…Yolumuz Şəmkirədir. Bura bizi çəkib gətirən Şəmkir rayonunun “Yeni Həyat” kəndində fəaliyyət göstərən “Qala” Ailəvi İstirahət Mərkəzini görmək marağı idi. Öz  unikallığı ilə fərqlənən və Azərbaycanda analoqu olmayan bir məkan olan “Qala” sanki  “Bir Qalanın Sirri” filmindəki nağıllar aləminin Qalasıdır.

Uzaqdan üzərində Azərbaycan bayraqları dalğalanan “Qala” digər istirahət mərkəzlərindən vətənpərvərliyin təbliği, milli-mədəni irsi özündə əks etdirməsi və Azərbaycan tarixini özündə qoruması ilə çox fərqlənir.

“Qala”nın ideya və layihə müəllifi sahibkar Tural Zeynalov öz “Qala”sının mayasına məhz Azərbaycan sevgisini qataraq tikib. İstirahət Mərkəzinin hər tərəfində milli ornamentlərə, milliliyi özündə əks etdirən, qədim Türk mədəniyyətinin daşıyıcıları olan bir çox elementlərə rast gəlinir.

“Qala” XVIII əsr Cavad Xan dövrünü əhatə etdiyi üçün mərkəzin girişində qonaqları Cavad Xanın mühafizəçiləri qarşılayır. “Qala”nın çox maraqlı tikilmə üslubu var. Qala təbii materiallardan – çay daşlarından tikilib. Bənzərsiz bir məkandır “Qala”. Bu yaşıllığa bürünmüş döşəməsi çay daşları ilə döşənmiş gözəl məkanın həyətində bizi 1 cüt Qızıl Qaz (Flaminqo-red)  qarşıladı.

Bu Qala Bizim Qala,

Qaldıqca Bizim Qala,

Tikmədim özüm Qalam,

Tikdim ki, izim Qala.

 

Kimdir Tural Zeynalov?

DOSYE:

Tural Allahverdi oğlu Zeynalov- 1997-ci ildə Kənd Təsərrüfatı Universitetinə daxil olub. 2001-ci ildə Universiteti bitirərək hərbi xidmətə gedib.

2003-cü ildə Şəmkir rayon Gənclər İdman İdarəsinin nəzdində yaranmış Uşaq Gənclər İdman Məktəbində sərbəst güləş üzrə məşqçi müəllim işləyib. 2005-ci ildən Gənclər İdman İdarəsinin rəis müavini, 2007-ci ildə rəhbər kadrların ixtisasının artırılması məqsədilə təyinatla Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsinə ixtisasartırılmaya göndərilib. Eyni zamanda, öz işində işləyib. 2009-cu ildə Akademiyanı uğurla başa vurub.

2016-cı ildə Şəmkir rayon Şiştəpə qəsəbəsində ərazi-inzibati idarəetmə dairəsində icra nümayəndəsi işləyib. Hazırda heç bir dövlət qurumunda çalışmır və sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

 

“İlk dəfə mən Şəmkirdə Alman Evini restavrasiya elədim. Həmin evdə alman üslubunda mansartlı, 2 mərtəbəli restoran açmışdım. Sonradan belə bir ideya üzərində işlədim ki, Azərbaycanın milli-mənəvi dəyərlərini, Azərbaycanın tarixini özündə əks etdirən bir əsər yaradım. 2013-cü ldə bu işə başladım və “Qala” hələ də tikilməkdə davam edir. Bu “Qala” XVIII əsr Cavad Xan dövrünü əhatə edir. Burada hər otağın özünəməxsus üslubu və adı var: Qərargah, Şahın gizli otağı, şair otağı, bazar, çoban otağı, dəmirçi otağı, ovçu otağı, zindan və s. tikmişik. Burada hər kəs ailəsi, qonaqları ilə istirahət edə bilər. Biz buranı inşa edərkən qeyri-adiliyi və tarixi sarayları nəzərə aldıq. – deyir sahibkar Tural Zeynalov.

“Qala”da bir-birindən maraqlı otaqlarla tanış oluruq. Hər otağın öz tikilmə üslubu, fərqli forması və dizaynı var.

“Şahın gizli otağı”, “Ovçu”, “Dülgər”, “Müdafiə Bürcləri”, “Şair Otağı”, “Rus Evi”, “Dəmirçi Otağı”, “Şahın Ziyafət Otağı”, “Ağac-ev” çox maraqlı dizaynla işlənib.  Həmin otaqlara daxil olduqda özünüzü sanki keçmiş zamanda hiss edirsiniz. Məkanın ən qeyri-adi otağı yerin altında yerləşən zindan otağıdır. Ora daxil olanda sanki, keçmiş zamana səyahət edirsən. “Ağac –ev” isə ayrı bir aləmdir. “Ev”-ə daxil olanda sanki ağacın içinə daxil olursan.

“Şair” otağının tam fərqli bir dizaynı var. İçərisi xalçalarla döşənmiş Şair otağında hər bir şair rahatca gəlib oturub şeirlərini yaza bilər.

Məkanın həyətində müxtəlif dizaynda fəvvarə və şəlalələr hazırlanıb. Məkanın ortasından ağacların içindən axan çayın şırıltısı isə insanın ruhunu dincəldir. Həyətdə su tökülən dolçalar asılmış ağac – işıq dirəkləri hazırlanıb.

Məkanın işıqlandırma sisteminin quraşdırılması işi məxsusi qaydada həyata keçirilib. Mən bu dizayna Fransız dizaynerlərinin üslubunda rast gəlmişdim. “Qala”nın bu işıqlandırma sistemini çox bəyəndim.

Tural Zeynalov deyir:-  “Bizim məqsədimiz bu işlərimizi davam etdirmək və ölkəmizin müxtəlif turistik zonalarında bu tip obyektləri yaratmaqdır. Bu, həm bizim ölkəmizin tarixinin, keçmişinin tanınmasına, həm də xarici qonaqların diqqətinin cəlb olunmasına yardım edəcək. Bunun üçün maraqlı şəxslərlə əməkdaşlıq üçün hazırıq. ”.

Sonda onu qeyd edim ki, Tural Zeynalov kimi unikal ideya müəllifi olan gənclərimizin qədrini bilmək, onların bu maraqlı ideyalarından istifadə etmək, kömək etmək, vətəni gözəlləşdirmək, turistləri ölkəmizə cəlb etmək üçün dəstək verməliyik.  Mən Tural Zeynalov və onun kollektivinə bol uğurlar arzulayıram.

“Qala” İstirahət Mərkəzinin xidmətlərindən istifadə etmək istəyənlər aşağıdakı əlaqə vasitəsindən istifadə edə bilərlər:

Əlaqə telefonu: 055 444 -31 -11

Sevda Elay Əsgərova