüksəklikdədir. Əhalisinin sayı 2400 nəfər təşkil edir. Rila şəhərində dünyada məşhur Rila Monastırı və Piramida Dağları yerləşir. Bütün dünyadan hər il bu Monastırı ziyarət etməyə  minlərlə turist gəlir.

STOB PİRAMİDALARI

Onu qeyd edim ki, bolqarlar hər həftəsonu mütləq şəkildə piknikə, ya da səyahətə çıxırlar. Bizim də vaxtımız məhz həftə sonları olduğu üçün adını eşitdiyimiz məşhur Stob Piramidalarını görmək üçün ora yola düşdük. Stob Piramidaları elə Rila Monastırına gedən yolun üstündə Stob qəsəbəsinin yaxınlığında yerləşir. Qəsəbəyə qədər taksi ilə gəldikdən sonra dağlara yol aldıq. Çünki, ora maşın yolu yoxdur. Dağlara qalxan yolda rəngbərəng çöl-çəmən gülləri və kəpənəklər vardı. Dağa qalxmaq üçün torpaq pilləkən düzəldilib. Piramidalar qoruqdur və ora giriş pulludur. 2 saata yaxın dağa qalxmalı olursan. Mütləq şəkildə suya ehtiyac olur. Nəhayət ki, Stob Piramidalarına yaxınlaşdığımızı xəbər verən lövhəylə qarşılaşdıq.

         Orada Piramidalar haqda məlumat verilməklə bərabər, həm də yeri zibilləməməklə bağlı xəbərdaredici sözlərə da rast gəlirdik. Qeyd edim ki, piramidalara gedən yolda çoxlu sayda oturacaqlara və balaca zibil qablarına rast gəlirdik. Yuxarı qalxdıqca təngnəfəs olanda dayanıb dinci almaq üçün skamyalar qoyulub. Üstəlik, 4-5 yerdə üstü örtülü taxta daldalanacaqlar da qurulub ki, yağışdan və günəşdən qorunmaq üçün məhz bu daldalanacaqlar köməyə gəlir.

         Stob Piramidaları maraqlı yerdir. Piramidalar 7.4  hektar ərazini əhatə edir. Qaya formasında olan Stob Piramidalarının hündürlüyü 12 metr, diametrləri isə  40 metri əhatə edir. Bəzi Piramidaların ucu şiş, bəzilərinin isə uc hissəsində iri daş var. Bu görünüşü ilə qaya parçası göbələyi xatırladır.

         İkinci Piramida zonası ilə tanış olmaq üçün bir az da dağlarla qalxmalı olduq.  Dağlarda sürüşmə olduğu üçün yol get-gedə darlaşır, sürüşkən və təhlükəli olurdu. Nəhayət ki, çətinliklə də olsa ikinci Piramida silsiləsini görmək bizə nəsib oldu. Şəkillər çəkib geri döndük.

RİLA MONASTIRI  

Stob Piramidalarından enib yenidən taksilərlə Rila Monastırına yol alırıq. Yol meşənin içərisindən keçir. Ətrafdan meşənin ətri, çayın şırıltısı və quşların səsi eşidilir. Ən çox sevdiyim səslərdir. Sakitlikdə səsləri dinləyərək Rila Monastırına çatırıq. Turist avtobusları və şəxsi avtomobillərlə gələnlər burada çoxdur.

Rila Monastırı X əsrdə tikilib və əsası İohann Rılski tərəfindən qoyulub. Monastırın cox möhtəşəm  binası var və bu binanın divarlarını qızılı işləməli bir-birindən maraqlı Freskalar bəzəyir. Rila dağlarından  şimal –qərbdə yerləşən bu Monastır dəniz səviyyəsindən 1147 metr hündürlükdədir və Sofiya şəhərindən 117 km məsafədə yerləşir. Monastıra qolsuz köynəkdə, heyvanlarla (itlə, pişiklə), qadınlara başıaçıq girişin qadağan olunması lövhəsi 1-ci nəzərə çarpır. Monastır 1983-cü ildə YUNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilib.

İohann Rılski (876-946) monastırın yaxınlığında  bir mağarada yaşayıb. Bu monastırı onun tələbələri tədris üçün tikiblər. Amma Monastır hazır olandan sonra Bolqar dövlətinin  dəstəyini alıb. Bu monastırın ən parlaq dövrü XII-XIV əsrlərə aiddir. XIV əsrdə zəlzələ baş verir və Monastır dağılır. Bu zaman yerli feodal Xerlo Draqovol onu yenidən tikir və burada memarlıq ansamblı yaradır. 1466-cı ildə monastırı  mənəvi və mədəni cəhətdən inkişaf etdirmək üçün Küstendil vilayətindən 3 qardaş – David, Tofan və Yuasaf qardaşları İstanbula Sultanın qəbuluna gələrək Sultandan maddi yardım istəyirlər. Bu vaxt Sultan qardaşlarla müqavilə bağlayaraq Bolqarıstanda iki müqəddəs məbədin təmir-bərpası üçün maliyyə ayırır. Bu məbədlər Rila Monastırı və Afon dağlarındakı Müqəddəs Panteleymon muzey- məbədləri olur. Hər iki memarlıq kompleksi bu günə qədər yaxşı qorunub saxlanılır. Hər iki məbədin tikilib bərpa olunmasında Osmanlı Sultanının böyük maddi dəstəyi öz rolunu oynayıb. Bolqarıstanda Türklərin hakimiyyəti illərində Rila Monastırı bolqar dilinin və mədəniyyətinin qoruyucusu rolunu oynayırdı. 1469-cu ildə İohann Rılskinin cəsədinin qalıqları Tırnovo şəhərindən bu monastıra gətirilir. Ayrı-ayrı dövrlərdə bir neçə dəfə yanğından ziyan çəkən Monastırı bərpa etmək üçün bəzi hallarda bütün ölkə pul toplayıb. 1844-cü ildə maarifçi Neoft Rılski monastırı məktəbə çevirir.

1976-cı ildə Monastır Milli-Tarixi Muzeyə çevrilir. 1991-ci ildə Monastırı Bolqarıstanın Müqəddəs Sinoda Kilsəsinin himayəsinə verirlər.

Monastırın böyük həyəti var. Monastırın girişinin yanında  açılan mağazada  Bolqarıstana aid, Rila Monastırına aid şəkillər, açıqcalar, ikonalar,  dini kitablar baha qiymətə turistlərə satılır. Rila Monastırında satılan monastır balı isə, bütün ölkədə məşhurdur. Turistlər bu monastırı ziyarət edib foto və videoçəkiliş edirlər. Monastıra giriş pulsuzdur. Monastırda diqqətimi çəkən bir-birindən maraqlı və qızılı suyla işlənmiş freskalar idi. Amma onu da qeyd edim ki, məbədin tikilişi, quruluşu və memarlığı bizim karvansaralara çox bənzəyirdi. Hətta pəncərədəki şəbəkə şüşələri də eynilə Şəki Xan Sarayındakı rəngbərəng şüşələr kimi idi.

Sevda Elay Əsgərova

(ardı var)