Müsahibimiz Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin fizika müəllimi, texniki fənlər üzrə metodbirləşmə sədri, müəllimlərin həmkarlar təşkilatının sədri Nüşabə Quliyevadır.
Maraqlı həmsöhbət olan Nüşabə müəllim ötən günlərdən, uşaqlıq arzularından, orta məktəb müəllimlərindən söz açdı.Öyrəndik ki,
ziyalı ailəsindən dünyaya göz açan Nüşabə xanım birinci sinifdən bütün dərslərə həvəslə yanaşıb, Hacıkənd kənd orta məktəbini əla qiymətlərlə bitirib.Hər zaman ictimai fəallıqı ilə seçilib.1985-1986 – cillərdə Kəlbəcər şəhər sovetinin deputatı seçilib.
İlk iş fəaliyyətinə də elə məzunu olduğu məktəbdə başlayıb.1993-cü ildən isə qaçqın düşüblər.Nüşabə xanım o əzablı və dəhşətli dövrü belə xatırlayır: – Ayın 29 – u yoldaşım işə getdi.Atışma səslərindən qulaq tutulurdu.Göydən sanki alov tökülürdü.
Atılan top atəşlərindən şəhər od tutub yanırdı
Mən dedim ki, tezliklə ermənilər gələcək,biz də hazırlaşaq gedək .Qaynatam da bizdə idi.O dedi ki, dişiniz-dırnağınızla ərsəyə gətirdiyiniz bu imarətləri qoyub hara gedirsiniz? Yoldaşım isə işçilərə əmək haqlarını verməyə getmişdi.O işıq idarəsində həm mühasib, həm də xəzinədar idi.Həyat yoldaşım Şahın evə gələndən sonra bizə dedi ki, gəlin qonşunun maşını ilə sizi yola salım.Qonşunun maşını ilə gündüz çıxa bilmədik.Çünki aramsız atırdılar.Nəhayət axşam düşəndə birtəhər çıxa bildik.Böyük oğlum Pərviz ağlayıb dedi ki, mən qarmonumu da götürmək istəyirəm.Mən dedim ki, onun yerinə 1 vedrə yağ götürək.Hardan biləydik ki, axırıncı dəfə çıxırıq evdən.Həyətimizdə maşın var idi.Onu qaynım Mahir Nəcəfov sürürdü.Ondan savayı maşını sürə bilən yox idi.Yoldaşım da sürə bilmirdi.Qaynım ermənilər tərəfindən yaralanmışdı.Bakıda xəstəxanada yatırdı o vaxt.Qayınanamgil kənddə idi.Qayınatam yoldaşıma dedi ki, gedək kəndə,ananı da gətirək.
Bizi yola salandan sonra onlar kəndə qayıtdılar.Biz degərkən ermənilər yolu top atəsinə tutdular.O dəhşətlər hələ də gözümün qabağındadır.Hər partlayışda biz vahimə içində qışqırırdıq.Zülümlə Gəncəyə,tələbə yoldaşımgilə gəldik.Yoldaşımgildən isə bir xəbər yox idi.Uşaqlar ağlayıb özlərini öldürürdülər.İkinci gün Xanlara,qərargaha getdik ki, bir xəbər tutaq.Getdik qərargaha.Orda da dedilər ki,hamını qırdılar.Heç kimdən xəbər yoxdu.Gecə qayıdıb gəldik yenidən Gəncəyə.Göz yaşlarımız qurumurdu.Ayın 4 –ü gecə qapı döyüldü.Tələbə yoldaşım dedi ki , bu Şahindi.Dedim nə bilirsən?Dedi, gecə vaxtı kim döyər qapını?Mütləq Şahindi bu.Qapını açanda dəhşətə gəldik.Şahini bir yorğana bürüyüb müqəvva kimi qanın içində gətirmişdilər.Demə dostları yaralı vəziyyətdə gətiriblər..Ayağına güllə dəymişdi.Onu qan içində biz olduğumuz ünvana çatdırdılar.Dedim a Şahin ana-ata hanı?Səsi də çıxmırdı.Dedi ki, çatır kəndində atam və anamı ermənilər aldılar əlimdən.Valideyinləri evlərindən çıxmaq istəyib.Doğma torpağı qoyub getmək istəməyiblər.Ermənilər onları görən kimi gülləbaran ediblər.Şahin yaralı halda özünü Çaykənddə körpünün üstündən Tərtərə atıb və dünyasını dəyişib.Dostları onun Tərtərdə körpüyə çıxarıb keçiriblər.Ondan başqa da Gülzar adlı qadın da özünü suya atıbmış.
O dəhşətli günlər yadıma düşdükcə özümü pis hiss edirəm.(Kövrəlib,ağlayır) Sonralar Pəri adlı biri girov qadın gəlmişdi ora.Ondan soruşublar ki, a Pəri Şahinin ana- atasından nə xəbər? O deyib ki, onları da Şahini də ermənilər öldürüblər.O, bilmirdi ki yoldaşım Şahin sağdı.Anam bu dərdlərə dözmədi Kəlbəcər deyə – deyə dünyasını dəyişdi.Atam da anamdan sonra çox yaşamadı.İndi nə anam nə atam nə də, vətənim var.Yaxşı ki, dövlətimiz var.
Nüşabə müəllimə sonradan yenidən doğma məktəbə geri döndü.İlk iş fəaliyyətinə məzunu olduğu Sınıqkilsə kənd tam orta məktəbində başlayıb.Sonralar Kəlbəcər Rayon 1 nömrəli orta məktəbdə, 1993-cü ildə isə Gəncədəki 11 nömrəli tam orta məktəbdə işləyib.
Artıq 20 ildir 84 nömrəli tam orta məktəbdə çalışır.Kollektivlə doğmalaşıb,buranı özünün ikinci evi sayır.Nüşabə müəllimin indi dərs dediyi şagirdlərdən, artıq məzun olmuş keçmiş yetirmələrindən də böyük məhəbbətlə söz açdı.Qeyd etdi ki, şagirdləri hər il yüksək balla ali məktəblərə qəbul olunurlar.Onların arasında həkim,müəllim,hüquqsünasdan tutmuş, bütün sənət sahiblərinə rast gəlmək olar.Hətta bir neçəsi bu gün Nüşabə müəllimlə çiyin –çiyinə çalışır.
– Maraqlıdır, öz yetirmələrinə ana kimi yanaşan Nüşabə müəllimənin övladlarından onun yolunu davam etdirən varmı?
– Çox istəyərdim ki, oğlumdan heç olmasa biri müəllim sənətini seçəydi.Amma böyük oğlum atası kimi energetik oldu.Həyat yoldaşım Şahin Nəcəfov illərdi ki, bu sahədə çalışır.İkinci oğlum uşaqlıqdan çox sevdiyi Kəlbəcərə qayıtmaq arzusunda olub.Ürəkdən istəyirdi ki, kənd təsərrüfatında ən lazımlı sənətlərdən olan baytar həkimi kimi öz doğma rayonumuzda fəaliyyət göstərsin.Lakin hələ ki, bu arzusu yerinə yetməyib və başqa sahədə işləməyə məcbur qalıb.Onlar hesab edirlər ki, müəllim sənəti daha çox qadınlar üçündür.
-Bəs sizin müəllim sənətinə sonsuz sevginiz və bağlılığınız hardan qaynaqlanır?
Bilirsiniz o vaxtlar kənd yerlərində qızların ali təsil alması çətin məsələ idi.İş – güc çox olurdu.Uşaqlar məktəbdən gələndə dərs əvəzinə təsərrüfat işləri ilə daha çox məşğul olurdular.Xüsusilə qızların evdə başını qaldırmağa vaxtları olmurdu.Mən isə uşaqlıqdan bilik – təhsil almağa çox həvəsliydim.Həttda işlərdən qaçıb gizlin yer tapıb dərslərimi oxuyurdum.Dəqiq elmlərə marağım daha çox idi. Beləcə ali məktəbi yüksək qiymətlərlə bitirdim.Ən böyük arzum ali təhsil almaq idi. Amma o vaxt bu istəyin qarşısını alan çox əngəllər vardı.Qızlar üçün ali təhsil əlçatmaz arzu idi.Bizim Bakıda qohumlarımız yox idi.Əslində ailəm də mənim oxumağımı istəyirdi.Lakin çətinliklərə dözə bilməyəcəyimdən qorxurdular.Atam yalvarışlarıma və göz yaşlarıma dözməyib məni Bakıya gətirdi.Müəllimimin Bakıda yaşayan qardaşıgilə yerləşdirdi.Sənədlərimi universitetə verəndən sonra geri qayıtdı.İmtahanları uğurla verdim.Sevincimin həddi – hüdudu yox idi.O vaxt kənddə telefon olmadığından əlaqə saxlayıb sevincimi bölüşə bilmədim.Amma artıq kəndə xəbər yayılmışdı ki, Nüşabə ali məktəbə daxil olub.Lakin atam inanmamışdı.Sonra əmin olanda çox ssevinmişdi.Mən bütün çətinliklərin öhdəsindən gələrək ali məktəbi bitirdim.Kəlbəcərin Sinokeniz kəndində universitetə girən ilk qız mən oldum.

-Müəllimlər çox vaxt gileylənirlər ki,İndiki şagirdlərin biliklərə pillə-pillə,tədricən yiyələnməyə səbirləri çatmır.Hər şeyə birdən nail olmaq istəyirlər.Bu məsələyə münasibətiniz.
-Bu haqlı gileydir.Həqiqətən də müasir texnologiyalara,kompüter,internet uşaqları səbirsiz edib.6 – cı sinif şagirdi 11- ci sinifin proqramından sual verir.Halbuki sadədən mürəkkəbə, asandan çətinə doğru öyrənmək biliklərin daha yaxşı mənimsənilməsini təmin edir.
-Məktəb rəhbərliyinin müəllimlərə diqqət və qayğısını necə qiymətləndirirsiniz?
-Direktorumuz Həqiqət Məmişova ilə uzun zaman ərzində,20 ildən çoxdur ki, birlikdə çalışırıq.Onu özümə çox yaxın, doğma hesab edirəm.Həqiqət xanım orta və ali məktəbi fərqlənmə ilə bitirib.
-Çox savadlı pedaqoqdur,mütailəsi geniş,dünyagörüşü zəgindir.20 il ərzində direktorumuz təlim-terbiyə işləri üzrə mavini kimi fəaliyyət göstərib..Direktor imtahanlarını uğurla verərək məktəbimizə rəhbər təyin olunub.Hazırda direktor kimi gergin çalışmaqla mövcud problemlərin əksəriyyətinin həllinə nail olub.
Tədris binamız acınacaqlı vəziyyətdə idi.Hazırda təmir olunaraq pedaqoji kollektivin və şagirdlərin istifadəsinə verilib.Sınıq-salxaq avadanlıqlar yeniləri ilə əvəz olunub.Direktorumuz işguzar,fəal,mükəmməl ailə başçısı,gözəl ana,qayğıkeş və diqqətcil iş yoldaşıdır.
Öz işinin öhdəsindən bacarıqla gələn,hər çətinliyi qətiyyətlə dəf edən,kimsəsizlərə həyan çıxan bir insandır.
– Dövlətin qaçqın və köçkünlərə qayğısı sizi qane edirmi?

– Dövlətimizdən çox razıyıq.Bizə hər cür şərait yaradırlar.Əvvəllər Zabrat qəsəbəsində zavod həyətində çətin şəraitdə yaşayırdıq.May ayında bizə Kürdəxanı yaşayış sahəsində bizə ev verdirdilər.Oqlum da ailəsi ilə birgə ayrıca mənzil verdilər.Nə yaxşı ki,
öz xalqının qədrini bilən belə qayğıkeş prezidentimiz var.