Görmə imkanları məhdud şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş, xüsusi səs siqnalları ilə təchiz edilmiş işıqforlar Bakının əksər küçə və prospektlərində, əsasən, həmin insanların üz tutduğu sosial obyektlərin yerləşdiyi küçələrdə olacaq.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA ) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

“Hazırda Bakıda görmə imkanları məhdud olan insanların çoxu Nərimanov rayonu ərazisində – Ağa Nematulla küçəsində və o küçəyə paralel digər küçələrdə yaşayırlar. Eyni zamanda metronun “Gənclik” stansiyasına yaxın ərazilərdə, Koroğlu Rəhimov küçəsinin Fətəli Xan Xoyski küçəsi ilə kəsişməsində görmə imkanları məhdud olanlar üçün təhsil müəssəsi yerləşir.  İşıqforlar quraşdırılarkən bu cür yerlərə daha çox üstünlük veriləcək”, – deyə o qeyd edib.

Bundan başqa, BNA rəsmisi qeyd edib ki, işıqforların quraşdırılmasına bu ildən başlanılacaq və növbəti illərdə də bu işlər davam etdiriləcək.