Qazaxıstanın Almatı şəhərində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu”
Beynəlxalq Assosiasiyası  Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.
Tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid
Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Yığıncaqda qeyd olunub ki, 2019-cu ildə konteyner daşımalarının 71% (10,7 min
TEU) artması Xəzər dənizinin limanları üzərindən həyata keçirilən daşımalarda
tarixi rekorddur. Görüş iştirakçıları 2019-cu ilin aprel ayında Aktau və Bakı
limanları arasında yeni fider xidmətinin istifadəyə verilməsinin artımı şərtləndirən
əsas amillərdən biri olduğunu vurğulayıblar. Xəzər dənizində bu xidmətin
göstərilməsi dəmir yolu nəqliyyatının istifadəsinin səmərəliliyini artıraraq,
konteyner qatarlarının çatdırılmasını xeyli sürətləndirib.
Yığıncaqda Birliyin 2019-cu il üzrə fəaliyyətinin nəticələri müzakirə olunub, İdarə
Heyətinin tərkibi təsdiq edilib. “Qazaxıstan Dəmir Yolu” SC-nin sədri Sauat
Mınbayev yenidən Birliyin sədri seçilib.
İclasda "Anaklia Development Consortium” MMC-nin “Beynəlxalq Transxəzər
Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin
assosiativ üzvlüyündən kənarlaşdırılması məsələsinə baxılıb. Çinin “Xi’an
Continental Bridge International Logistics Co. Ltd.” və Qazaxıstanın “Aktau Dəniz
Şimal Terminalı” şirkətləri isə üzvlüyə qəbul edilib.
Tədbirin sonunda müvafiq protokol imzalanıb.