(əvvəli ötən saylarımızda)

Sovet hakimiyyətinin qurulması zamanı başqırdların rus çarizmi dövründəki soyqırımdan geri qalmayan, hətta bəzi hallarda daha dəhşətli qırğınları başladı. Başqırd tarixçiləri bu faktları cəzasız qalmış başqırd xalqının qatillərinin cinayət işlərindəki ifadə və etiraflarından toplamışlar.

24 iyul, 1918-ci il. Çelyabinsk bolşevik partiyası Mərkəzi Komitəsinə (MK) Sterlitamak rayon komissarı Akçulpanovun teleqramı: “Sterlitamak uyezdinin dağ rayonlarında qırmızıqvardiyaçılar başqırdları kütləvi öldürürlər. İnsanlar dəhşət içindədirlər…”.

KOMMUNİSTLƏRİN TÖRƏTDİYİ VƏHŞİLİKLƏR

1919-cu ildə Orenburq quberniyasının inqilab komitəsi “başqırd quldur dəstələri ilə mübarizə üçün yerli dəstələr” yaratdı. Dəstələr Qırmızı Ordunun arxa cəbhəsində Preobrajensk (Zilair) rayonunda fəaliyyət göstərirlər. “Onlar tam azğınlaşmışdı. Əks-inqilabla mübarizə əslində başqırdların soyqırımına çevrilmişdi”.

Qırmızı Ordunun Şərq cəbhəsinin Cənub qrupunun komandiri başqırd A.Validov özünün şikayət  məktubunda yazırdı: “…martın 7-də Qırmızı Ordunun Preobrajensk dəstəsi Userqan mahalının sədri Kərimov və Əhmərov və daha 40 nəfər qırmızı orduya yazılmış başqırd əsgəri həbs etdi. Kərimov və Əhmərov işgəncələrdən sonra azad buraxıldılar. Amma qırmızı qvardiyaçı ruslar 40 başqırd əsgərini güllələdilər…. Daha 54 başqırd milisi həbs edilmiş, onlardan 47-si heç bir araşdırma aparılmadan güllələndi… Martın ortasında tanımış başqırd kommunisti A.Atnaqulov və oğlu həbs edilib edam edildilər… Qırmızı ordunun rus əsgərləri tərəfindən başqırd kəndlərinə hücum zamanı başqırd qadınlarının onlar tərəfindən zorlanması barədə çoxlu faktlar var… Ən iyrənc hadisə Bayev kəndində baş verdi, 22 qırmızı ordu əsgəri kənd məktəbinin müəlliməsi Zöhrə İştanovanı günlərlə zorlayırdılar və nəhayət, başqırd qızı bu təhqirlərə dözməyərək intihar etdi… Yerli ziyalıları ilk növbədə öldürürdülər, bu sıradan başqırd şairi Şayexzadə Babiçevin və Abdulxay İrkabayevin qırmızı ordunun Smolensk polku tərəfindən həbs edilib güllələnməsini göstərmək olar…”.

26 iyun 1920-ci ildən sonra başqırdlara qarşı soyğunçuluğun, səbəbsiz qətllərin miqyası böyüyür. Mansırev, Malyutin və Vikman Moskvaya sübut edirdilər ki, Başqırdstandan daha çox taxıl müsadirə etmək olar. Onlar Mosvaya yazırdılar ki, “başqırdlar — əks-inqilabçı qolçomaqdırlar, onlar taxılı hökumətdən gizlədirlər”. Əhalidən talan edilən taxıl və d. malın bir qismi yerlərdə oturmuş Moskvadan göndərilən komissarlar tərəfindən mənimsənilir. Özləri başqırd olaraq komissarlar Şamiqulov və Mansırev “yerlərdə rus hərbçilərinin başqırdlara qarşı əməllərini dəstəkləyirlər, … başqırdların sistematik qırğını siyasəti aparılır”. 1921-cu il iyulun 1-də Başqırd Şura Qurultayının qərarında bildirilirdi ki, sovet hakimiyyətinə qarşı başqırd üsyanları “rus kommunistlərinin özbaşınalığına qarşı özünümüdafiədən başqa bir şey deyil”.

1920-ci ilin oktyabrında Preobrajensk uyezdinin bütün cənub-şərq mahallarını başqırd üsyanları bürümüşdü. Burada kommunistlərin yaratdığı hərbi şuralara F.Alekseyev, Jiqulev və d. qaniçənlər başçılıq edirdilər. Zlataust, Satkin və Verxneuralsk dəstələri tərəfindən Beloretskdə taxılını verməkdən imtina etdiyinə görə həbsdə olan 2000 nəfər başqırd kəndlisi güllələndi. Verxneuralsk və Çelyabinsk dəstələri hər bir başqırd kəndinə daxil olan kimi əhalini qorxutmaq üçün sorğu-sualsız 5-10 nəfəri güllələyirlər. Balapanov kəndində qırmızılara dartı atını verməkdən imtina etdiyi üçün 12 yaşlı başqırd yeniyetməsi güllələnmişdi. Oğlu Başqırd süvari dəstəsində xidmət edən 70 yaşlı bir qocanı “oğlun fərraridir” bəhanəsilə edam etmişdilər… Öldürülən başqırdların meyitlərini basdırmağa qoymurdular. Meyitlər şaxtaya atılır, ya da müsəlmanları təhqir etmək üçün meyitləri kəndin ortasında qurd-quşa yem olması üçün qoyurdular. Basdırmaq istəyən hər bir kəs yerindəcə güllələnirdi.

… Həbs edilmiş başqırdların işgəncə ilə öldürülməsi adi hala çevrilmişdi. Baymak rayonunda 100 nəfər başqırd belə öldürülmüşdü. Bütün Burzyan-Tunqaur mahalı üzrə isə, işgəncələrlə 3000 nəfər başqırd öldürülmüşdü.

Sonradan həbs olunmuş Şura sədri Polenov fəxrlə istintaqda bildirmişdi ki, şəxsən 25 nəfər başqırdı öldürüb. Sənədlərdən göründüyü kimi, qırmızıların azsaylı cəza dəstəsi bir günün içində qarşısına çıxan 70 başqırdı güllələmişdi. Bu dəstələrdən birinin Zlobin soyadlı başçısı hətta kommunist batalyonundan geridə qalıb yolunu azmış başqırd milisionerlərini həbs edib güllələyir. Sonra istintaqa bunları bildirəcəkdi: “Bizə demişdilər ki, bütün başqırdlar quldurdurlar”. 1920-ci ilin ikinci yarısında cənub-şərq mahalları üzrə bir neçə min başqırd öldürülmüşdü.

Perm, Çelyabinsk, Orenburq və Verxneurask quberniya və mahal türmələri başqırdlarla dolu idi. İş o yerə çatmışdı ki, yeni həbs edilmiş başqırdlara türmədə yer çatmadığına görə, əvvəl həbs olunan başqırd dustaqları güllələyirdilər…

Baymak rayonuna əhaliyə divan tutan Rudenko və Polenovun qırmızı-kommunist dəstələri “Başqırdlara ölüm!” şüarı altında kəndlərə girirdilər. Vəhşilik və qırğın aylarla davam edirdi.

İstintaq ifadələrindən: “Polenovun taktikası belə idi: kənd ələ keçiriləndən sonra dərhal 10 qoca kişi güllələnirdi. Qalan kənd əhalisi işgəncələrə, talana və təhqirlərə məruz qalırdı. Amma Kuseyevo kəndində Polenov yaralandı və şikəst oldu. Belə ki, kəndin 12 kişisini çölə çıxarıb, döyməyə və işgəncə verməyə başladılar. Həbs edilmişlərdən biri — kənd müəllimi Alimqulov yanında durmuş rus qırmızı əsgərinin qılıncını ələ keçirib at üstə oturmuş Polenovun üzərinə şığıyır və onun sol əlini biləkdən kəsir. Qırmızı qvardiyaçılar 12 başqırdı qılıncla doğrayırlar. Polenov Verxneuralskdakı hospitala aparılır… Xalqa cəza verənlər əsasən kommunistlər idilər. Başqırd kəndlərində onlar özlərini vəhşi heyvan kimi aparırlar”.

1920-ci ildə Tamyan-Tanqaur rayonunda işləyən Başqırd Mərkəzi İcra Komitəsinin istintaq komissiyası Polenov, Rudenko və Kuroçkinin çoxlu cinayətlərini aşkar etdi. Komissiyanın hesabatında yazılırdı ki, Polenov, Rudenko və Kuroçkin yırtıcı heyvana çevrilmişdilər. Əsirlərə şəxsən işgəncə verir, öz dişləri ilə əsirlərin qulaqlarını, burunlarını qoparırdılar, süngülərlə bədənlərini deşirdilər. V.Polenov barədə hətta qeyd edilirdi ki, öldürülmüş qonşularını basdırmaq istəyən 6 başqırd kəndlisini diri olaraq basdırılması barədə qərar vermişdi.

Həbs edilmiş kommunist cəza dəstələrinin başçlarının törətdikləri cinayətlər cəzasız qaldı. Xalqı aldatmaq üçün onları bir müddət həbs etdilər. Lakin sonra ayrı şəhərlərin türmələrinə köçürmə adı ilə aradan çıxardılar, azad edib, daha yüksək vəzifələrə təyin etdilər.

Belə ki, 1920-ci ilin 17 dekabrında  Verxneuralsk türməsində olan bütün kommunistləri müxtəlif şəhərlərdəki türmələrə yerləşdirib məhkəmə qarşısına çıxardılar. Başqırd Fövqəladə Komissiyasının (ÇK) sədri rus İ.Kaşirin caniləri müdafiə edərək Moskvaya ÇK mərkəzinə vurduğu teleqramda yazırdı: “Bu əmri yerinə yetirən kommunistlərə qarşı ittihamlar — başqırd millətçilərinin uydurmalarıdır”. Bu cinayətləri üzrə Moskvadakı ÇK-nın 11 mart 1921-ci il tarixli qərarı belə idi: “Polenov və d. güllələnmə, qətl, talançılıq və d. cinayətləri sübut olunmur”. Beləliklə, başqırd xalqını soyqırıma məruz qoyan bu yeddi cəllad məsuliyyətdən azad edilir.

“YOTTOK YILI”

Kommunist hökümətinin soyqırımı və talançılıq siyasəti Başqırdstana daha yeni və dəhşətli bəlanı gətirir. Bu, aclıq idi. 1921-1922-ci illəri əhatə edən aclıq hələ 1918-ci ildə ayrı-ayrı rayonlarda başlamışdı. Başqırdlar bu illərə “yottok yılı”, yəni qıtlıq ili deyirlər.

1921-ci ilin fevralında Başqırdıstanda aclıq başladı. Aclıq 2-2,5 milyon insanı əhatə etmişdi. Əsasən dağ ətəyi və meşə-dağ zolağı əhalisi bundan zərər çəkdi. Aclıqdan insanlar itləri, pişikləri, siçanları, qarğaları və d. yeməyə yararsız heyvan və quşları yeyirdilər.

Aclıq, hələ XVIII əsrdə rus işğalından və qırğınlarından sayı minimuma enmiş Orenburq başqırdlarını təmamilə məhv etdi və bu ərazilər bir dəfəlik başqırdlardan “təmizləndi”.

1921-ci ilin iyununda Userqan mahalında aclıq üsyanları başladı, yerli məmurlar və kommunistlər öldürüldü. Bəzi mahallarda hannibalizm (adam əti yemək) faktları qeydə alınmışdı. Müxtəlif öldürücü yolxucu xəstəliklər yayılırdı.

SSRİ-nin Avropa hissəsini bürümüş aclığın qarşısını almaq üçün Moskva “burjua-kapitalist” ölkələrinə müraciət edir. Çox maraqlıdır ki, Başqırdıstan, o cümlədən Rusiyanın Avropa hissəsinin əhalisinin təmamilə aclıqdan məhv olmasının qarşısını ABŞ-dan gələn yardım aldı. Bundan əlavə Çinin və Qacar səltənətindən də (indiki İranın) Başqırdıstana yardım edildi.

Bu dövrdə təqribi hesablamalara görə, aclıqdan bir milyonadək başqırd məhv olmuşdu. Başqırd tarixçisi, professor İrek Akmanova görə, Başqırdıstandakı aclığı bədbəxt hadisə, “bütün Rusiyanı bürümüş bəla” hesab etmək düzgün deyil. Çünki Başqırdıstanda rus kommunistləri məhz başqırdların soyqırım siyasətini aparırdılar və “yottok yılı” bu siyasətin məqsədli davamı idi.

Başqırd tarixçisi Sufiyan Qasımovun fikrincə 1918-1922-ci ildə qırğınlar və aclıq nəticəsində 1,5 milyon başqırd məhv edilmişdi. Stalin dövrü repressiyalarında daha 50 000 başqırd öldürülmüşdü. Tarixçiyə görə bu gün başqırdların Başqırdıstanda milli azlıq olması — məhz çar və kommunist Rusiyasında tarixən aparılan məqsədli və davamlı soyqırımın nəticəsidir.

Mənbə: Касимов С.Ф. Автономия Башкортостана: становление национальной государственности башкирского народа (1917 – 1925 гг.). Уфа, 1997.

SON

Pərviz Elay

“Millətçilik” qəzeti