Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başlayıb.

Bakıxəbər.az xəbər verir ki, bu barədə Türkiyə XİN başçısının rəsmi səhifəsində məlumat yayılıb.

“Şimali Kipr Türk Cümhuriyyəti səfərindən sonra qardaş Azərbaycandayıq”, – məlumatda bildirilib.

Çavuşoğlunu hava limanında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral və Azərbaycan rəsmiləri qarşılayıb.

***

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidləri ziyarət edib.

***

Bakıda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Xarici İşlər Nazirliyinə gəlib. Nazirlikdə onu azərbaycanlı həmkarı Elmar Məmmədyarov qarşılayıb.

Hazırda nazirliyin binasında nazirlərin görüşü keçirilir. Əvvəlcə təkbətək keçirilən görüş daha sonra geniş tərkibdə davam etdiriləcək.

Görüşdən sonra nazirlərin birgə mətbut konfransı baş tutacaq.

***

Xarici işlər nazirlərinin təkbətək görüşü başa çatıb.

Hazırda görüş Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətləri ikitərəfli danışıqlar aparır. Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada iki qardaş ölkə arasındakı əməkdaşlığın qarşıdakı dövrdə daha da güclənəcəyi bildirilib.

***

Hazırda XİN-də nazirlərin mətbuat konfransı keçirilir.

Məlumata görə, E.Məmmədyarov açıqlamasında Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini strateji layihə adlandırıb.

O qeyd edib ki, görüşdə ikitərəfli məsələlər müzakirə olunub:

“Beynəlxalq təşkilatlarda, ilk növbədə Avropa Şurasında əməkdaşlıq müzakirə olunub. Bunun üçün görüşə Səməd Seyidovu dəvət etmişdik”

M.Çavuşoğlu da öz növbəsində səfərdən dolayı şad olduğunu vurğulayıb:

“Biz qardaş, bir millət, iki dövlətik. Amma gözəl ənənələrmiz də var. Bunlardan biri seçkidən sonra ilk səfərlərin qarşılıqlı olaraq bir-birimizin ölkəmizə edilməsidir. Yaxın günlərdə məclis sədrimiz Binəli Yıldırım Bakıya gələcək. Daha sonra Milli müdafiə nazirimiz səfər edəcək”.

O qeyd edib ki, görüşdə ikitərəfli, hətta dörttərəfli əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi müzakirə olunub.