Bakıda karantini pozan kafe aşkarlanıb. Bakıxəbər.az xəbərinə görə, iyunun 7-i saat 22:30 radələrində Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri reydlər nəticəsində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Qarabağ” kafesində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edilərək ümumilikdə 10 nəfər şəxs saxlanılıb.

Belə ki, kafenin icarədarı Şuşa şəhər sakini, 1967-ci il təvəllüdlü Sərvət Mürsəlov və digərləri saxlanılaraq 12-ci PŞ-nə gətirilib, video çəkilişlər aparılıb.

S.Mürsəlovun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilib.

12-ci PŞ-nə gətirilən digər 9 nəfər barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək hər biri 200 manat məbləğində cərimə olunub və ümumilikdə 1 800 manat məbləğin tam şəkildə ödənilməsi təmin edilib.