BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 73-cü sessiyasının açılışındakı ənənəvi ümumi müzakirələrdə 84 dövlət və 44 hökumət başçısı iştirak edəcək.

Bakıxəbər.az xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterriş bəyan edib.

“Birləşmiş Millətlər Təşkilatı (BMT) beynəlxalq əməkdaşlığın əvəzolunmaz orqanıdır. 84 dövlət və 44 hökumət başçısının ümumi müzakirələrə gələcəyi faktı beynəlxalq ictimaiyyətin BMT-yə olan etimadını bir daha təsdiqləyir”, – o deyib.

Qeyd edək ki, ümumi müzakirələr sentyabrın 25-də başlayacaq və oktyabrın 1-dək davam edəcək. Ənənəvi olaraq, açılışı Braziliya edir, onun ardından BMT-nin mənzil-qərargahının yerləşdiyi ölkə kimi ABŞ çıxış edir.

Müzakirələrin ilk günündə – sentyabrın 25-də ABŞ Prezident Donald Trampdan sonra Baş Assambleyanın nümayəndə heyətlərinə Türkiyə, Meksika, Fransa, İran və Qırğızıstan prezidentləri də müraciət edəcəklər. Gürcüstan prezidenti natiqlərin siyahısında sentyabrın 27-nə, Ermənistan və Moldovanın prezidentləri isə sentyabrın 28-nə təyin edilib.

Sentyabrın 25-də BMT Baş Assambleyası çərçivəsində BMT-nin sülhməramlılığına həsr olunmuş iclas keçiriləcək.