1944-cü ildə sovet ordusu ikinci dəfə (ilk dəfə 1940-cı ildə) Baltikyanı respublikalar olan Estoniya, Litva və Latviyanı təkrar işğal etdikdə uzun müddət davam etmiş (1960-cı illərə qədər) müqavimətlə üzləşir. Öz vətənlərinin müstəqilliyini müdafiə edən baltikalıları «meşə qardaşları» adlandırırdılar.

QISA TARİX

1918-ci ildə rus imperiyasının keçmiş müstəmləkələri olan Litva, Latviya və Estoniya müstəqillik əldə edirlər. Azərbaycandan fərqli olaraq, onlar öz müstəqilliklərini 1940-cı illərə qədər saxlaya bildilər. 1940-cı ildə Sovet İttifaqı bu üç respublikanı işğal edir. Üç respublikanın ordularının şəxsi heyətinin böyük hissəsi meşələrə çəkilərək sovet ordusuna qarşı hücumlara başlayır. Digər hərbçilər isə, könüllülərlə birgə Polşaya və Almaniyaya (Könninqsberqə) keçərək faşist Almaniyasının ordusuna qoşulur.

İLK MÜQAVİMƏT DÖVRÜ

… Qanlı toqquşmalar davam edirdi. İş o yerə çatdı ki, 1941-ci ilin may və iyun aylarında, almanların SSRİ-yə hücumundan bir həftə əvvəl Kreml Baltikyanı ölkələrdəki müqaviməti qırmaq üçün yerli əhalini Sibirə sürgün etməyə başladı. 1941 may-20 iyun ərzində Latviyadan 15 min, Estoniyadan 10 min, Litvadan isə 35 min adam Sibirə deportasiya edilir.

         Amma 22 iyun 1941-ci ildə alman ordusu SSRİ üzərinə hücuma keçdikdə Baltikyanı ölkələrdə rus işğalına qarşı üsyanlar başlayır. Litvada fəaliyyət göstərən hərbçilərin partizan ordusu alman ordularının gəlişinə qədər Kaunas və Vilnüs şəhərlərini rus işğalından azad edir. Qeyd edək ki, bu tarixi faktlar sovet dövründə yasaq edilmişdi.

         Alman işğalı altında olan Baltik dövlətlərdə yeni işğalçılara münasibət birmənalı deyildi. Doğrudur, Litva, Latviya və Estoniyanın sovet işğalına qarşı meşələrdə döyüşmüş hərbçiləri alman ordusuna qarşı çıxış etmirdilər. Belə ki, estonlar və latışlar Hitlerin ordusuna şərt qoymadan daxil olurdular. Amma litvalıların alman işğalçılarına münasibəti soyuq idi. Bunun əsas səbəbləri bunlardır:1. Hitler Baltika dövlətlərinə müstəqillik vermək fikrində deyildi; 2. Hitlerin irqçi nəzəriyyəsinə görə, litvalılar aşağı irq olan slavyanlardan dönmə kimi xarakterizə olunurdu. Alman ordusuna qoşulmuş baltikalılar daha çox yəhudi və kommunistlərə qarşı repressiyalarda və sovet agentlərinə qarşı mübarizədə istifadə edilirdilər. Yalnız 1944-cü ildə hücum edən sovet ordusuna duruş gətirmək üçün Hitler müstəqil Litva ordusunun yaradılmasına razılıq verir.

MİLLİ MÜQAVİMƏTİN İKİNCİ DALĞASI

1944-cü ilin sonu, 1945-ci ilin əvvəlində sovet ordusu Baltik respublikaları yenidən və artıq uzun müddətə (1991-ci ilə qədər) işğal edir. Baltika ölkələrinin hərbçiləri və könüllüləri sovet qoşunlarına qarşı müqavimət göstərmək üçün partizan dəstələri   yaratmağa başlayır. Onlar içərisində ən güclü qruplaşma «Litva Azadlıq Ordusu» (LLA) və sonra 1949-da yaradılmış “Sayüdis” (LLKS) adlanırdı. Bundan sonra da ən güclü, qanlı və qəddar müqavimət məhz litvalı «meşə qardaşları» tərəfindən aparıldı. Belə ki, Estoniyadan və Latviyadan fərqli olaraq Litvada Belorus və Polşa sərhədlərini də öz içinə alan sıx meşələr və keçilməz bataqlıqlar var idi.

«Meşə qardaşları»na yerli əhali tərəfindən güclü dəstək verilirdi. Digər tərəfdən, ABŞ bəyan etmişdi ki, o, Baltikyanı respublikaları heç zaman SSRİ tərkibində tanımayacaq. 1947-ci ilin əvvəllərinə qədər Baltikanın «meşə qardaşları» sovet işğalına qarşı uğurlu əməliyyatlar həyata keçirmişdi. Sovet işğalı altında olan Baltikyanı respublikaların ərazisindəki işğalçı rejimin nümayəndələri öldürülür, sovet ordu qarnizonlarına hücumlar təşkil edilirdi.

1947-ci ilin yanvarında SSRİ Avropadakı hərbi hissələrinin bəzilərini, o cümlədən NKVD qoşunlarını bu əraziyə çəkir. Bir neçə döyüş nəticəsində sovet ordusu və NKVD qoşunları Litva və Latviya müqavimətinin qərargahını məhv edir. Bununla yanaşı, sovet ordusu müqavimət göstərən «meşə qardaşları»nın ailələrinə və hərəkata dəstək verən yerli əhaliyə qarşı qəddar repressiyalar tətbiq edir.

Sistemli və mütəşəkkil sovet ordusu ilə müqayisədə azsaylı, silaha ehtiyacı olan «meşə qardaşları» tab gətirə bilmirlər. Faktiki müqavimət xırda və pərakəndə qruplar formasına keçir.

MÜQAVİMƏTİN ÜÇÜNCÜ MƏRHƏLƏSİ

Bu cür formada fəaliyyət göstərən silahlı müqaviməti qırmaq, məğlub etmək SSRİ-nin güc strukturları üçün çox çətin idi.

Gündüz fəhləlik edən, kolxozda çalışan litvalı, latviyalı və eston «meşə qardaşları» gecə düşən kimi xırda qruplar halında kənd və şəhərlərdə milis işçilərini, partiya və sovet fəallarını, rus köçkünlərini öldürür, sovet hökumət binalarını yandırırdılar.

Sovet hökuməti bu cür forma almış Baltika müqaviməti ilə mübarizədə gücsüzlüyünü dərk edərək dinc əhaliyə qarşı repressiyaları gücləndirdi. 1949-cu ilin sonunda Stalindən göstəriş alan MQB (keçmiş NKVD və gələcək KQB strukturu) eston, litva və latışları kütləvi şəkildə öz vətənlərindən Sibirə köçürməyə başladı. «Meşə qardaşları» arasında üzvləri olan bütöv ailələr yaşadığı yerlərdə (əsasən kənd və qəsəbələrdə) günün günorta çağı küçəyə çıxarılaraq uşaqları ilə birgə güllələnir, evləri yandırılırdı. Meyitlər günlərlə görk kimi küçədə saxlanılır, sovet əsgərləri tərəfindən təhqir edilirdı. Moskvanin yeritdiyi bu soyqırım nəticəsində müqavimət zəifləyir.

1955-ci ildə Litva müqavimət hərəkatı şəhər və kəndlərə belə bir bəyanat göndərir ki, sovet-rus işğalına qarşı silahlı müqavimət dayandırılsın. Çünki, ruslar artıq bu müqaviməti qırmaq üçün Litva millətini soyqırım və kəndbəkənd Sibirə sürgün etməklə yer üzündən silmək siyasətinə keçiblər.

Amma çox maraqlıdır ki, silahlı müqavimət 80-ci illərin əvvəllərinə qədər fərdlər səviyyəsində davam etmişdi.

MÜQAVİMƏTİN DÖRDÜNCÜ MƏRHƏLƏSİ

Tanınmış litvalı partizan Kostas Lüberskis – Jvaynis 1969-cu ildə KQB-nin xüsusi qrupu tərəfindən meşədə həbs edilərkən silahlı müqavimət göstərərək öldürülmüşdü.

1978-ci ildə Estoniyada sonuncu yerli «meşə qardaşı» Auqust Sabbe aşkar edilmişdi. Çox maraqlıdır ki, o, 1950-ci ildən ölümünə kimi balıqçı vətəgəsində yaşayırdı. 69 yaşlı Sabbe 1978-ci ilin avqustunda kimsəsiz bir yerdə rus sovet zabitini ölümcül bıçaqlamışdı. Bir ay sonra onun izinə düşən KQB agentləri ilə atışmada o öldürülür. Müəyyən olunmuşdur ki, Sabbe fəal müqavimət yatırıldıqdan sonra da imkan düşdükcə rus millətindən olan sovet zabitlərini aradan götürürdü.

«Tarzanas» ləqəbli digər litvalı partizan Stasis Quyqa 1986-cı ildə aşkar edildi. Belə ki, o, ömrünün sonlarında sovet hökuməti, kommunist partiyası və rus işğalı əleyhinə, Litva millətçiliyi məzmunlu manifestlər yazırdı. 72 yaşlı bu partizan həmin əlyazma manifestləri gecələr Litvanın müxtəlif şəhərlərində divarlara yapışdırır və küçələrə səpirdi. KQB onu aşkar etdikdə artıq qocaman «meşə qardaşı» öz mənzilində ölüm yatağında idi. Sovet KQB-si Quyqanın ölümünədək, bir neçə ay ərzində onun evini nəzarətdə saxlamışdı.

«Meşə qardaşları» içərisində verdiyi qurbanların və döyüşçü sayına görə ikinci yerdə Latviya gəlirdi. Estonlar isə müqavimət hərəkatında 500 fəal partizan və onlara kömək edən 3 minə yaxın kəndli ilə tanınır. Qeyd edək ki, Litva partizanları ilə mübarizə sovet ordusu 20 min, latışlarla mübarizədə 12 min, estonlarla mübarizədə 1000-dək hərbçisini, o cümlədən MQB əməkdaşlarını, milis işçilərini itirmişdir. Bu mübarizədə ən ciddi ziyan sözsüz ki, Baltika xalqlarına dəymişdir. Faktiki SSRİ bu respublikaların müqavimətini əzmək üçün apardığı qırğın siyasəti ilə ümumi sayı 1,2 milyona yaxın latış, litvalı və estonu öldürdü, Sibirə sürgün etdi və ya vətənlərindən qaçmağa məcbur etmişdi. Hal-hazırda Baltikyanı respublikalarda «meşə qardaşları» və onların yaratdığı təşkilatlar milli qəhrəmanlıq və vətənpərvərlik nümunəsi kimi yad edilir.

Sevda Elay Əsgərova

  “Millətçilik” qəzeti