Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza qısa səfəri hələ də siyasi analitikləri və politoloqları düşündürməkdədir.

Xatırladaq ki, alman kanslerinin əvvəlcə xristian Gürcüstan, sonra xristian “ermənistan” və sonda əsas əhalisi müsəlman olan Azərbaycana səfəri barədə alman KİV-lərinin heç xəbəri yox idi. 24 avqust, yəni səfər ərəfəsində Deutsche Welle informasiya agentliyi “Cənub qaz dəhlizi” problemləri barədə ümumi informasiyanı saytında dərc etdi, amma bu xəbər günorta saytdan yoxa çıxdı. Yalnız A.Merkel artıq dövlət təyyarəsinin göyərtəsində olanda alman KİV-lərinə kansler katibliyindən Cənubi Qafqaza qısamüddətli səfər barədə rəsmi xəbəri ötürüldü.

Belə ki, onun bu səfəri cavablardan və nəticələrdən daha çox suallar doğurmaqdadır. İlk və ən əsas sual: bu səfərin məqsədi nə idi?

VAŞİNQTONA, YOXSA MOSKVAYA MESAJLAR?

Almaniyanın Welt dərgisinin siyasi şərhçisi Mixael Vüllenveber belə bir fikirdə idi ki, Merkelin Cənubi Qafqaza səfərini Rusiya prezidenti Putin qısqanclıqla izləməkdədir və Merkelin səfəri Gürcüstana dəstək xarakteri daşıyır. Merkelin məqsədi üç Cənubi Qafqaz respublikalarında durumu öyrənib, onların “Şərq tərəfdaşlığı” çərçivəsində Avropa Birliyi ilə əməkdaşlığa marağını artırmaq idi.

Amma alman şərhçisinin bu nikbinliyi ilə bir çox analitiklər bölüşmür.

Vaxtilə türk irqinin və islam dininin əzəli regionu olmuş Cənubi Qafqaza A.Merkelin səfərini bir sıra politoloqlar Qərbə ikibaşlı mesaj kimi dəyərləndirirlər. Nəzərə almaq lazımdır ki, bu səfərdən iki gün öncə A.Merkel Rusiya prezidenti V.Putinlə görüş keçirmişdi.

Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun baş elmi işçisi A.Devyatkovun fikrincə, Cənubi Qafqaza səfər Rusiya-Almaniya münasibətlərinin güclü bərpası fonunda baş verir. Merkel NATO-ya, AB-yə və Şərq tərəfdaşlığı üzrə partnyorlarına nümayiş etdirməli idi ki, Moskva ilə dialoq onların zərərinə deyildir. Bunun üçün səfəri ərəfəsində Merkel Rusiyanı qıcıqlandıran mövzuları dilə gətirirdi: Gürcüstanın ərazi bütövlüyü, Cənubi Qaz Dəhlizinə dəstək və s. Amma bu bəyanatların “xala xətrin inciməsin” prinsipi üzrə verilməsi aydın idi.

Belə ki, Azərbaycanın iştirakını ehtiva edən Cənubi Qaz Dəhlizi Rusiyanın qaz kəməri ilə rəqabətə girə bilməz və Qərbi Avropanın bu “dəhlizlə” gələn qaza ciddi ehtiyacı yoxdur. Ümumilikdə, Avropa Birliyinin illik qaz israfı 500 milyard kubmetrdir. Cənubi Qaz Dəhlizi isə, ilkin mərhələdə cəmi 16 milyard kubmetr qaz verəcək. Əgər bu kəmərə türkmən və d. qaz ehtiyatları da nəql olunsa, onda onun Avropaya illik qaz ixracı 31 milyard kubmetrə çatacaq. Bu isə, yalnız Cənubi və Şərqi Avropanın bəzi ölkələrinin Rusiyadan qaz asılılığını aradan qaldıra bilər.

Amma Rusiyanın “Şimal axını — 2” kəməri layihəsi gerçəkləşsə, Avropanın Şimal və Qərb hissəsi ölkələrini illik 55 milyard kubmetr qazla təmin edəcəkdir. Həmçinin, ərazi yaxınlığı Rusiyaya imkan verir ki, bu regiona qazını ucuz qiymətə satsın. Bunu Tbilisidə alman xanımı açıq etiraf edir: “Biz (yəni, Avropa Birliyi) qazı Azərbaycandan da ala bilərik, amma gerçəklik budur ki, rus qazı daha ucuzdur”.

Onun digər sözləri isə, ilk növbədə ABŞ-a ünvanlı idi. “Rusiya — Avropa ilə əməkdaşlığın yaxşı təcrübəsinə malik dünyada vacib ölkələrdən biridir. Biz bir-birimizdən çox şeyi öyrəndik”. Bu sözləri, bir neçə il əvvəl  “Şimal axını — 2” kəməri layihəsinə qarşı çıxış edən həmin o Angela Merkel deyir?!.. Bu yerdə deyiblər ki, səni yanasan ay qız, nə tez bayrağı dəyişdin…

AB, YƏNİ ALMANİYA CƏNUBİ QAFQAZA QƏDƏM QOYUR?

Rosbalt.ru saytının şərhçisi İrina Corbenadze bildirir ki, bu səfərlə A.Merkel dünyaya açıq olaraq müstəqil siyasət yeritdiyini və alman maraqlarını ABŞ-ın istəklərinə qurban verməyəcəyini nümayiş etdirdi. Şərhçiyə görə, alman kansleri rus işğalı altında olan Cənubi Osetiya ilə sərhədə gedib və işğal edilmiş gürcü torpaqlarında rus hərbçilərinə tamaşa edib. “Bu ədalətsizlikdir…” – deyə “Avropanın Anası” bildirir. Tbilisidə isə, Merkel on ildən çoxdur ki, rus qoşunlarının gürcü torpaqlarından çıxarmasını tələb etdiyini xatırladır. Eyni zamanda da alman kansleri bildirdi ki, “mən Gürcüstanın NATO-ya tezliklə daxil olması imkanın görmürəm”. Bu yerdə deyək ki, Gürcüstanın NATO-ya üzvlüyü əleyhinə əsas iki alyans dövləti çıxış etməkdədir: Fransa və Almaniya…

İrina Corbenadze də qeyd edir ki, Bakıda A.Merkel bir “açar ifadə” işlətdi: “Azərbaycan geostrateji əraziyə malikdir, İran və Rusiya ilə sərhədlərə malikdir, Türkiyə ilə sıx əlaqələri var”. Bəlkə elə Putinlə görüşdən sonra Merkelin Cənubi Qafqaza gəlişi, bəzi analitiklərin fikrincə, Rusiya və Almaniya arasında ABŞ-a qarşı qeyri-rəsmi alyansın yaranmasına işarədir?

Bu alyansın aktuallığı, ABŞ-ın İranla “nüvə sazişindən” çıxdıqdan sonra gündəmə gəlib. Avropa Birliyi Vaşinqtonun özbaşınalığına əhəmiyyət verməməyi qərara alıb. Belə bir məqamda İrana və Körfəzə istiqamətli nəqliyyat infrastrukturuna malik   Cənubi Qafqazla, daha doğrusu, Azərbaycanla dil tapmaq daha vacibdir? Beləliklə, Almaniya özü üçün “ehtiyat havaalanı” hazırlayır. Nəzərə alaq ki, istər ümumilikdə Avropa Birliyi, istərsə də Almaniya indiyədək Cənubi Qafqazda aktivlik göstərmirdilər və bu regionu “Rusiyanın bostanı” kimi nəzərdən keçirirdilər.

Beləliklə, Avropa Birliyi ABŞ-ın kölgəsindən çıxıb Cənubi Qafqazda öz “payını və rolunu” bölüşdürməyə can atır. İ.Corbenadze Qərbin analitiklərinə əsaslanaraq qeyd edir ki, dəyişən geopolitik gerçəkliklər, ABŞ-la münasibətlər və AB-dəki daxili mübahisələr fonunda Almaniya “yeni dostlar” tapmaq və Şərq istiqamətində Avropa (yəni, Almaniya) siyasətini fəallaşdırmaq istəyir.

Doğrudur, istər Gürcüstanda və istərsə də “ermənistanda” Avropa Birliyi, xüsusilə də Almaniya Vaşinqtonun güclü rəqabətinə rast gələcək. Həm də Rusiya faktoru hələ də Cənubi Qafqazda güclüdür.

AZƏRBAYCAN ÜÇÜN NƏTİCƏLƏR

Bəri başdan Azərbaycan rəhbərliyinin iradəsinin alqışa layiq olduğunu bildirməliyik. İşğal edilmiş Azərbaycan torpaqlarına icazəsiz səfər etmiş alman deputatı Albert Vagelin alman kanslerinin səfər komandasından çıxarılmasına nail olmaq — rəsmi Bakının Milli Maraqlarımıza tam cavab verən dünya miqyaslı cəsarətli və ədalətli addımı idi. Doğrudur, sonradan Vagelin özü və Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Ştefen Zaybert bu məsələ ilə bağlı bir qədər mızıldadılar. Amma məhz bununla Bakı Almaniya, yəni Avropa Birliyinin iqtisadi cəhətdən ən güclü ölkəsi timsalında bütün Avropa Birliyinə mesaj verdi ki, bizim sizə ehtiyacımız yoxdur. Bizlə işləmək istəyirsinizsə, bizə hörmət edin! Hörmət etmirsinizsə, gedin, Rusiyanın xüsusi xidmətinin idarə  etdiyi qondarma “Artsax”dakı narkoman mkrtıçlar və alkaş haykanuşlarla özünüzə qaz dəhlizi çəkin!

Məhz buna görə, Rosbalt.ru saytının şərhçisi İrina Corbenadze xüsusi vurğulayır ki, Merkel Gürcüstana və “ermənistana” minnət qoya bilər. Azərbaycan üzərinə “minnət yükləmək” siyasəti isə, keçməyəcək. Çünki Azərbaycanın alternativi və seçimi var; elə Azərbaycan öz bazarına və strateji əməkdaşlıq “masasına” (tikinti, texnologiya, elm və s.)  Yaponiya və ya Cənubi Koreyanı buraxsa, nəinki Almaniyaya, heç Avropa Birliyinə ehtiyacı qalmır.

Həmçinin, bütün şərhçilər qeyd edir ki, alman kanslerinin turnesində prinsipcə Azərbaycan əsas “açar ölkə”  kimi nəzərdən keçirilməlidir.

Vaxtilə, xarici politoloqlar keçmiş fransız prezidenti Nikola Sarkozinin Cənubi Qafqaza qısamüddətli səfərinin  əsas məqsədi kimi Azərbaycanı dəyərlndirirdilər. Doğrudur, sifətindən klounluq yağan Sarkozidən  fərqli Angela Merkel hörmət əlaməti olaraq, protokola uyğun Şəhidlər Xiyabanını ziyarət etdi.

Amma burada da daim bizi — millətçiləri düşündürən bir sual ortaya çıxır: “Niyə Cənubi Qafqaza səyahətləri zamanı Qərbin siyasi xadimləri səfərlərini Tbilisidən, İrəvandan başlayır, sonda isə Bakıya səfər edir və bu zaman Azərbaycanın regionda əsas dövlət olduğunu bildirirlər? Olmazdı ki, elə ilk səfərlərini regionda əsas dövlət olan Azərbaycanın paytaxtı Bakıdan başlasınlar? Tbilisi və İrəvana ilk səfərlər xristian amili ilə bağlı deyilmi?”.

Qarxunlu

“Millətçilik” qəzeti