(əvvəli ötən sayımızda)

1735-1740-cı il Başqırd üsyanı XVII və XVIII əsrlərdəki başqırd üsyanları içində ən böyüyü hesab edilir.

1734-cü ildə başqırd elləri rus ağalığını gücləndirmək üçün əraziyə Orenburq ekspedisiyası adlı Rusiya dövlət aparatının yürüşü barədə xəbər tuturlar. İlkin mərhələdə rus imperiya yürüşü Orenburq şəhərinin tikilməsini, başqırdların əlindən dəmir süxurlarının yerləşdiyi torpaqların alınması, başqırdlar üzərinə ağır vergilər qoyulmasını planlamışdı. Peterburqda girovluqda saxlanılan başqırd ağsaqqalı molla Tokçura Almyakov Noqay mahalının bəyi Kilmək Nuruşeva yazdığı məktubda rusların bu yürüşünün arxasında başqırdların sayının qırğınlarla azaldılması məqsədinin durduğunu bildirirdi. Müasir Ufa şəhərinin Kirov rayonu ərazisində vaxtilə yerləşmiş Qazi məscidi başqırd tayfa başçılarının toplantısının (“yığının”, başqırdca “yıyın”) əsas yeri idi.

1735-ci ilin baharında Qazi məscidinə toplanmış qurultay “azadlığımızı əlimizdən alacaq Orenburq qalasının ruslar tərəfindən inşasının, oraya rus idarə aparatının köçünün qarşısının alınması” barədə qərar çıxarır.

Ufada Kilmek Nuruşevin və Akay Küsümovun bəyliyi altında toplanmış başqırd qüvvələri Orenburq ekspedisiyasının rəhbəri, I Pyotrun yaxını, rus alimi, rus coğrafiyaçısı, tarixçisi və hüquqşünası İ.K.Kirilova öz tələbləri ilə elçi yollayırlar. Dövrünün qabaqcıl rus ziyalısı kimi, İ.Kirilov türk və müsəlman xalqları “heyvanlar” hesab etdiyindən başqırd elçilərinə dəhşətli işgəncələr verərək öldürür. Eyni zamanda da Kirilov rus qoşunlarını Or çayına çıxarır.  Başqırd üsyançıları ilə ilk toqquşmalar baş verir. Rus komandanlığı anlayır ki, başqırd üsyançıları ilə döyüş meydanında bacarmaq mümkün deyil.

Belə olduqda İ.Kirilov “Başqırd işləri üzrə komissiya” yaradır. Qraf, rus diplomatı, general-leytenant A.İ.Rumyantsev komissiyanın başçısı təyin edilir. Komissiyada müzakirələrdən belə nəticə ortaya çıxarılır ki, başqırd üsyanını yatırmaq üçün üsyançıları deyil, bütünlüklə regionu başqırdlardan, yəni, dinc əhalidən təmizləmək lazımdır. Xüsusi olaraq göstərilirdi ki, qadın və uşaqlara amansız divan tutulması “vəhşi müsəlman üsyançılarını sakitləşdirəcək”. A.Rumyantsevin tabeçiliyinə üç ordu hissəsi, 500 rus kazakı və 3000 qalmık muzdlusu verilir. Cəza dəstələrinin ümumi sayı 20 000 nəfərə çatır.

HÖYƏNTÖZ SOYQIRIMI

Başqırdstanın Mirzələr və Balıqçı mahallarında rus qoşunlarına müqavimət güclü idi. 1735-ci ilin dekabrın sonunda Orenburq ekspedisiyasının və komissiyanın üzvü, I Pyotrun türk və fars dili üzrə hərbi tərcüməçisi, xristianlığı qəbul etmiş tatar bəyi Aleksey İvanoviç Tevkelevin (əvvəlki müsəlman-türk adı Qutlu-Mühəmməd) başçılığı ilə cəza dəstəsi Ufadan çıxıb Ay çayına doğru hərəkət edir. Yusup Arıkov və TulkuçuraAllahqulovun rəhbərlik etdiyi başqırd üsyançı dəstələri ərazidəki Balıqçı və Mirzələr mahalının dağ keçidində ruslara hücum etməyi planlaşdırmışdı. Balıqçı mahalının başçısı Çekatın başçılığı ilə 700 nəfərlik dəstə artıq bu ərazidə idi. Ruslara xidmət edən qalmıqlar, mişar və tatarlar başqırdların pusqusu barədə A.İ.Tevkelevə xəbər çatdırırlar. A.Tevkelevə kəşfiyyat xəbərlərindən aydın olur ki, ətrafdakı başqırd kəndlərində döyüşçü kişilər azdır. Ona görə də üsyançı başqırdlarla döyüşdən çəkinərək o, ordusunu yaxınlığdakı Höyəntöz (başqırd ləhcələrində bu kəndə Seyantus da deyilirdi) kəndinə istiqamətləndirir.

Yanvarın 19-da rus cəza dəstəsikəndi mühasirəyə alır. Kənd sakinlərinin bir neçəsinə Tevkelev işgəncə verir. Kişilərin, qadınların və uşaqların bir-birinin gözü qarşısında işgəncələri 5 gün davam edir.  Yanvarın 24-də rus cəza dəstəsinə Tevkelev “ocaqlarını yer üzündən silmək” barədə əmr verir. Soyqırımın iştirakçısı olan rus alimi, coğrafiyaçı və tarixçi P.İ.Rıçkov yazırdı: “min nəfərədək kənd əhalisi arvad və uşaqları ilə birgə güllələndi, draqunların süngülərinə keçirildi, bizə sadiq olan başqırd və meşarlar tərəfindən nizə ilə öldürüldü. Yüz beş nəfəri anbara salıb yandırdıq… Beləliklə, sakinləri, arvadları və balaca uşaqları ilə birgə, bir gecənin içində Seyantus kəndi alov və silahla məhv edildi, onların bütün evləri külə döndü…”

Daha sonra Tevkelevin və polkovnik Martınovun cəza dəstələri Balıqçı, Onlar, Kır-Tanıp mahallarının (hal-hazırda Başqırdıstanın  Aski, Baltaçı və Qaraidel rayonları) daha 51 kəndi yandıraraq 2000 nəfər dinc əhalini məhv etdilər. Ümumilikdə, İ.Kirilovun, mayor B.Ostankovun və A.Rumyantsevin  cəza dəstələri tərəfindən 1735-1736-cı illərdə 500 kənd yandırılmış və 3000 nəfər öldürlümüşdü. İ.Kirilov şəxsən Peterburqa fəxrlə yazırdı ki, “müsəlmanların əsas yığıncağ yeri olan Qazi məscidini yandırmaq barədə əmr verdim”. 1737-ci ildə general L.Soymonovun rəhbərliyi altında 30 iri kənd məhv edilmiş, 900 başqırd öldürülmüşdü. Onun cəza dəstəsi 1740-cı ilin iyun-avqustunda 725 başqırd kəndini yer üzündən sildi.

SOYQIRIMIN YEKUNLARI

Dinc əhalinin qırğını, başqırd təsərüfatının dağıdılması və Başqırdstanın qoşunlarla mühasirəyə alınması öz acı nəticəsini verdi. 1738-ci ildə sonuncu başqırd üsyan başçıları Bepen Toropberdi və Allahəzizqul Kutluq özləri rus qərargahına gələrək silahı yerə qoyacaqları təqdirdə dinc əhali qırğınının dayandırılmasını xahiş etdilər.

Orenburq ekspedisiyasının yeni başçısı V.N.Tatişev Peterburqa yazırdı ki, artıq başqırdlar əvvəlki kimi üsyan edə bilməzlər. “Qazan və Noqay mahalları elə viran edilib ki, orada əvvəlki əhali və təsərrüfatın heç yarısı da qalmayıb…”.

Amma 1739-cu ildə yerli əhalinin siyahıya alınması yeni üsyana təkan verdi. Belə ki, siyahıya alınma ilə bərabər baqırd əhalisi üzərinə ağır vergilər qoyulurdu. Başqırdlara silah gəzdirmək yasaq olunurdu. 1740-cı ilin yanvarında Qarasaqqal kimi tanınan üsyan başçısı özünü Sultangəray adı ilə Başqırdstanın xanı elan edir. Ona tezliklə Allahəzizqul Kutluq və Mandar Qarabayev qoşulurlar. Lakin canlı qüvvə, silah və ərzaq qıtlığı nəticəsində üsyançılar rus ordusunun zərbələri altında dağlıq əraziyə çəkilirlər. Ruslar dağlıq ərazidəki başqırd başçılarını pul və səlahiyyətlər əvəzində öz tərəflərinə çəkməyə nail olurlar. 1740-cı ilin may-iyun ayları ərzində Sultangərayın dəstəsi ruslar və rusların tərəfinə keçmiş “dağ başqırdları” tərəfdən zərbələrə məruz qalır. İyunun 3-də Pavlutskinin ordusu Tobol çayı rayonunda üsyançılara güclü zərbə vurur. Üsyançıların bir qismi yaralı Qarasaqqal ilə birgə Yaik çayını keçib qazax çöllərinə gedir. Dağ və meşələrə çəkilmiş üsyançıların təqib olunması sentyabrın sonuna qədər davam edir.

P.Rıçkovun hesabatına görə, knyaz V.A.Urusov 1740-cı ilin payızında ələ keçmiş əsirlərə divan tutmağa başladı: “Qarasaqqalın 7 nəfər hərbi başçısını qabırğasından qarmaqla, 85 üsyançını boğazından iplə asdı, 21 nəfərin başı kəsilərək görk olsun deyə Orenburq yolu üstə nizələrə taxıldı. Orenburqa göndərilmiş yaralı Allahəzizqul Kutluq yolda aclıq elan etdi və su da içmirdi, ona görə də öldü, onun meyitindən başı kəsildi və Orenburqun mərkəzində nizəyə keçirilib görkə qoyuldu. Sentyabrın 17-də isə, Sakmarskda başqırd üsyançılarının 120 nəfərinin başı kəsildi, 50 nəfəri asıldı, 300-ə qədərinin qulaq və burunları kəsilərək sürgün edildilər”.

ABŞ tarixçisi Alton Stüart Donnelliyə görə, 1735-1740-ci illərdə rusların apardığı planlı qırğınlar nəticəsində başqırdların hər 4 nəfərindən biri məhv edilmişdi. Bu isə, əhalinin 25 faizi deməkdir. Buraya təkcə soyqırım və döyüşlərdə, əsirlikdə öldürülmüşlər daxil deyil, həmçinin, ruslar tərəfindən əsir götürülmüş və Rusiyanın içərilərində rus mülkədarlara qul kimi paylanmış minlərlə başqırd qadın və uşaqlar, sürgünə göndərilmiş 60 000 nəfər də daxildirlər.  Rus soyqırımından qazax çöllərinə qaçmış başqırd el və kəndlərinin əhalisinin sayı isə, naməlumdur. 1755-ci il Batırşa üsyanı da artıq heç nəyi dəyişə bilmədi.

A.S.Donnelliyə görə, Qazan xanlığı tutulduqdan sonra Volqa tatarlarının məhv edilməsi təqribən 100 il çəkdi. Bu dövrdə rus hökmdarlarının başqırdlara münasibəti ayrı idi. Onları hətta hərbi xidmətə çağırır, tatarlara qarşı istifadə edirdi. Məlumdur ki, I Pyotrun İsveç üzərində qələbəsini məhz rus ordusunun tərkibindəki başqırd süvarisinin Stokholma yürüşü təmin etmişdi. Tatarların təmamilə sıradan çıxdığını və əhalinin daha özünü yüz illər boyu bərpa edə bilməyəcəyini görəndən sonra rus hakimiyyəti artıq eyni depopulyasiya siyasətini başqırdlara qarşı başladı. Əsas strateji regionarda (Ufa, Orenburq, Çelyabinsk və d.) başqırdların sayı 0-50% endirildi. Bir qədər dərinliklərdə, Ural dağı ətəklərində isə, başqırdlar yalnız rus ağalığına tabe olaraq canlarını xilas etdilər. Lakin bu başqırdlar durmadan artırdı. Puqaçov üsyanı və Salavat Yulayev hərəkatının yatırılması Ural dağətəyi başqırdlarına ciddi zərbə vursa da, son və ağır zərbə artıq sovetlərin ilk dönəmində rus bolşevikləri tərəfindən oldu: soyqırım və bölgədə süni aclıq yaradaraq.

Mənbələr:

История Башкортостана. Ч 1. Под ред. И. Г. Акманова. Уфа: Китап, 1996.- С.106

Акманов И. Г. Башкирские восстания XVII — начала XVIII вв. — Уфа: Китап, 1998.

(ardı var)

Pərviz Elay