Dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən bildirilib ki, Xidmətin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

22 fevral tarixində, saat 23:30 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndində yerləşən sərhəd zastavasının yaxınlığında 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd etmiş, sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxsin Qəbələ rayon sakini 1996-cı il təvəllüdlü Abbasov Murad Xaləddin oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 74 qram narkotik vasitəyə (3 kiloqram 520 qram “tiryək”, 554 qram “marixuana”, 200 ədəd “metadon-40” həbi) bənzər maddə və 50 qutu “mydrax” adlı dərman preparatları aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bəsdi Beyləqanlı

Abbasov Murad