1891-сi ildə rus tədqiqatçısı V.N. Vitevskinin “Vətəninin sadiq xidmətçisi İ.İ.Neplyuyev və 1758-ci ilədək köhnə tərkibi ilə Orenburq vilayəti” adlı əsəri Kazanda rusca nəşr olunur. Bu əsərin ardınca müəllifin eyni ildə ikinci əsəri Kazanda nəşr edilir: “Vətəninin sadiq xidmətçisi İ.İ.Neplyuyev Orenburqun təməlçisi və Orenburq vilayətinin qurucusu”. Hər iki əsərdə başqırd xalqının əsarəti və soyqırımının təşkilində əsas fiqurlardan biri olan rus generalı İ.İ.Neplyuyevin törətdiyi vəhşiliklər qəhrəmanlıq kimi mədh edilirdi.

Əsər Sovet dönəminin ilk illərində hissələrlə başqırd dilinə tərcümə edilir və əsərdə rus imperiyasının başqırdlara qarşı soyqırım siyasəti aşkar göstərilirdi. İlk illərdə sovet hökuməti bu çeşidli əsərlərlə göstərməyə çalışırdı ki, sovet hökuməti də çar Rusiyasının müstəmləkə və imperialist siyasətini ifşa edir və əvəzində “xalqlar qardaşlığı” siyasətini sərgiləyir. Amma artıq 30-cu illərin sonunda bu əsər və onun başqırd dilinə tərcüməsi yasaq edildi. Çünki başqırdların öz tarixinin qanlı səhifəsi barədə məlumatlara yiyələnməsi bolşevik Rusiyası üçün də təhlükəli sayılırdı. Ümumi sovet tarix elmində bu qanlı hadisələr barədə ümumi və qısa məlumatlar verilməyə başladı. Təmamilə Azərbaycanda olduğu kimi, 1918-ci ilin Mart Soyqırımı tarixi ilə bağlı məlumatlarla olduğu kimi…

VİTEVSKİDƏN İQTİBASLAR

“…Rusiyaya Orenburq vilayəti baha başa gəldi… İki yüz il içində rusların, Orenburq vilayətinin əzəli və qədim əhalisi hesab edilən başqırdlarla mübarizəsi davam etdi. Öz xalqına sədaqətli başqırd başçıları: Səit, Kusüm, Seitbay, Rısanbəy, Kusanbay, Asunaqul, Kilmək-Abız, Qolsuz Saban, Yusup, Arıslan, Yunus İzmaylov, Ciyənqul Uskuyev, Qarabaş Uqleyalov, Yaqub Kasişev və digər igid başqırdlar ruslarla mübarizədə həlak oldular: onlardan kimsə müharibədə, digərləri başqırd üsyanları yatırılandaöldürüldü. …1735-1740-cı illərdə, Orenburq vilayətini İ.K.Kirillov, V.N.Tatişev və knyaz V.A.Urusovun idarəçiliyi dövründə, yəni 6 il ərzində döyüşlərdə həlak olmuş və edam edilmiş başqırdların sayı 9438 nəfər idi, 3101 nəfər başqırd sürgün edilmiş, 6309 nəfər başqırd qadın və uşaq rus mülkədarlara paylanaraq zorla ruslaşdırılmış (zorla xristianlığa qəbul etdirilmiş, rus adları verilmiş – P.E.), 17.151 baş at və iri buynuzlu qaramal başqırdların əlindən alınmış və 396 iri başqırd kəndi yandırılmışdır…

… Qəzəblənmiş başqırdlar və onlar tərəfində döyüşən qırğızlar (qazaxlar), qaraqalpaqlar, qalmıklar və d. ruslardan qisas almağa çalışırdılar: Verxnoyaitsk (indiki Verxneuralsk) qalasının hərbi dəstəsini qılıncdan keçirmiş, Bilyarsk, Zainsk, Staroşeşminsk və Menzelinsk boyunca rus kəndlərini yandırmışlar, Kama, Belıy və Samara çayı boyunca rus kəndlərinə talançı hücumlar etmişlər. Mülkədar rus mülklərini, kilsələri yandırır, rus kəndlilərini öldürür, ya da əsir götürərək qul kimi Xivə, Buxaraya satırdılar. Qəzəb o qədər idi ki, ələ keçmiş rus qoca və yeniyetmələri payaya keçirir,.. hətta başqırdlar rus qəbirlərini qazaraq meyitləri qəbiristanlıq və yollara atırdılar…”.

Bu müqavimətə baxmayaraq, ruslardan elmi, texniki və hərbi biliklərdə geri qalmış müsəlman xalqı kimi başqırdların qüvvələri tükənir, əhali qazax çöllərinə çəkilirdi. Digər tərəfdən, rus məmurları yeni siyasətə keçdilər və ruslara “sadiqlik andı” içmiş başqırd xan və tayfa başçılarına əl dəyməyəcəklərini bildirirdilər. Beləliklə, rusların törətdiyi soyqırımdan bu günlərədək öz sayını bərpa edə bilməyən tatarlar kimi başqırdların sağ qalmış hissəsi təslim olmağa başladı.

SONUNCU ÜSYAN

XVIII əsrin əvvəlində Uralda durum tam dəyişdi. Vilayətdə işğalçı ruslar tərəfindən “dağ idarəçiliyi” adlı məmur aparatı yaradıldı. Bu idarənin başına Ural dağ-mədən idarəsinin baş komandiri, “Rus tarixi” əsərinin ilk yaradıcılarından biri, Yekaterinburq şəhərinin təməlini qoymuş Vasili Tatişev gətirildi. Yeni aparatın nəzarətinə Uralın bütün zavod və mədənləri verildi. Nəhəng hərbi sənayesi üçün yerli dəmir suxurlarının istismarı və emalı strukturu qurulmalı idi. Bu vəzifənin öhdəsindən gəlmək üçün V.Tatişevə hər bir səlahiyyət verilmişdi. V.Tatişev dövrünün qabaqcıl rus ziyalısı kimi bu fikirdə idi ki, ərazi qeyri-ruslardan, xüsusilə müsəlmanlardan tam təmizlənməlidir. Müsəlmanların sayı o qədər azaldılmalıdır ki, artıq onlar müqavimət göstərmək gücündə olmasınlar və müqavimət göstərə bilməyən müsəlman əhali, yəni başqırdlar tezliklə ruslaşacaqdılar.

Onun göstərişi ilə hərbi zavodlar üçün torpaqlar zorla başqırd əhalisinin əlindən alınmağa başladı. Bu amansız siyasət 1736-cı ildə böyük başqırd üsyanı ilə nəticələndi. Əvvəlcədən tədbir görmüş V.Tatişev üsyan etmiş kəndlərə rus ordusu və könüllülərindən ibarət cəza dəstələri göndərirdi. Cəza dəstələrinin qarşısına iki məqsəd qoyulmuşdu: 1-cisi, bacardıqca başqırdları məhv etmək, 2-cisi, ruslaşdıraraq sonradan öz soyuna qarşı qoymaq üçün müqavimət göstərə bilmyənləri əsir götürmək. Məsələn, Mançaj adlı başqırd kəndinə hücum etmiş rus cəza dəstəsinin başçısı öz hesabatında yazırdı: “Əsasən 40 nəfər cavan və ortayaşlı başqırd kişisini və 15 qadını öldürdük, ələ keçirə bildiyimiz 10 yaşından başlayaraq 19 gənc oğlanı, 14 cavan qadını və 18 qız uşağını özümüzlə qalaya gətirdik”.

Kəndlərdən ələ keçən bu başqırd əsirlərə zorla xristianlığı qəbul etdirir və bir-birindən ayıraraq qadın və uşaqları rus mülklərinə təhkimli kəndli, faktiki qul hüququnda satırdılar.

KİSƏMBİKƏ BAYRASOVA

Katay vilayətinin Sakaova kəndində əsir alınmış başqırd qadın Kisəmbikə Bayrasova Yekaterinburqa gətirildi və təhkimli kəndli kimi yazıçı və tərcüməçi Kiril Kondratoviçin mülkinə verildi. Kiril Kondratoviç yerli rus idarəçiliyində V.Tatişevin katiblərindən biri idi və onların mülkləri də yaxın yerləşmişdilər. Yerli rus kilsə rahibinin  (protopop) arvadı onu xaça çevirdi və ona yeni rus xristian adı — Katerina verildi. Müsəlman adət-ənənələr, öz dilində danışmaq və öz başqırd adını demək ona yasaq edildi. Bəzi tarixçilərin fikrincə rus cəza dəstələri adətən yaşlı başqırd qadınları öldürür və ya əsir götürmürdülər. Amma rus qala-şəhərlərində aşağı rütbəli rus məmurların evlərində xadimə saxlamağa  imkanları olmadığı üçün cəza dəstələrə müsəlman başqırd kəndlərinə növbəti hücumda yaşlı müsəlman qadınların əsir götürülməsi tapşırılırdı.

Tezliklə Kisəmbikə V.Tatişevin mülkünün təhkimlisi olan cavan bir başqırd qızla danışaraq qaçırlar. Amma bu yaşlı qadın ələ keçir.  Kiril Kondratoviçin mülkünün həyətinin ortasında, digər təhkimli başqırdların gözü qarşısında yaşlı qadını soyundurub şallaqlayırlar. Amma bu cəza onu dayandırmadı.

Əgər ilk qaçışın təşəbbüskarı cavan başqırd qızı idisə, ikinci qaçışı Kisəmbikə özü planlaşdırdı. Onunla birgə “dağ idarəsinin” digər rus katibi İvan Zorinin təhkimli nökəri, həm də “mülki arvadı” olan digər cavan başqırd qadın da qaçdı. Amma bu dəfə də o, ələ keçdi və yenə də şallaqla cəzalandırıldı.

1738-ci ildə Yekaterinburqun meydanında başqırd Toygeldi Julakov diri olaraq tonqalda yandırılır. Onun əsas günahı bu idi ki, zorla xristianlığı qəbul etdikdən sonra belə, gizlicə müsəlman ayinlərini icra edirdi. Onu öz övladlarının gözü qarşısında görk olaraq yandırmışdılar. Lakin işgəncəli ölüm cəzası qarşısında qorxu belə, Kisəmbikəni dayandırmadı. Bu dəfə başqırd qadın İset çayını keçərək, kəndlərdən uzaq gəzərək, doğma Sakaova kəndinə gəlib çıxdı. Burada o, qohumları gildə 5 gün yaşadı. Lakin kənddə ruslara xidmət edən başqırdlardan ehtiyat edərək daha şərqə üz tutdu. Yolda o, ruslara xidmət edən Mandar adlı başqırd başçısının yanında bir ayadək qalır. Kisəmbikənin qaçaq olduğunu bildikdən sonra Mandar ona təslimat kağızı verir və Yekaterinburqa qayıtmağı tövsiyyə edir.

Duvan vilayətinə gedib çıxan Kisəmbikə burada iki gün qardaşı Razgə Bayrasovun evində qalır. Burada onu ruslara xidmət edən yerli başqırd başçısı Mahmud Memedelin həbs edir. Bir neçə gündən sonra konvoy altında onu Yekaterinburqa qaytarır.

Yekaterinburqda zavodların Baş idarəsinin Dəftərxanasında qaçaq başqırd qadın sorğu-suala tutulur. Qaçması barədə danışaraq o, bir neçə faktı gizlədir.Məsələn, Sakaovada ona sığınacaq vermiş qohumları, kənddə oğlu Bekçentayla gizli görüşü barədə danışmır.

Kisəmbikəyə qarşı irəli sürülmüş ittihamda deyilir ki, başqırd çöllərində yaşayaraq, “…o, başqırdlar tərəfdən himayə edilmiş, xristian qanunu ilə deyil, öz qanunu ilə Allaha yalvarıb”. “Sadiq adam” Mandarın verdiyi məktubu cırıb, onu “sadiq adam” Mahmud Memedelinə göstərməyib. 8 fevral 1739-cu il tarixli hökmdə göstərilir ki, “üç qaçışa görə, xristian olaraq yenə də qaçışda müsəlmanlaşdığına görə, yandırılma ilə ölümə məhkum edilsin”.

14 mart tarixində vilayətin generalı Soymonov hökmü təsdiq edərək yazdı ki, “ələ keçmiş başqırd qadını, hansı ki xaça çevrilmişdi və ona Katerina adı verilmişdi, Başqırdıstana üç qaçışa və xrsitian qanununu tərk edərək müsəlmanlaşmasınagörə,digərlərə görk olsun deyə, yandırma ilə ölümə məhkum edilsin” (Sverdlov Vilayətinin Baş Arxivi, F.24, Op. 1, D. 818, səh. 243).

1739-cu il aprelin 30-da Yekaterinburqun meydanında 60 yaşlı başqırd qadın Kisəmbikə diri olaraq tonqalda yandırlır.

(ardı var)

Pərviz Elay

“Millətçilik” qəzeti