“Minsk 2019” II Avropa Oyunlarının Belarus Parlamentində təqdimatı olub.

Bakıxəbər.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, mərasimdə parlamentin üzvləri və Katibliyin yuxarı palatasının nümayəndələri iştirak ediblər. Tədbir bədən tərbiyəsi və idmanın inkişafı mövzusunda məlumatlandırma günü çərçivəsində gerçəkləşib.

Təqdimatda II Avropa Oyunları da daxil olmaqla, 2019-cu ildə Minskdə keçiriləcək beynəlxalq yarışlara hazırlıqla bağlı məlumatlar əksini tapıb. Oyunların proqramına salınan idman növləri, yarışların təqvimi və məkanları, iştirakçıların akkreditasiyası, medalların sayı, idmançıların yaşayış və qidalanması, bilet proqramı, Oyunlar dövründə nümayəndə heyətləri və azarkeşlərin ölkəyə vizasız girişi, Oyunlar barədə ölkədə və xaricdə informasiyaların yayılması və digər məsələlərdən danışılıb. Sonda Oyunların Əməliyyat Komitəsinin, eləcə də Belarus İdman və Turizm Nazirliyinin nümayəndələri Respublika Şurası üzvlərinin suallarını cavablandırıb.

Qeyd edək ki, II Avropa Oyunları gələn il 21 – 30 iyunda Minskdəki 12 idman obyektində keçiriləcək. Oyunlarda 50 ölkənin 4000-dən çox idmançısı 15 idman növü üzrə 201 dəst medal uğrunda yarışacaq. 10 növ üzrə yarışlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. I Avropa Oyunları 12 – 26 iyun 2015-ci ildə Bakıda təşkil olunub.