Bakıda dələduzluq və rüşvət vermədə tqəsirləndirilən Tabil Paşayev və Arifə Hacıyevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bakıxəbər.az-ın xəbərinə görə, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu il yanvar ayında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə axtarışda olan 1951-ci il təvəllüdlü T.Paşayev saxlanılıb.

Məlumata görə, T.Paşayev barəsində Nərimanov rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib. Məlum olub ki, T.Paşayev Xəzər rayon Qala qəsəbəsində gizlənib və o, tutularaq istintaqa təhvil verilib. Onunla eyni ittiham üzrə təqsirləndirilən A.Hacıyeva isə Bakıda əvvəllər universitet müəlliməsi olub. Daha əvvəl dələduzluq etdiyi üçün barəsində axtarış qərarı çıxarılıb, sonra polis əməkdaşları tərəfindən saxlanılıb.