Aprelin 18-19-da Bolqarıstanın Blaqoyevqrad şəhərindəki Neofit Rılski ad. Cənub-Qərb Universitetində “Elmi biliklər — muxtariyyət, asılılıq, müqavimət” adlı Balkan tədqiqatları və balkanşünaslıq üzrə XXVIII Beynəlxalq Dəyirmi Masa (“Scientific knowledge – autonomy, dependence, resistance” XXVIII İnternational Round Table) keçirilmişdir. Elmi seminar Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi çərçivəsində təşkil edilmişdir. Xatırladaq ki, layihənin ümumi koordinatoru Avstriyanın Karl və Frans ad. Qrats Universitetinin Cənub-Şərqi Avropa Tarixi və Antropologiyası kafedrasının müdiri, professor Karl Kayzerdir. Layihənin Azərbaycan üzrə milli koordinatoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiya” şöbəsinin müdiri, t.ü.f.d. Zaur Həsənovdur.

Arxeologiya və Etnoqrafiya İnstitutunun “İctimaiyyətlə əlaqələr” şöbəsindən saytımıza verilən məlumata görə, elmi tədbirin açılış mərasimində Dəyirmi Masanın təşkilatçıları ilə yanaşı Neofit Rılski ad. Cənub-Qərb Universitetinin rektoru professor, doktor Borislav Yurukov tədbir iştirakçılarını salamlamışdır. Beynəlxalq elmi seminarda Avstriya, Bolqarıstan, Gürcüstan, Makedoniya, Rusiya, Ukrayna və Moldovanın müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrinin alimləri elmi məruzələrlə çıxış etmişlər.

Mötəbər beynəlxalq elmi tədbirdə Azərbaycanı AMEA A.Bakıxanov ad. Tarix İnstitutunun “Qafqaz tarixi” şöbəsinin müdiri, t.ü.e.d. İradə Bağırova (məruzə mövzusu: “XX əsrin ikinci oniliyində tarixi təlatümlər və onların Azərbaycanda elmi biliklərin inkişafına təsiri,1914-1917”), İnstitutun aparıcı elmi işçisi, t.ü.f.d. Şamil Rəhmanzadə (“Azərbaycanda epistemoloji qərbləşmə kontekstində gender tədqiqatları”), Arxeologiya və Etnoqrafiya İnstitutunun “İctimaiyyətlə əlaqələr” şöbəsinin müdiri Pərviz Qasımov (“Kommunist rejimində Ezop dili: bolqar alimi Nikola Mavrodinovun bir məqaləsi barədə”) təmsil etmişlər. Azərbaycanlı alimlərin ingilis və rus dilində olan, həmçinin, elektron görüntülərlə müşayət olunan elmi məruzələri beynəlxalq elmi seminarın iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Qeyd edək ki, beynəlxalq elmi seminarda Avropa Komissiyasının göstərilən elmi layihəsi çərçivəsində bir qrup bolqarıstanlı alimlərin Azərbaycan tarixi üzrə apardıqları tədqiqatları ilə bağlı elmi məruzələri dinlənildi. Belə ki,  sosiolinqvistika üzrə dosent, doktor, filoloq Petar Vodeniçarovun “Azərbaycan millətinin mədəniyyət və dil siyasəti”, dosent, doktor, filoloq Marinela Mladenovanın “Birinci Azərbaycan Respublikası və onun Avropa tələbələri. Onların qayıdışının tarixi”, doktor, tarixçi Nuriye Muratovanın sovet dönəmində Bolqarıstanda çalışmış azərbaycanlı alimlərin fəaliyyətini əks etdirən “Siyasi və elmi repressiyalar — türkoloq Hayriye Memova-Süleymanovanın məhkəmə işi” mövzularında çıxışları da böyük marağa səbəb olmuşdur.

Konfrans iştirakçılarına Avropa Komissiyasının qeyd edilən elmi layihəsinin sertifikatları təqdim edilmişdir.

Fotolarda:

1) Beynəlxalq elmi seminarın açılışı

2)  t.ü.e.d. İradə Bağırova

3) t.ü.f.d. Şamil Rəhmanzadə

4) Pərviz Qasımov

5) soldan birinci professor Karl Kayzer

6) doktor Petar Vodeniçarov

7) doktor filoloq Marinela Mladenova

8) doktor Nuriye Muratova

9) Beynəlxalq elmi seminarın bağlanışı